Yuxarı

Mühacir biznesinin "dalğasında boğulanlar”

Mühacir biznesinin

Azərbaycanda qəribə tendensiya yaranıb. Sərhəd buraxılış məntəqəsini adlayan hər 5 nəfərdən az qala 3-ü ölkədə siyasi fəaliyyətinə görə təqib olunduğunu iddia edir, bir anda siyasi müxalifə çevrilir, xaricdə sığınacaq almaq üçün siyasətdən geniş meydan olmadığını görüb özünü bu meydanda sınayır. Söhbət o kəslərdən gedir ki, Azərbaycanda olduqları müddətdə "mən siyasətə qarışmıram” deyərək siyasətin hətta "s” hərfini yaxına buraxmayıblar. İndi onlar gercək olub, saçını meydanlarda ağardanlar yalan. Nədənsə hamısının bəsirət gözü sərhədi adlayandan sonra açılır, başlayırlar ölkədə qalanları mübarizəyə səsləyib hətta bir az da irəli gedərək, inqilab etməməkdə günahlandırmağa. 

Çeşidli səbəblərlə (vətəni sevdiyi, burda ölmək istədiyi, qaçqınlığı özünə yaraşdırmadığı, sadəcə getmək üçün yol pulu tapmadığına görə) burada qalanları ölkəni sevməməkdə, onun gələcəyi üçün çalışmamaqda, hakimiyyəti dəyişməməkdə, aktiv siyasi fəaliyyət göstərməməkdə günahlandırıb özlərindən elə bir siyasi qəhrəman düzəltmək yoluna baş vururlar ki, izləyən bəzən məəttəl qalır. Bunlar nə zaman müxalifət oldu, bunlar hakimiyyətin hansı siyasətinə və harada etiraz etdi, bunlar nəyə görə təqib olundu, bunlar hardan siyasi müxalifə çevrildi?  Bu suallara veriləcək cavabları olmayanda da valın o biri üzünü çevirirlər. Bizim həqiqətən ölkədə yaşam imkanı tükəndiyini görüb gedən keçmiş siyasətçilərə, döyüşçülərə, ictimai fəallara, QHT təmsilçilərinə  deyiləcək sözümüz yoxdur, amma ölkədə yaşadığı müddətdə hər şeyin ən yaxşısına sahiblənib bir anda məhrum olduqları həyatdan çıxış yolunu Vətənə arxa çevirib getməkdə görənlər həqiqi mühacirlərə olan münasibəti də dəyişməyi sanki qarşılarına məqsəd qoyub. 

BİRİNCİ DALĞA: Get, gəz, pul al, qayıt...yenidən get

Deyirlər, indi siyasi mühacir kimi xaricə gedənlərin arasında yeni dalğa yaranıb. Bu dalğa siyasi partiya və təşkilatlardan nəyinsə müqabilində aldıqları arayışla gedənlər yox, birdən -birə avropalı olmaq arzusunda olanlar arasında məşhurdur.  

Deməli, plan belə işləyir: Əvvəlcə buradakı bəzi əşyalarını satıb nəğdə çevirib əsasən Almaniyaya gedirlər, orda bir neçə ay qaldıqdan və pullarını "maklerlərə” yedirtdikdən sonra oturum alana qədər verilən müavinətdən razı qalmırlar və "stop” verib vətənə qayıtmaq arzularını bildirirlər. Məqsəd "stop” verdirən şəxslərə Almaniya hökuməti tərəfindən verilən vəsaiti almaqdır. Bu vəsait şəxsin qaçqın kimi getdiyi torpaqdan asılı olaraq dəyişir və hətta bəzən bir neçə min avroya qədər çatır. Bu vəsaiti alıb geri dönürlər və Azərbaycanda bu pulla müəyyən müddət yaşayırlar. Sonra yenidən Avropaya qayıtmaq niyyətinə düşürlər və onlara elə gəlir ki, Almaniya hökuməti bütün bunlardan xəbərdar olmayacaq dərəcədə axmaqdır.  Beləcə həyatlarını yola verirlər...

İKİNCİ DALĞA: Bir gündə müxalifətçiyə çevril

İkinci qrup getdiyi ökədə oturum almaqda israrlıdır və nə yolla olursa- olsun buna nail olmağa çalışır. Siyasi fəaliyyətlə bağlı arayış alınır, bir-iki nəfərlə ona "mübariz xəsiyyətnamə” verməsi üçün razılaşma olur, əgər özü də adının bir neçə dəfə hansisa aksiyada hallanmasına nail olubsa, mitinqdə polislə "mehribancasına” fotosu varsa, bu da olmasa, heç olmasa Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli dayanan tribunanın yan-yörəsində "selfie” çəkdirməyi ağıl edibsə, "mübarizəsində” bir addım öndədir. Xatırlayın, fəal müfalifətçi xanım olduğunu iddia edən Ləman Talıbovanın "ya pendiri götürməlisən, ya kolbasanı” dediyi məşhur müsahibəsini. Müsavatın növbəti parçalanma ərəfəsində olduğu bir zamanda müsavatçı olduğunu deyən bu xanımın müsahibəsi gündəmə bomba kimi düşmüşdü. Müsavatda saç ağardan üzvlərdən heç biri onu xatırlamırdı, partiyanın Qadınlar Şurası onların belə bir üzvünün olmadığını bildirirdi. Çox keçmədən xaricdə yaşayan jurnalist Elbəyi Həsənli Ləman Talıbova ilə bağlı açıqlamaları ilə  bir çox müəmmalı məqamı aydınlatdı. L.Talıbova ilə bağlı Avropaya sığınmaq üçün istifadə edilən şəxsi əlaqələr daxil bir çox iddialar səsləndirdi və qarşı tərəf buna susmaqla cavab verdi. Bu qalmaqal əslində siyasi mühacir biznesinin üzərinə çəkilən sirr pərdəsini müəyyən qədər aralamaq imkanı verdi və ardınca bu bizneslə məşğul olan şəxslərin adları bir-bir sadalandı. Onlardan biri- Fikrət Hüseynli Ukraynada saxlanıldı və deyilənə görə, həm də məhz siyasi mühacir alveri ilə bağlı məsələnin araşdırılması üçün. Daha sonra Fikrət Hüseynlinin adı keçmiş konsul Nahid Cəfərovun Əli Kərimli və ətrafına yönlik olduqca ciddi ittihamlarında yer aldı. İndi isə Fikrət Hüseynli özünü Saakaşviliyə bənzədərək "xaricdə olan ancaq iki siyasi lider canlı yayına çıxır, biri mən, biri də Saakaşvili” deyərək başını başlara qatır. 

ÜÇÜNCÜ DALĞA: Güdaza gedənlər

Arayış biznesinin güdazına gedib hələ də Avropanın hansısa ölkəsində yaşamaq haqqına sahib ola bilməyənlər isə müxalifətçilik oyununu davam etdirir. Zaman-zaman bu oyunun tərkib hissəsi kim hansısa aksiyaların anonsu verilir. Azərbaycanda dəyişiklik, yaxud siyasi məhbuslara azadlıq şüarları ilə səfirliyin, yaxud alman hökumət orqanlarından birinin qarşısına toplaşan 3-5 adam bir neçə foto çəkdirdikdən sonra dağılışıb müraciətin cavabını gözləməyə başlayır. Maraqlıdır ki, bir dəfə aksiyaya çıxan və ya oun Facebook-da dəstəkləyən şəxsi ikinci aksiyada görmək mümkün olmur. Sanki hamısına birdəfəlik limit verilib, qalıb bu limitdən kimin necə istifadə edəcəyi. Bu dəfə də bir qrup Berlində - Almaniyanın Xarici İşlər Nazirlizinin qarşısında "etiraz aksiyası” kecirməyi planlaşdırıb. Plan əvvəlki kimidir- əvvəlcə Facebook-da elan verilir, təşkilatçıların heç kəsə məlum olmayan adları açıqlanır, dərhal dəstəkləyicilər peyda olur, Azərbaycanın qarasınca xeyli danışdıqdan sonra bu siyasi müxaliflər aksiya gününü gözləyir. Görəsən Almaniya XİN Azərbaycanda siyasi məhbuslarla bağlı bu şəxslərin nə ediklərinə əhəmiyyət verirmi? Yaxud bu aksiyaçılar özləri əllərində tutduqları portretlərin kimə məxsus olduğundan xəbərdardırmı?  Ölkədə olduqları müddətdə indi azadlıq istədikləri bu adamların varlığından belə məlumatlı olublarmı? Cox maraqlı səhnə alınır. Ötən il Bonn, Düsseldorf, Nürnberq, Koln, Münster şəhərlərində oxşar aksiyalar oldu və onlardakı adlardan heç birinin budəfəki aksiyaya aidiyyatı yoxdur. Heç kənardan da olsa, dəstək vermirlər. Görünür, qayda belədir- başqasının meydançasında oynamaq olmaz.  Hər kəs üçün bir dəfə meydan açılır, qalır oyun bacarığına. Əgər yaxşı oynasa, alman hökumətini siyasi müxalifliyinə inandırsa, Azərbaycanda adını belə bilmək istəmədiyi siyasi təşkilat və ya qrupa üzvlük arayışını gözə soxsa, nəticə ala biləcək. 

Azərbaycanda hec bir siyasi partiyaya üzv olmaması bir tərəfə, hətta siyasi fəaliyyəti axmaqlıq hesab edib "başı  balalarına çörək qazanmağa” qarışan bu adamlar hansısa səbəbdən işləri düz gətirməyəndə, bankrota düşəndə, ərindən və ya arvadından ayrılanda, ixtisara salınanda, manat devalvasiyaya uğrayıb qazancı xərcini ödəməyəndə birdən-birə dönüb  siyasi aktiv şəxs olur. Həm də ölkədə yox, aktivlik nədənsə sərhədi keçəndən sonra oyanır. Təbii ki, hər kəsin siyasi mövqeyini bildirmək hüququ var və biz bu hüququ tanıyırıq. Ancaq razılaşın ki, bir günün içində siyasi müxalifə və ya siyasi aktiv şəxsə çevrilmək mümkün deyil. Bunun üçün uzunmüddətli fəaliyyət lazımdır. Heç bir fəaliyyəti olmayanlar pul verdikləri vəkillərin məsləhətilə təşkil etdikləri aksiyaya rəng qatmaq üçün Facebook-da onlara etiraz bildirənləri hətta təhqir etməkdən belə çəkinmir. Ancaq proseslərdən az-çox xəbərdar olanlar bilir ki, bu fəaliyyət əslində qaçqın statusu almaq üçün vəkillərin göstərişinə əsasən sübutların toplanması məqsədi daşıyır. Görəsən, bunu dəqiqliyi ilə öyünən alman hökumətində kimsə bilmirmi? Yoxsa onların da Azərbaycana qarşı danışmaq üçün belə aksiyalara ehtiyacı var? Yəni, bir güllə ilə bir neçə quş. Alman hökuməti Azərbaycana qarşı istifadə edə biləcəyi bir tutqac əldə edir, aksiya təşkilatçıları status almaq üçün bundan yararlanır, vəkillər və arayış alverçiləri pullarını qazanır.  

Kiçik bir araşdırma planın məhz belə işlədiyini ortaya qoyur.  6 fevralda planlaşdırılan aksiyanın əsas simalarına baxaq. Əmirli (Əmirova) Könül Himayət qızı təşkilatçı qismindədir. Deyilənə görə,  Azərbaycandan 2014-cü ildə Almaniyaya gedib, qaçqın statusu almaq üçün müraciətinə imtina  cavabı verilib. Azərbaycana qayıtmamaq üçün özünə siyasi keçmiş hazırlamaq niyyətinə düşüb.  Siyasətlə az-çox tanışlığı olanlar bu şəxsin adının Azərbaycan siyasətində hansı yerdə dayandığını xatırlaya bilmir. Özü də olmayan siyasi fəaliyyətinə görə Azərbaycanda təqib edildiyini  sübut edə bilmədiyinə görə Almaniyada siyasi fəala çevrilmək niyyətinə düşüb. Alman hökumətini inandırmağa çalışacaq ki,  bu aksiyadan sonra onu Azərbaycana qaytarsalar, mütləq təqib ediləcək. Nə fərqi var. Ya əvvəl, ya indi, təqib təqibdir. 

Aksiyanın başqa bir təşkilatçısının bəxti az-çox gətirib. İskəndərova Sevinc İsmi qızı 2015- ci ildə Almaniyaya gedib. Azərbaycanda  Müsavat Partiyasının üzvü olub, Qadınlar Şurasında təmsil olunub, Müsavatda qurultaydan sonrakı parçalanmada Qubad İbadoğlunu dəstəkləyib.  Sonra isə Almaniyaya mühacirət edib. Motiv eynidir- Azərbaycanda təqib edilir. Görəsən, soruşan olmurmu ki, təmsil olunduğu təşkilatın -Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu öz tənqidi fikirlərini ölkədə sərbəst səsləndirdiyi halda sıravi üzv niyə təqib olunsun ki? Sevinc İsgəndərova Azərbaycan hakimiyyəti üçün təqib olunacaq qədər ciddi siyasi fiqur olduğuna kimi inandıra biləcək? Hər halda  eyni təşkilatın üzvləri belə bunan inanmadığı bir zamanda Almaniyadakıların buna inanması çətin görünür. 

Facebook-da aksiyanın təşkilatçılarından biri kimi ən çox fəallıq edən Abdullayev Elşən Adil oğludur. Məlumatlara görə, bu adam Bakıda bank sektorunda işləyib, yəni siyasətdən tamamilə uzaq olub, "əli pulla oynayıb”. Hətta Bakıda bir sıra qanunsuz fəaliyyətdə adı çəkilib. Respublika Prokurorluğunda onun barəsində sənədlərin saxtalaşdırılması faktına görə cinayət işinin istintaq olunduğuna dair məlumatlar var. Adı cinayətdə hallanan bir şəxsin bidən-birə Almaniyada siyasi mühacirə çevrilmək istəyini anlamaq olar, hər halda məsuliyyətdən yaxa qurtarmaq üçün bu, son çıxış yoludur.  

Bir zamanlar Rəsul Quliyev özününküləşdirdiyi milyonlarla okeanın o tayına qaçandan sonra da fəal müxalifətçiyə çevrilib öz qanunsuz əməllərini unutdurmağa çalışdı. İndi də bu fəaliyyətlə məşğuldur. Təbii ki, ranqına görə Rəsul Quliyevi hansısa adı siyasətə məlum belə olmayan bir şəxslə eyniləşdirmək niyyətində deyilik, ancaq görünür, qəhrəmanlıq 10-dur, 9-u qaçmaq, 1-i heç gözə görünməmək məsələsi burada da keçərlidir. Sosial şəbəkədə aksiyanın alovlu təbliğatşılaırndan biri də Fuad Əkbərovdur. Barəsində elə sosial şəbəkə istifadəçilərinin yazdıqlarına baxsaq, görünür ki, siyasətdən tamamilə kənar adamdır. Sumqayıt sakini olan bu şəxsin barəsində yazlanlara inansaq, hətta barəsində dələduzluq maddəsi ilə cinayət işi istintaq edilir. 2015-ci ildə Sumqayıt Şəhər Prokurorlugu haqqında cinayət işi başlayib, daha sonra istintaq aparmaq ucun Sumqayıt Polis İdarəsinin İstintaq İdarəsinə göndərilib. Buna görə də aksiya onun üçün həm də həbsdən qaçış yoludur. Azərbaycana qayıtmaq onun üçün risklidir və bu riskdən qurtulmağın yeganə yolu siyasi müxalifət olduğuna inandırmaqdan keçir. 

Sosial şəbəkələrdə tədbirə dəstək verən şəxslər Rəşad Bağırov, Pərviz Abdullayev, Rəşad Bağırov, Zöhrə Həsən, Elmir Şirəliyev, Rəşad Həsənov, Samir Məmmədov, Ravil Quliyev və başqaları da qaçqın statusu almaq arzusunda olanlardır. Bu adlar sizə nəsə deyirmi? Sıradan statistik bir siyahıdır. Amma bəlkə də əllərində hansısa siyasi partiyanın üzvlüyünə dair arayış, hansısa siyasi fəalla çəkilən foto var. Bəzən bir foto ilə insan öz taleyini həll edir. Etsin, amma bunu edərkən bir anlıq düşünsün- dəyərdimi? 

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları