Yuxarı

Əli Kərimlinin mitinq qərarı: "Mən də varam”a biçilən qiymət

Əli Kərimlinin mitinq qərarı:

Xəbər verdiyimiz kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərini boykot edən Milli Şura və "Yurd” təşkilatı ənənəvi müxalifətin birgə mitinqlərinin təşkil edilməsi barədə qərar qəbul edib.Artıq mitinq təşkilatçısı olan təşkilat seçkilərdə iştirak etməyən bir sıra siyasi partiya və qurumlara müraciət ünvanlayıb.

"Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsini zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və Respublikaçı Alternativ (REAL) hərəkatına müraciət edir”, - deyə Milli Şuranın bəyanatında bildirilir.

Müsavat "hə” desə də...

Müsavat Partiyası əvvəlki qərarlarına uyğun olaraq birgə mitinq təklifini müsbət qiymətləndirib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, Milli Şura və Müsavat üzvlərinin mitinqin keçirilməsi ilə əlaqədar imzaladığı sənəd Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək.Lakin Müsavatın seçkili qurumlarının bununla bağlı xüsusi açıqlaması yoxdur.Ona görə də son anda hansı qərarın veriləcəyi hələ bilinmir.

REAL tərəddüd edir

REAL Hərəkatına müraciət edilən gün bu təşkilatdan məsələnin müzakirə ediləcəyi bildirilsə də, sözügedən qurumun icra katibi Natiq Cəfərli mətbuata açıqlamasında dolayı yolla şuranın təklifini müsbət qarşılamadıqlarını diqqətə çatdırıb. N.Cəfərli mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayır. REAL rəsmisi həmçinin bildirib ki, prezident seçkiləri öncəsi mitinqlərin keçirilməsi hökumətə arqument verəcək: "Bu mitinqlər sərbəst toplaşmaq hüququnun tam təmin olunduğu görüntüsünü yaradacaq. Yəni, bunun bir çox mənfi cəhətləri var. Bu, mənim şəxsi fikrimdir.Real Hərəkatında qərarlar kollektiv şəkildə verilir.Milli Şuranın birgə mitinqlərin keçirilməsi ilə bağlı təklifini müzakirə edəcəyik.Müzakirələr zamanı məsələnin mənfi və ya müsbət tərəfləri, mövcud təhlükələr müzakirə olunacaq”.

Hesablanmış imitasiya

Hələlik görünən budur ki, Milli Şura mitinqə REAL Hərəkatının iştirakı olmadan gedəcək.Müsavatın müraciətə müsbət cavab verməsinə gəlincə, bu, sırf ictimai rəyə hesablanmış addımdır.Yəni, mübarizə yerinə boykot qərarı verməsinə qarşı cəmiyyətin və müxalifətin sərt reaksiyası ilə qarşılaması Müsavatı birgə mitinqə "hə” deməyə vadar edib.Partiyasını seçkidə iştirak etməməyə razı salan başqan Arif Hacılının özü cəmiyyət tərəfindən boykot edildi.

Milli Şura və "Yurd” təşkilatının qərarı da cəmiyyətin kəskin etirazına səbəb olub. Hazırda mitinqlərə hazırlaşmaq yerinə ictimai qınaqlardan yayınmaq üçün kənara çəkilməyə üstünlük verən ənənəvi müxalifət təmsilçilərinin bu fonda etiraz aksiyaları ilə hansısa nəticəyə nail olacaqları inandırıcı görünmür. Hesab etmək olar ki, bu mitinqlər boykot qərarı ilə özlərinə qarşı baş qaldıran etirazlardan yayınmaq məqsədi daşıyır və imitasiya xarakterlidir.Üstəgəl, seçkilərə sayılı günlər qalıb və qısa zaman ərzində bu mitinqlərlə seçkilərdə seçicilərin iştirakını azaltmaq, seçkinin baş tutmasının qarşısını almaq mümkün deyil.Bunun üçün mitinqlərə daha əvvəl başlamaq lazım idi, yəni seçki haqqında qərar qəbul ediləndən.Seçkinin elanından isə uzun müddət keçib və görünən budur ki, Şura rəhbərliyi mitinq tarixini bu qədər gecikdirməklə öz oyununu qarşıya qoyulmuş tapşırığa uyğun formada oynamaqda qərarlıdır.

Niyə digər partiyalara müraciət edilmədi?

Milli Şuranın mitinqlərinin hakimiyyətin də işinə yaradığına şübhə yoxdur. Bunu başqa cür - açıq formada ifadə etsək, mitinqlərin hakimiyyət və Əli Kərimlinin sadəcə bir  oyunu olduğuna şübhə yoxdur. Əlbəttə, diqqəti ölkədə seçki atmosferini qızışdırmaq yerinə, prosesdən yayındırmaq üçün boykotçu təşkilatlın imitasiya xarakterli oyunlarına yönəltmək daha məqsədəuyğundur.Üstəgəl, boykota gedən təşkilatlara kütləvi mitinqlərə rahat şərait yaratmaqla, kənar təzyiqlərdən də yayınmaq bu məqsədə xidmət edəcək.Digər tərəfdən mitinq oyunu siyasi meydanda durğunluq dönəmini yaşayan Milli Şura və Əli Kərimli üçün həm də özlərini göstərmək fürsətidir.Müsavat da bu fürsətdən istifadə edib seçkidə iştirak etməmək qərarından sonra özünə qarşı yönəlmiş kəskin qınaqlardan yayınmaq niyyətindədir.Hesab etmək olar ki, aksiyalarda iştirak edəcək partiyaların hər biri bundan öz məqsədləri üçün istifadə edəcək.Ümumiyyətlə, bu təşəbbüsün elə şəxsi maraqlara xidmət etdiyinə də şübhə yoxdur. Çünki Əli Kərimli, yaxud Milli Şuranın əsas iddiası bu mitinqlərlə seçkiləri boykot edib hakimiyyəti daha demokratik seçkilər keçirməyə məcbur etməkdirsə, o zaman Müsavatla yanaşı, seçkilərdə iştirak etməyəcək ADR Hərəkatı, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və digər siyasi təşkilatlara da müraciətlər oluna bilərdi. Amma bu olmadı.Deməli, Əli Kərimlinin məqsədi hansısa prosesin başlnaması, yaxud genişləndirilməsi deyil. Sadəcə, şəxsi istəyini bu dəfə Milli Şura və "Yurd”un birliyi ilə həll edə bilməyəcəyini hiss etdiyindən, Müsavat və REAL-ı da prosesə qoşmaq və daha böyük görünmək istəyir.

Mənsur





Həftənin ən çox oxunanları