Yuxarı

Milli Şuradan keçmiş "dost”larına” mikrofon jesti”

Milli Şuradan keçmiş

Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Şura ("Yurd” təşkilatından ibarətdir - müəllif.) aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Bu qurumlardan bəzisi seçkini boykot edib, bir qismi isə seçkidə iştirak etməyəcək. Milli Şura nəticələrini əvvəldən tanımadıqları seçkilərlə əlaqədar mitinqlər keçirməyi planlaşdırsa da, Müsavat və digər siyasi qurumların hansı mövqe seçəcəkləri dəqiq deyil.

Görünən budur ki, seçkiləri boykot edən təşkilatlar ayrı-ayrılıqda hərəkət edəcəklər. Hər zaman olduğu kimi "Yurd”la Müsavatın hər hansı danışığı alınmayacaq. Bir neçə gün öncə dedikləri də sadəcə, görüntü üçün və xalqı aldatmaöa yönəlik addım idi. Bu baxımdan, 11 aprel seçkilərinin ənənəvi müxalifətin növbəti məğlubiyyəti kimi yadda qalacağına şübhə yoxdur. Birgə mübarizəyə ənənəvi düşərgənin təmsilçiləri arasında mövcud olan ciddi fikir ayrılıqlarının mane olduğu da şəksizdir.

Şura sədrindən gülüş doğuran çağırış

Milli Şuranın sədri Cəmil Həsənlinin bu düşərgədə soyuq münasibətləri olan opponentlərinə etdiyi müraciət vəziyyətin göründüyündən də artıq kritik olduğunu göstərdi. Şura sədri dedi ki, boykota gedən digər təşkilatlar mitinqlərdə iştirak edə bilərlər, təşkilatçılar həmin qurumların  rəhbərlərinə tribunada çıxış üçün şərait yaradacaqlar. 

Cəmil Həsənlinin bu çağırışı o fikri bir daha təsdiq etdi ki, ənənəvi müxalifət bu seçkilərə də hakimiyyət uğrunda yox, özünü müxalifət kimi göstərmək uğrunda mübarizə kimi baxır. Cəmil Həsənlinin "Yurd” sədri Əli Kərimlinin tapşırığını da yerinə yetirdiyini nəzərə alsaq, hesab etmək olar ki, "müxalifət” deyəndə Əli Kərimli özünü və öz ətrafını nəzərdə tutur və bu cameə daxilində gedən proseslərin özünün diktəsi ilə formalaşdığını diqqətə çatdırmaq istəyir. "İstənilən partiyanın sədrinə söz verə bilərik”, fikri də buna eyhamdır. Bu düşərgədə təmsil olunan hər siyasi təşkilatın özünü ölkənin "əsl müxalifəti” hesab etməsini də bura əlavə etsək, bu fikir ayrılıqlarının və ambisiyaların ənənəvi müxalifəti tamamilə ayrı-ayrı mövqelərə parçalayacağına şübhə yeri qalmır. 

"Bir-birilərini o qədər söyüblər ki, indi birləşməyə üzləri yoxdur”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ənənəvi müxalifətin boykot qərarı, seçki prosesinə elə ciddi təsir göstərməyəcək. Politoloq qeyd edib ki, ən az nəticələr və iqtidarın planlaşdırdığı ssenarinin uğurla tamamlanması baxımından, bu qərar prosesə təsirsiz ötüşəcək: "Gözləmək olardı ki, 2018-ci il prezident seçkilərinin 11 aprelə təyin edilməsi qərarı ilə seytnota düşən ənənəvi müxalifət partiyaları vahid müzakirə müstəvisi formalaşdıraraq, ən az birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparacaqlar. Lakin bir daha aydın oldu ki, fikir ayrılıqları o səviyyədədir ki, normal kommunikasiya qurulması belə problematikdir. Görünən budur ki, ənənəvi müxalif düşərgədə "əsas müxalif təşkilat” statusu uğrunda mübarizə hələ də davam edir. Üsullar dəyişib, məzmun isə eyni qalıb. Artıq bir müddət əvvəl olduğu kimi açıq ittiham və təhqirlər müşahidə olunmasa da bu, zahiri dəyişiklikdir. Fikir ayrılığı, qarşılıqlı etimadın olmaması və keçmişdəki ittihamlar az-çox dayanıqlı və strateji müttəfiqliyin bərqərar olmasını mümkünsüz edir. Bu baxımdan, 11 aprel prezident seçkilərindən sonra rəqabətin daha da güclənəcəyini və bunun ən yaxın seçkilərədək - 2020-ci il parlament seçkilərinə qədər davam edəcəyini gözləmək olar”.

Zaur İbrahimlinin sözlərinə görə, qarşıdakı 3 il ərzində "daha güclü müxalif təşkilat hansıdır?” - sualına cavab vermək üçün mübarizə aparılacaq: "Ümumiyyətlə, ənənəvi müxalif partiyaların rəhbərliyində təmsil olunan şəxslərin bir-birilərinə olan ifrat mənfi münasibəti, çox uğursuz tərəfdaşlıq təcrübələri strateji ittifaqların qurulmasını mümkünsüz edir. Bu rəhbərlər öz postlarında qaldıqca, parçalanma daha da artacaq. Seçkilər olsun, yaxud olmasın, əslində indiki müxalif liderlər üçün alyanslar yaradılması perspektivindən bu az önəm kəsb edir. Faktiki olaraq, hazırda ənənəvi müxalif cinahın siyasi rəhbərləri heç bir halda strateji müttəfiqlik baxımından bir araya çətin ki, gələ bilsinlər. Yaxın keçmişdə o qədər ağır ittihamlar səslənib, o qədər inamsızlıq var ki, ifrat şübhə mühiti yaranıb və belə şərtlərdə dayanıqlı birlik modelinin formalaşması ağılabatan görünmür”.

Mənsur





Həftənin ən çox oxunanları