Yuxarı

Hərəkatçılardan Elçibəy yoluna sadiqlik

Hərəkatçılardan Elçibəy yoluna sadiqlik

Seçkidə Razi Nurullayevin namizədliyi dəstəklənəcək

AXCP-nin ətrafında böyük dəstək elektoratı yaranır

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə 2 aydan da az vaxt qalır. Aprel ayının 11-də baş tutacaq seçkilərdə iştirak üçün namizədlərin sənəd qəbulu davam edir. Artıq seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı 15-ə çatıb. Sənədləri qəbul edilən namizədlər imzatoplama kampaniyasına başlayıblar. Qeyd edək ki, seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət mart ayının 12-də başa çatacaq. Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

Seçkilərdə iştirak edəcək namizədlər

Sənədləri MSK tərəfindən qəbul edilmiş namizədlər arasında hazırkı prezident İlham Əliyev (Yeni Azərbaycan Partiyası), Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev, deputat Qüdrət Həsənquliyev, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, deputat Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov (Cəlaloğlu) və digər şəxslər var.

Ənənəvi müxalifətin baş tutmayan boykot cəhdi

Məlum olduğu kimi, prezident seçkiləri oktyabr ayında keçiriləcəkdi. Lakin bir sıra amilləri nəzərə alan prezident İlham Əliyev növbədənkənar prezident seçkiləri elan edərək, seçki tarixini dəyişdirdi. Növbədənkənar seçkilər elan edilməmişdən əvvəl ənənəvi müxalifət və yeni siyasi qüvvələri təmsil edən bir sıra siyasi partiyalar seçkilərə qatılacaqlarını bildirmişdilər. Aralarında Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), "Yurd” və Milli Şura olan bu siyasi təşkilatlar seçkilərin növbədənkənar sistemdə keçirilməsi qərarı verildikdən sonra öz iddialarından geri çəkilərək, boykot qərarına getdilər. Bundan sonra yeni müxalifətin, yaxud yenilənmiş siyasi qüvvələrin də ənənəvi düşərgənin qərarını dəstəkləyəcəyi gözlənilirdi. Lakin Müsavat və "Yurd”un yaratmaq istədiyi tendensiya baş tutmadı. Əksinə, özləri müxalifət və cəmiyyətin sərt reaksiyası ilə qarşılandılar. Yəni, özləri zərbə altında qaldılar. Seçkilərə qatılacağını elan edən müxalifət partiyaları isə mübarizəni davam etdirməkdə israrlıdır. Artıq bir neçə gündən sonra keçiriləcək seçkilərdə iştirak edəcək partiyaların namizədləri də məlumdur.

Hərəkatçıların namizədi

Bəllidir ki, müxalifətin də iştirak edəcəyi seçkilər baş tutacaq. Bu məqamda da prosesdə iştirak edən müxalifət partiyalarından hansının namizədinin potensial müxalifət, yaxud keçmiş hərəkatçılar tərəfindən dəstəklənəcəyi ilə bağlıdır. Əldə etdiyimiz məlumatlar artıq bununla bağlı yaranmış suallara da aydınlıq gətirib. Geniş çevrədə açıq formada bildirilməsə də, hərəkatçıların seçkilərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevi dəstəkləyəcəkləri dəqiqləşməyə başlayıb. Nəzərə alsaq ki, hərəkat lideri Əbülfəz Elçibəyin vəfatından sonra ilk dəfədir ki, AXCP seçkilərə öz namizədi ilə qatılır, bu baxımdan belə bir dəstəyin olacağı əvvəldən gözlənilirdi. Şübhəsiz ki, hərəkatçıların Razi Nurullayevin namizədliyini dəstəkləmələri təsadüfi deyil. Bunun bir sıra səbəbləri var.

İlk növbədə, AXCP seçkilərə Elçibəy ideologiyası qatılan yeganə siyasi partiyadır. Bu partiyanın namizədi Razi Nurullayev də günümüzün müxalifətində Elçibəy ideyalarının yeganə daşıyıcılarındandır. Üstəgəl, Əli Kərimli dönəmindən sonra ilk dəfə olaraq AXCP seçkilərə qatılır və aktiv formada Elçibəy ideyaları ilə siyasət meydanına qayıdır. Bir tərəfdən də hakimiyyətin yanlış sosial-iqtisadi siyasətini, Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı siyasətini ən sərt formada tənqid edən də AXCP və Razi Nurullayevdir. Son 3 ildə ölkədə hökm sürən böhranın və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri aktiv formada gündəmə gətirərək, hakimiyyətə öz təkliflərini verən AXCP öz ətrafında böyük dəstəkləyici elektorat kütləsi yarada bilib.

Mənsur





Həftənin ən çox oxunanları