Yuxarı

"Elçibəydən heç nə öyrənmədiniz"

"Kitab yandırmaq, yazıçını, şairi kitab yandırmaqla təhdid etmək barbarlıqdır. Anar da, Çingiz Abdullayev də özləri bilər nə istəyirlər, necə istəyirlər, bu da öz işləridir. Amma fikrinə görə adamlara qarşı hücum etmək, "biz deyəni deməsən kitablarını yandıracağıq"la təhdid etmək demokratiya deyil. Bu düşüncə heç avtoritarlıq, diktatorluq da deyil, reketçilikdir. Özü də bazar reketçiliyi. "Məndən qorxmalısan və mənim düşündüyümü deməlisən". 

Cebhe.info xəbər verir ki, bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib. 

Baş redaktor bildirib ki, Rusiyanın meyvə-tərəvəz bazarlarına nəzarət edən reketlər kimi düşünmək olmaz:

"Milli Şuranın başbilənləri! O 3-4 nəfər gənci də pis düşüncənizlə tərbiyə etməyin. 

Reallıqdır ki, bu adamların gücləri sözə çatanda fikir reketçiliyi edirlər, sabah başqa imkanlara sahib olsalar, faşistlik yaparlar. Cəmiyyətin bəlası məhz bundadır. 

Kimsə iddia etmir ki, o yazıçılar, şairlər aydan arı, sudan durudur. Anarı da, Çingiz Abdullayevi də ən sərt şəkildə tənqid etmək,  fikirlərini bölüşməmək, əsərlərini oxumamaq olar. İnsanlara demək olar ki, onların əsərlərini oxumayın, kitablarını almayın, onların kitablarından sizə fayda gəlməyəcək. Amma təhdid etmək nə deməkdir? "Kitablarını yandırın" demək nədir? Bu adamlar pis-yaxşı cəmiyyətə, dünyaya çıxara bildiyimiz ziyalılardır. Nəyimiz var budur! 

Bax, sizin faciəniz başqa yerdədir. Elçibəydən heç nə öyrənmədiniz, öyrənə bilmədiniz. Elçibəy Anarı da, Sabir Əhmədlini də, Çingiz Adbullayevi də, Ramiz Rövşəni də, Fikrət Qocanı da, Rüstəm Behrudini də başqa gözdə görürdü. Onlara ziyalı kimi baxırdı, siyasətçi kimi yox. Onların tərəf olmasını istəmirdi, onlar tərəf olanda da tərəf kimi görmürdü,  tərəf olduqlarına görə qiymətləndirmirdi. Siz isə az qala əlinizdəki qaşığa da yemək predmeti kimi yox, siyasət maşası kimi baxırsınız..."

Cebhe.info





Həftənin ən çox oxunanları