Yuxarı

AXCP sədri Razi Nurullayev hərəkatçılarla görüşdü

AXCP sədri Razi Nurullayev hərəkatçılarla görüşdü

AXCP sədri Razi Nurullayev hərəkatçılarla görüşdü

Razi Nurullayev: "Ancaq dialoqla, təkliflər verməklə,konstruktiv yolla hakimiyyətə təsir etmək mümkündür”

Nəsir Ağayev: "Mən eşitməmişəm ki, demokratik ölkələrdə seçkini boykot etsinlər. Seçkidə iştirak etmək lazımdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Razi Nurullayev martın 1-də Buzovnada Milli Azadlıq Hərəkatının öncül simalarından və Əbülfəz Elçibəyin silahdaşlarından biri, Bakı və Kəndlər Birliyinin qurucusu Nəsir Ağayevlə görüş keçirib. Görüşdə ölkədə baş verən ictimai-siyasi proseslər və qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub.

"İstəyirik ki, ölkədə inkişaf təkamül yolu ilə getsin”

AXCP sədri Razi Nurullayev ölkədə dəyişikliyin dinc üsullarla, demokratik yolla həyata keçirilməsinə tərəfdar olduğunu deyib: "Biz dəyişikliyinin inqilabla olmasını istəmirik. Deyirik ki, ölkədə inkişaf təkamül yolu ilə getsin. Əgər biz inqilab, iğtişaş istəyiriksə, onda gərək başqa yollara əl ataq. Amma hər  kəs deyir ki, demokratik dəyişikliklər olsun.

Demokratik dəyişikliyin isə başqa yolu yoxdur. Bunun iki yolu var. Birincisi, seçki yoludur. İkincisi, o yoldur ki, xalq ayağa qalxır,  tətillərə başlayır və hökumət də görür ki, ölkəni idarə edə bilmir, istefaya gedir. Bunun da əlamətləri xalqda yoxdur və olmayacaq da. Yəni, biz güc müstəvisində hakimiyyətə nə edə bilərik ki? Ancaq dialoqla, təkliflər verməklə, konstruktiv yolla hakimiyyətə təsir etmək mümkündür. Koalisiya yaratmaqla, hakimiyyətin müəyyən qollarında təmsil olunmaqla bunu etmək olar. Hakimiyyət hiss etməlidir ki, Razi Nurullayevdən onlara təhlükə gəlmir. Digər yol isə seçkidir. Nə bilmək olar, bəlkə xalq 11 apreldə deyəcək ki, seçkiyə gəlirəm, səsimi verirəm və arxasında da dururam.

Bəlkə hakimiyyət özü deyəcək ki, azad-demokratik seçki keçirmək istəyirəm? İndi biz bu seçkilərdə iştirak etməyək, gözləyək ki, 2025-ci il gəlsin?”

"Seçki 6 ay sonra olsaydı,nə dəyişəcəkdi?”

AXCP sədri deyib ki, seçkilərin payızda aprelə çəkilməsi də müxalifətə problem yaratmamalıdır: "Seçkinin qabağa çəkilməsində nə problem var ki? Əslində bu mənim üçün heç bir problem yaratmadı. Ona görə ki, 2013-cü ildə müxalifətin keçirdiyi görüşlərdə mən də iştirak edirdim. Orda deyirdilər ki, biz 2018-ci ilə kimi bu hakimiyyətə  tab gətirə bilmərik. İqtidardan istefa,  ya da  erkən seçki  tələb edirdilər. İsrarla deyirdilər ki, seçkini qabağa çəkin. Çəkdilər də seçkini qabağa, niyə iştirak etməyək ki? Guya 6 ay sonra keçirilsəydi, nəsə dəyişəcəkdi? Siz düşünürsüz ki, nəsə dəyişiklik ola bilərdi?”

"Yaxın Şərqdə başverənlər Azərbaycan üçün təhlükə vəd edir”

Nəsir Ağayev isə öz növbəsində seçkiləri boykot etməyin tərəfdarı olmadığını deyib: "Ümumiyyətlə, siyasi fəaliyyət öz zirvəsini prezident seçkilərində tapır. Prezident seçkilərinə olan münasibət ən ali siyasi fəaliyyətdir. Mən eşitməmişəm ki, hansısa Avropa ölkəsində və ya bizə yaxın ölkələrdə seçkini boykot etsinlər, müxalifət seçkiyə getməmək təşəbbüsündə olsun. Yəqin ki, bunun da bir sıra "Azərbaycansayağı” səbəbləri var. Bu səbəb də ancaq uğursuzluq, inanmamaq, aldanmaq ola bilər. Bu məmləkətdə o qədər olub ki, səs verənlər, səs almaq istəyənlər bir-birini aldadıblar. Belə çıxır ki, səs istəyənlər səsi aldadıb alırlar. Buna görə də bu millət deyir ki, seçkiyə getmirəm. Həm də xalq verdiyi səsi müdafiə edən gücü görmür. Buna görə də bütün zamanlarda, hətta kommunistlər dövründə də xalq seçkidə passiv olub. Azərbaycan dünyadan ayrı deyil. Dünyanın içində olan bir dövlətdir. İqtisadi, dini, siyasi və son dönəmlər yaranan hərbi vəziyyət də Azərbaycan üçün təhlükə vəd edir. Rusiyanın, ABŞ-ın, Türkiyənin və digər dünya güclərinin Yaxın Şərqdə apardığı hərbi əməliyyatlar Azərbaycandan yan keçməyəcək”.

"Yerli istehsal yoxdur, xaricdən asılıyıq”

N.Ağayev namizədlərin öz seçki platformasında iqtisadi problemlərin qabardılmasının vacibliyini vurğulayıb: "Bu gün Azərbaycanda ən qabarıq görünən iqtisadi problemlərdir. Biz nə qədər ki, haqqı şəxsimizə görə müəyyənləşdirik, nahaq oluruq. Biz haqqı xalqa görə müəyyənləşdirməliyik. Azərbaycanda demək olar ki, daxili bazar yoxdur. Azərbaycanda yerli istehsal yoxdur, xaricdən asılıdır. Nə qədər ki, bu yoxdur, milli dövlətçilik təhlükə altındadır. Onun iqtisadiyyatı böhrana düçar ola bilər. Ona görə də Azərbaycan ilk növbədə yerli burjuaziyanı və daxili bazarı qurmalıdır”.

"Bu, 1988-ci ildə sovet tanklarının qarşısınaçıxan xalqdır, dəyişməyib”

AXCP sədri Razi Nurullayev seçkiqabağı təşviqat kampaniyası zamanı diqqət yetirəcəyi məsələlərdən danışıb: "Dövlət yoxdursa, millət də, xalq da, ölkə də yoxdur. Dövlət olmasa, vətəndaşını qoruyan bir üstqurum qalmayacaq. Mən istəyirəm dövlət inkişaf eləsin. Dövlət böyüsün və fundament üzərində dayansın. Azərbaycan xalqı isə dövlət və hökuməti səhv salır. Hökumət ayrı, dövlət ayrı anlayışdır. Biz dövləti yaratsaq, onu inkişaf etdirə bilsək, qanunun tələblərinə uyğun olaraq seçiki olacaq və ən əsası xalqın iradəsi qalib gələcək. Dövlət olan yerdə, artıq bizim danışdığımız problemlər olmayacaq. O dövlətin formalaşması üçün siyasi mədəniyyət lazımdır. Hazırda isə Azərbaycanda siyasi mədəniyyət sıfır vəziyyətindədir və bunun da inkişafına yol verilmir. Bunun əsas səbəbkarlarından biri də ənənəvi müxalifətdir.

Bir şeyi başa düşmək lazımdır ki, artıq dövr dəyişib, siyasət gəncləşib və onlar daha dünyəvi düşünürlər. O, insanlara köhnə taktika ilə nəsə əmr edə bilməzsən. Sən onlara deyə bilməzsən ki, mən  sənin haqqını müdafiə edirəm, sən niyə mitinqlərə gəlmirsən? Bu gün Əli Kərimli də, Milli Şura da və digər siyasi qurumlar da deyir ki, xalq mitinqə ciddi dəstək vermədi. Biz isə xalqın haqqını müdafiə edirik və xalqa istədiyi həyatı verə bilərik. Xalq niyə gəlmir ki? Bu,1988-ci ildə sovet  tanklarının qarşısına çıxan xalqdır. Xalq həmin xalqdır, dəyişməyib. Könüllü Qarabağa gedib döyüşən, şəhid olan bu xalqın övladlarıdır. 4 günlük aprel döyüşlərində xalq yenə də ayağa qalxdı. Xalqın hərbçiyə, əsgərə münasibəti dəyişmişdi. Hər kəs əsgəri, zabiti  gedəcəyi yerə maşınla aparırdı, restoranlar, marketlər  hərbçidən pul almırdı. Xalqın indi mitinqə gəlməməsinin səbəbi isə ənənəvi müxalifətə inanmamasıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları