Yuxarı

Xalq Hərəkatından Razi Nurullayevə dəstək

Xalq Hərəkatından Razi Nurullayevə dəstək

 "Razi Nurullayevin tutduğu dəsti-xətti bəyənirəm və çox istərdim ki, o, istədiklərini həyata keçirə bilsin”

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, mərhum AXCP sədri Əbülfəz Elçibəyin silahdaşı Nəsir Ağayev 11 aprel prezident seçkiləri ilə bağlı xalqa müraciət edib. N.Ağayev bütün milli-demokratik qüvvələri seçkidə iştiraka çağırıb: 

"Demokratik ölkələrdə seçkini boykot etmirlər. Azərbaycan düz 20 ildən artıqdır ki, bu demokratik yolda gedir və hər 5 ildən bir də seçkilər keçirilir. Seçki xalq tərəfindən aparılmalıdır. Xalqın seçkilərdə iştirakı, siyasi aktivliyi məmləkətin aktivliyidir. Ona görə də siyasi aktivlik nə qədər çox olarsa, seçki bir o qədər obyektiv ola bilər. Yəni, seçkinin olması zəruri haldır. Bu xalqın siyasi yetkinliyində rol oynayan ən ali siyasi aksiyadır. Bunu neytrallaşdırmaq, boykot etmək bir növ xalqın zəif olan siyasi aktivliyini bir qədər də aşağı salmaq deməkdir”. 

"Seçkilərə ciddi yanaşmalıyıq”

Nəsir Ağayev hesab edir ki, seçkilərdə namizədlər fərqli olmalıdır? "Amma biz görürük ki, namizədlərin əksəriyyəti ənənəvi müxalifəti təmsil edir. Bunlar da nəyə görə ənənəvidir, əvvəlcədən müəyyənləşib. Bu isə xalqın ziyanınadır. Namizədlərin hər dəfə seçkilərdə eyni simalarda iştirak etməsi bir qədər narahatlıq doğurur. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan dünyanın çox kiçik bir hissəsidir. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına hələ ki Bakı nefti ilə çıxır. Digər məsələlərdə onun dünya bazarlarına çıxması vaxt tələb edir. Ona görə də biz bu seçkilərə ciddi yanaşmalıyıq. Onu da nəzərə almalıyıq ki, dünyanın bir parçası olan Azərbaycan hər tərəfdə gərginlik mövcud olan bir şəraitdə, yəni 2018-ci ildə aprel ayının 11-də seçkiyə gedirsə, ətrafa baxanda onun nə dərəcədə məsuliyyətli, gərəkli olduğu önə gəlir”.

"Qisasçılığı siyasətə çevirmək olmaz”

Regionda baş verənlərin Azərbaycana təsir edəcəyini xatırladan Nəsir Ağayev deyib ki, belə bir mərhələdə siyasi aktivliyi artırmaq lazımdır: 

"Yəni, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycana təsirsiz qala bilməz. Bu seçkilərdə siyasi aktivliyi ən yüksək mərhələyə çatdırmaq lazımdır. Seçki kampaniyasında namizədlərdən çox şey asılıdır. Yəni, namizədlər əgər öz şəxsi mübarizələri və qisasçılıq niyyətlərini millətin mənafeyindən üstün tuturlarsa, bu seçkilər xalqa ancaq ziyan gətirə bilər. Çox təəssüf ki, elə namizədlər var, onlar qisasçılığı siyasətə çevirirlər. Bu isə millətə, ən əsası isə Azərbaycana heç nə gətirməyəcək”. 

"Siyasi qisasçılıq dövlətçiliyə zərbə vurur”

Nəsir Ağayevin fikrincə, Azərbaycanın siyasi həyatında özünü göstərən qisasçılıq zərərli bir haldır: 

"Bu kimi zərərli meyillər, düşüncələr dövlətçiliyə, idarəçiliyə, iqtisadiyyata və mədəniyyətə ciddi zərbə vurub. Bunun ən ağır nəticəsi tarixdə istənilən halda özünü göstərir. Bayaq qeyd etdiyim kimi Yaxın Şərqdə baş verənlərdən kənarda qala bilmərik. Azərbaycanın gələcəyi hətta o hadisələrə münasibətdən keçir. Belə bir mürəkkəb şəraitdə Azərbaycanda siyasət necə addımlaya bilər və siyasi kursu necə aparmaq olar? Bu siyasi kursu hansı mənbələrə söykənərək icra etmək olar? İraqda, Suriyada, Türkiyədə, İranda, Misirdə, Tunisdə, Liviyada baş verən proseslər Azərbaycanın da taleyində rol oynaya bilərdi. Əgər bu baş verərsə, biz nə edə bilərik? Passiv və ya aktiv mövqe ilə nəyə nail olarıq? Azərbaycan istər-istəməz siyasi, iqtisadi, psixoloji və hərbi vəziyyətə hazır olmalıdır. Onun bu istiqamətdə doktrinaları olmalıdır. Vətəndaş cəmiyyəti demək asandır. Amma vətəndaş cəmiyyətinin inkişafı ciddi məsələdir. Vətəndaş cəmiyyətinin inkişafı dedikdə burada idarəçiliyin bütün komponentləri nəzərə alınır. Xüsusilə də prezidentliyə namizədlərin televiziyada çıxışları və bütövlükdə təşviqat kampaniyası çox ciddi siyasi aksiyadır. Bu siyasi aksiyanı söndürmək olmaz. Əgər hər hansı sürətlə gedən bir qatarı birdən dayandırsan, o, böyük fəsad törədə bilər. Siyasətdə də belə hallar var. Prezident seçkiləri, prezident seçkilərinə qədər olan dövr və s... "

Nəsir Ağayev prezidentliyə namizəd, AXCP sədri Razi Nurullayevin düşüncə tərzindən razı qaldığını vurğulayıb: 

"Mən Razi Nurullayevlə görüşəndə bu gəncin düşüncə tərzi ilə maraqlandım. Yəqin o da mənim barəmdə maraqlanıb. İstərdim ki, Azərbaycanın ictimai siyasi həyatında belə gənclər çox olsun, nəinki bir-birini söyən, bir-birinə qarşı çıxan, bir-birini təhqir edən, alçaldan, şantaj edənlər... Bu seçki kampaniyası xalqa nə verə bilər? Onlar Azərbaycanın iqtisadi, siyasi böhrandan çıxması üçün tutarlı, real fikirlər söyləməlidirlər, xalq ayıla bilsin, xalqı düşündürə bilsinlər... Bunlar əksinə, xalqa və seçkilərə nifrət oyadırlar. Buna görə də seçkiləri boykot etmək deyil, seçkilərdə daha fəal iştirak etmək lazımdır. Bu mənada mən Razi Nurullayevin tutduğu dəsti-xətti bəyənirəm və çox istərdim ki, o, istədiklərini həyata keçirə bilsin. Əgər prezident seçkilərində iştirak edib, seçilməsə belə, qoy onu seçilən prezident qəbul etsin və düşüncələrindən xalqın xeyrinə, dövlətin idarəçiliyində istifadə etsin. Yəni, bu, o demək deyil ki, adam bu fikri səsləndirdisə, mütləq ki, prezident olanda icra etməlidir. O fikirlər ümumilli sərvətdir. O adam əgər 20 il təhsil alıbsa, onun əldə etdiyi nəzəriyyə xalqına məxsusdur. İnsanlar ideyaları ilə, düşüncələri ilə seçilirlər və millətə nə dərəcədə aid olduqlarını müəyyənləşdirirlər. Eləsi var ancaq ailəsinə, eləsi var ki, həyat yoldaşına, biri məhəlləsinə aiddir. Adam da var ki, yalnız məmləkətinə və böyük dünyaya aiddir. Azərbaycanın əhalisi İstanbulun yarısı qədərdir. İstanbul bələdiyyəsinin sədri Azərbaycanı asanlıqla idarə edə bilər. Bizim məmləkətimiz həm kiçikdir, həm də böyükdür. Böyükdür - ona görə ki, təbii sərvətləri var. Bu təbii sərvətlərlə 50 milyonluq əhalini idarə etmək olar. Azərbaycanın nələri yoxdur? Balığı, qara kürüsü, yeraltı sərvəti, qızılı, dəmiri, misi, qazı, pambığı, çayı və üstəgəl, neftini xüsusi qeyd etmək lazımdır. Bütün bunlarda millətin payı var. Amma millət onu hiss etmir. Təqaüdçülər, müəllimlər, həkimlər onu hiss etmir. Bunları hiss etdirmək üçün reallığa söykənən siyasət lazımdır. Dövləti millətə tabe etmək lazımdır. O zaman bu millət dövlətinin tam keşiyində dayanacaq. Eyni zamanda da mən mövcud hakimiyyətə olan münasibətimdə də fərqli ziddiyyət görmürəm. Azərbaycanı silkələməkdənsə, siyasi mübarizə meydanına çevirməkdənsə, reallıqla hesablaşmaq lazımdır. Yəni dünyada baş verən hadisələrdən ölkəmizi ayırsaq, biz Azərbaycan tarixini qanla sulamış olarıq. Bu, ona bənzəyir ki, bir stəkan suda təlatüm, fırtına yaradırıq. Azərbaycan kiçik ölkədir. Burada məsuliyyət hissi, ciddilik, qətiyyət liderin ən böyük xüsusiyyətidir. Mən elə bilirəm ki, Razi Nurullayev xarici dillərdən ən aparıcı dillər olan ingilis və fransız dillərini bilir. Ümumilikdə isə siyasi, tarixi düşüncəyə geniş surətdə malikdir. Çox hallarda müəyyən dövlətlərin səfirləri ilə diplomatik görüşlərin həm təşkilində, həm də gedişində iştirak edib. Demək ki, müəyyən qədər formalaşıb. Onu millətin xeyrinə yönəltmək lazımdır, fərdlərin yox... Bu onun fərdi xüsusiyyətləridir. Bu o zaman millətin xeyrinə olacaq ki, dövlət qurumlarında Razı bəyin düşüncəsindən istifadə ediləcək. Ya özü, ya da mövcud hakimiyyət... Heç nəyi özbaşına qoymaq olmaz. Bizə həyat bir dəfə verilir, ona görə də bu həyatı dəyərləndirmək lazımdır. Eləcə də Azərbaycanın müstəqiliyində xidməti olan kişilərə, xanımlara dəyər verməyin vaxtı çoxdan çatıb. Hazırda mövcud dövlətimiz nədənsə gecikir”. 

Qeyd edək ki, bir müddət öncə namizədliyi "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Buzovnada Nəsir Ağayevlə görüşüb, seçkilərlə bağlı fikir mübadiləsi etmişdi.

Alçina





Həftənin ən çox oxunanları