Yuxarı

Son şans: "Uğur hekayəsi”ndə epiloq

Son şans:

Növbədənkənar seçkilər keçən ilin ilk ayından seçkilərə hazırlaşdığını deyən ənənəvi müxalifətdə şok effekti yaratdı. Seçkilərə hazırlıqsız yaxalanan ənənəvi düşərgənin təmsilçiləri ümid edirdilər ki, seçkilər oktyabr ayında keçiriləcək və hazırlaşmaq üçün kifayət qədər vaxt olacaq. Hələ keçən ilin son aylarından seçkilərdə namizəd kimi iştirak edəcəklərini açıqlamışdılar və müxalifətin vahid namizədi olmağa iddialı idilər.

Şübhəsiz ki, bu düşərgənin seçkilərdə vahid namizədi olmağa əsas iddialı təmsilçisi, Azərbaycan parlamentinin keçmiş sədri, ABŞ-da yaşayan Rəsul Quliyev idi. Eks-spiker hələ keçən ilin əvvəllərindən öz iddiasını ortaya qoymuşdu, Azərbaycana gələrək seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlamışdı. Prosesə blok şəklində qatılmağı planlaşdıran Rəsul Quliyev ənənəvi düşərgədə təmsil olunan siyasi qüvvələri tərəfinə çəkmək üçün onlara mütəlif vədlər və təkliflər də etmişdi. Lakin bir sıra səbəblərə görə seçkilərin vaxtının dəyişdirilməsi ənənəvi müxalifətin digər təmsilçiləri kimi Rəsul Quliyevi də məyus etdi. İndiyədək sosial şəbəkələr və mətbuatda özü haqda apardığı təbliğat da özünə qaldı.

Eks-spikerin puç olan ümidləri

Eks-spikerin Azərbaycana qayıdıb seçki hazırlıqlarına başlamaq üçün vaxtı qalmadı. Buradakı ənənəvi müxalifəti təmsil edənlərin belə ölkədə olmalarına rəğmən bacara bilməyəcəkləri bir prosesi eks-spikerin edə biləcəyi onsuz da şübhəli idi. Ona görə də son açıqlamalarının birində bunu etiraf etdi və məlum oldu ki, heç nə alınmadı. Məlumdur ki, İnterpolun axtarışda olan şəxslər siyahısından Rəsul Quiyevin adı çıxarılsa da, Azərbaycanda ona qarşı illər əvvəl açılmış cinayət işi hələ də qüvvədədir. Bu baxımdan, o ümid edirdi ki, oktyabra qədər hansısa yolla Azərbaycana qayıda biləcək, amma seçkilərin iki ay sonraya təyin edilməsi Rəsul Quliyevin bu ümidlərini puç etdi. Özünün də kifayət qədər yaşlı olduğunu və bu ildən prezidentin səlahiyyət müddətinin 7 il olduğunu nəzərə alsaq, 2018-ci il seçkiləri eks-spiker üçün sonuncu şans idi ki, bundan da istifadə edə bilməyəcək. Seçkilərin vaxtının dəyişdirilməsindən sonra mətbuata artıq namizəd kimi yox, seçkiqabağı ölkədə ictimai-siyasi mühiti şərh edən ekspert kimi açıqlamalar verməsi də göstərir ki, Rəsul Quliyev bu dəfə də başqa sözlə desək, sonuncu dəfə öz şanssızlığı ilə barışıb.

Sonuncu şansdan yararlana bilməyən digərləri

Növbəti seçkilər Rəsul Quliyev kimi ənənəvi müxalifətin digər təmsilçiləri üçün də özlərini sübut etmək sonuncu şans idi. 1993-cü ildən - 25 ildir müxalifətdə olan bu şəxslərin də bir neçə il sonra fiziki imkanları siyasi fəaliyyətlərini davam etdirməyə imkan verməyəcək. Lakin həmin şəxslər Rəsul Quliyevdən fərqli olaraq, bu şansdan yararlanmaq üçün bəxtlərini sınamağa çalışacaqlar. Onların seçkilərdə namizəd kimi iştirak etmək üçün şərait baxımından kifayət qədər imkanları olsa da, son illərdəki passiv fəaliyyətləri onlara baha başa gəlib. Bu illər ərzində öz dəstəkləyici elektoratının böyük hissəsini itirməklə yanaşı, uzun illərdir sədrlik etdiyi təşkilatları da parçalanmış vəziyyətdədir.

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2018-ci il prezident seçkilərinin 6 ay əvvəl irəli çəkilməsi, hakimiyyət opponentlərini seytnot vəziyyətinə salıb. Politoloq hesab edir ki, bu qısa müddət ərzində qüvvələri səfərbər etmək, seçki prosedurlarını uğurla başa vurmaq, 23 gün ərzində effektiv seçki kampaniyası aparmaq üçün müxtəlifət partiyaların resursları kifayət qədər deyil: "Eyni zamanda, hakimiyyət opponentlərinin ictimai etimad problemi də var. Təsadüfi deyil ki, ənənəvi müxalifəti təmsil edən bəzi qüvvələr boykot taktikasına üstünlük verəcəklərini açıqlayıblar. Bütün bunların kontekstində 11 aprel prezident seçkilərində ənənəvi müxalifətin yaxşı performans göstərəcəyi az inandırıcıdır. Nəzərə alsaq ki, növbəti prezident seçkiləri 7 ildən sonra baş tutacaq, müxalif liderləri üçün 11 aprel seçkiləri son şans olacaq. Söhbət yalnız yaşla bağlı deyil, indiki müxalif liderlərin "uğur hekayəsi” ötən əsrin 90-cı illərin əvvəllərində bitib və son 25 ildə onlar səbəblərindən asılı olmayaraq yalnız məğlubiyyət tarixi yazıblar.

Bir daha qeyd edim ki, səbəblərindən asılı olmayaraq, onlar hər dəfə seçkilərdə məğlub olublar və vəziyyəti öz xeyirlərinə dəyişə bilməyiblər. Düşünürəm ki, artıq bu cür məğlubiyyət tarixinə imza atan liderlər elektorat üçün o qədər də cəlbedici görünmürlər. Elektorat nəticə tələb edir. Şübhəsiz ki, bu fikirlərlə bağlı onlarla əks arqument söyləmək olar. Bununla belə, ənənəvi müxalif liderlərinin məğlubiyyəti bir faktıdır və cəmiyyət məhz bunun əsasında performans dəyərləndirilməsi aparır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bugünkü gənclik üçün də indki ənənəvi müxalif liderlərin əksəriyyəti sabahın yox, keçmişin əsas siyasi personajlarıdır. Bu baxımdan 11 aprel prezident seçkiləri onların siyasi karyeraları üçün vida mərasimi kimi də qiymətləndirilə bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları