Yuxarı

Seçki marafonu: 15 partiyadan hələlik ancaq 5 namizəd...

Seçki marafonu: 15 partiyadan hələlik ancaq 5 namizəd...

Aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkiyə hazırlığa artıq start verilib. Ölkədə fəalliyyət göstərən 53 siyasi partiyadan bir qismi seçkidə iştiraka qərar verib, namizədini müəyyənləşdirib.

Cebhe.info xəbər verir ki, namizədini açıqlayan partiyalardan biri hakim Yeni Azərbaycan Partiyasıdır (YAP).

YAP-ın prezident seçkilərində namizədi gözlənildiyi kimi hazırkı prezident İlham Əliyev olacaq. Bununla bağlı Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov açıqlama verib.

Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) da seçkidə iştirak edəcək.

AXCP seçkiyə partiya sədri Razi Nurullayevin namizədliyi ilə gedəcək. AXCP hələ 2016-cı ildə prezident  seçkilərinə  Razi Nurullayevin namizədliyi ilə gedəcəyini açıqlamışdı. Partiyanın Ali Məclisinin fevralın 7-də keçirilən son sessiyasında Razi Nurullayevin namizədliyi irəli sürülüb.

Vətəndaş və İnkişaf Partiyası (VİP)  seçkiyə sədr Əli Əliyevlə gedəcək.

Əli Əliyev Cebhe.info-ya açıqlamasında seçkidə bütün hallarda iştirak edəcəklərini deyib. "Qurultayda həmçinin seçki ilə bağlı səlahiyyətlər partiyanın Ali Məclisinə verilib. Əgər boykotla bağlı hər hansı bir qərar olarsa, o zaman gərək yenidən partiya qurultay çağırsın”,-Ə.Əliyev belə vurğulayıb.

Müsavat Partiyası da seçkilərdə  iştirak etmək niyyətindədir.  

Bu reallaşarsa, namizədi sabiq başqan İsa Qəmbərdir. Partiyadan verilən açıqlamaya görə, növbədənkənar seçki təyin olduğu üçün iştirakla bağlı son qərar Məclisin şənbə günü keçiriləcək iclasında veriləcək.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da növbədənkənar prezident seçkilərinə münasibət bildirərkən namizəd olmaq fikrində olduğunu açıqlayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə seçkidə iştirakı artıq qətidir.

Partiya sədrinin müavini Niyammədin Orduxanlı Cebhe.info-ya açıqlamasında boykotun əleyhinə olduqlarını deyib: "Seçkidə iştirak qətidir. Sadəcə hansı formada iştirak edəcəyik, onun ətrafında məsləhətləşmələr aparılır. Yaxın günlərdə bununla bağlı qərar veriləcək”.

Prezident seçkilərində iştirakını açıqlayan partiyalar sırasında Klassik Xalq Cəbhəsi Partiyası da (KXCP) var idi.

Belə ki, klassiklər sədr Mirmahmud Mirəlioğlunun namizədliyi ilə seçkiyə gedəcəklərini açıqlamışdı. Ancaq seçkilərin növbədənkənar keçirilməsinə qərar verildikdən sonra proseslərdə bir qədər dəyişikliklərin olduğu görünür. Partiya sədrinin müavini Xəzər Teyyublu hazırda müzakirələrin aparıldığını deyib: "Bu elə bir prosesdir ki, təkbaşına qərar vermək doğru deyil. Vəziyyət Azərbaycanın ümumi ictimai-siyasi həyatına uyğun dəyərləndiriləcək. Sonda da təşkilat olaraq qərarımızı verəcəyik”.

AG Partiyanın sədri Tural Abbaslı da seçkidə iştirak edəcəklərini açıqlayıb.

Ədalət  Partiyasının sədri İlyas İsmayılov isə mətbuata açıqlamasında deyib ki, partiyanın prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hələ ki, müzakirələrin aparıldığını, yekun qərarın yaxın günlərdə açıqlanacağını bildirib.

Azərbaycan Liberal Partiyası da hələlik seçki qərarını verməyib. ALP sədri Əvəz Temirxan deyib ki, partiyanın seçkilərdə iştrak edib-etməyəcəyi  hələ məlum deyil.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov mətbuata açıqlamasında seçkidə iştirakla bağlı təmsil etdiyi qurumun hər hansı bir qərarının olmadığını bildirib.

Partiyanın lideri Etibar Məmmədovun namizəd olub-olmayacağı ilə bağlı Cebhe.info-ya açıqlamasında Əli Orucov deyib ki, bu, E.Məmmədovun  verəcəyi qərardır: "Əgər Etibar Məmmədov namizədliyini verəcəksə, partiya olaraq təbii ki, ona  dəstək  olacağıq. Ancaq seçkilərdə iştirakla bağlı hələ dəqiq bir qərar yoxdur”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev prezident seçkilərində namizəd olacaq. Bununla bağlı onun özü açıqlama verib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də seçkilərdə namizəd ola bilər. Ancaq bu haqda partiyanın hələ yekun qərarı yoxdur.

Qeyd edək ki, ötən gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalifət partiyalarının iştirakı ilə prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Toplantıda Ümid, Müsavat, KXCP, ADP, Xalq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Liberal Demokrat, və Aydınlar Partiyası iştirak edib, ancaq yekun qərar verilməyib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat  Araz Əlizadə isə seçkidə iştirakla bağlı partiyada müzakirələr aparılacağını, ancaq bundan sonra namizəd məsələsinin dəqiqləşdiriləcəyini bildirib. Qeyd edək ki, Araz Əlizadə 2013-cü ildə keçirilən prezident seçkilərində namizəd olmuşdu.

2013-cü ilin prezident seçkilərində namizəd olan deputat Zahid Orucun da bu seçkilərdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, 2013-cü il prezident seçkilərində ümumilikdə 20 nəfər namizədliyini irəli sürüb. Onlardan 10 namizədin - İlham Əliyev (YAP), İqbal Ağazadə (Ümid Partiyası), Araz Əlizadə (ASDP), Qüdrət Həsənquliyev (BAXCP), Hafiz Hacıyev (MMP), Zahid Oruc (müstəqil), Fərəc Quliyev (MDHP), İlyas İsmayılov (Ədalət  Partiyası), Cəmil Həsənli (Milli Şura) və Sərdar Cəlaloğlu (ADP) namizədliyi qeydə alınmışdb. Digər 10 nəfərin - Əhməd Oruc (Azadlıq Partiyası), İlqar Məmmədov (müstəqil), Fuad Əliyev (ALDP), Əli Əliyev (VİP), Ərəstun Oruclu (müstəqil), İsmayıl Yusifov (müstəqil), Elşən Həsənov (müstəqil), Qüdrət İsaqov (müstəqil), İlqar Məmmədov (REAL) və Rauf Quliyevin (müstəqil)  namizədliyi  isə qeydə alınmamışdı.

2013-cü il prezident seçkilərində bu və ya digər formada iştirak edən siyasətçilərin 2018-ci il seçkilərində də iştirak etmək ehtimalı yüksəkdir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları