Yuxarı

Siyasi acizliyi boykotla ört-basdır edənlər

Siyasi acizliyi boykotla ört-basdır edənlər

"İllərdir ənənəvi və radikal müxalifət ölkədə anormal siyasi mübarizə yolu ilə insanları siyasətdən diksindirib.Hay- küylü, iğtişaşlı mitinqlərdə zavallı, kasıb, məzlum insanları alət və qalxan kimi istifadə edərək sonda onların vəziyyətinin daha da ağırlaşmasına, həbs olunmalarına, hakimiyyət tərəfindən təqib olunmalarına səbəbkar olublar”.Bunu "Cümhuriyət” qəzetinə AXCP sədrinin dini məsələlər üzrə müavini Tural İrfan deyib.

O bildirib ki, Milli Şura adını verdikləri, əslində bu adı da hörmətdən saldıqları qurumda xalqın taleyi deyil, şəxsi maraqlar, şəxsi intriqalar müzakirə olundu:

"Bu qurumu idarə edənlər sonda xalqa müsbət heç nə verə bilmədilər. Daha yeni şura adlandırmağa ad da qurtardı, ancaq əli kərimlilərin, cəmil həsənlilərin eyni məzmunlu, yorucu, üzücü, həyata keçməyən vədləri və çıxışları bitmədi.Bu gün ölkədəki narazı elektoratın öz siyasi oyunları və ikrahverici çabaları ilə yeniliyə inamsızlaşdırıb ruhdan salan məhz bu "simalar" oldu.Xalqın müxalif təbəqəsini parçaladılar, yordular, mitinqlərdə həbs etdirdilər, təqibə məruz qoydular, nəhayət elə etdilər ki, mitinqlərinə daha heç kəs çıxmaq istəmir.Nə qədər aldatmaq olar?Nə qədər çağırıb məyus etmək olar?Köhnə təfəkkürlə, eyni məzmunlu çıxışlarla, hamının bildiyi və narazı olduğu məsələləri təkrar-təkrar dilə gətirməklə, ancaq heç bir nəticəyə nail olmayaraq illərlə xalqın zəhləsini nə qədər tökmək olar? Ən dəhşətlisi isə odur ki, bolşeviklər və radikal dindarlar kimi özlərindən olmayan hər bir müxalif cəbhəni qarayaxma ilə "satqın", "saxta", guya hakimiyyətin təsirinə düşmüş kimi təqdim etməklə hər kəsi özlərindən uzaqlaşdırıb, ancaq özlərini doğru sayırlar. Fərqli düşünən, sivil mübarizə yolu seçən, ortaya real təkliflər qoyan, nəticə tələb edən müxalifəti isə şərləməklə məşğuldurlar. Sovet kommunistlərisayaq geri təfəkkürlülüklə 20 il əvvəl dediklərini bu gün də təkrarlayaraq addım-addım geriyə gedirlər. Özlərini ifşa etməklə insanları da siyasətdən diksindirirlər.Sanki xalq da bunlar kimi düşünürmüş kimi davranırlar. Xalqın ümumi rəyi, mövqeyi nəzərə alınmadan seçkini boykot etmək də buna misal ola bilər. Problemlərinə bir həll yolu tapmadıqları insanları quru vədlərlə aldadıb mitinqə çağırıb özlərinə qalxan tutmaq, onların olan ümidlərini də məhv etmək xalqa ən böyük xəyanətdir.Qışqır-bağırdan, daş atmaqdan, polislə tutaşmaqdan, yaxasını cırmaqdan, sonda da həbsdən başqa yol bilməyənlər müxalifətin yalnız bunlardan ibarət olduğunu sırıyırlar. Doğru yolda olmuş olsalar belə, illərdir bu yollarda nəyə nail olublar? Əksinə, onlar ətraflarına yığdığı insanların təqibinə, ziyanına səbəb olublar”.

"Xalq belələrinin yanında bir gün də dayanmaz”

 Tural İrfanın qənaətincə, artıq müxalifət öz mübarizə metodunu müəyyənləşdirib:

"Bu xalqın ənənəsinə, rəyinə uyğun bir yol olmalıdır. Ənənəvi müxalifət xalqı öz şəxsi rəyinə deyil, öz rəyini xalqın mövqeyinə uyğun qurmalıdır.Xalqın narazı təbəqəsinin inamını illərdir qazana bilməyən ənənəviçilər yenə də xalqın rəyini düşünmədən seçkidə baykot yolunu tutdular.Ona görə də xalq heç zaman onlara rəğbət göstərmədi.Xalqın onlardan diksinib üz döndərməsi də onların bu cür radikal, anormal, qərəzli olmalarına gətirib çıxardı.Öz səhvlərindən nəticə çıxarmayan kreslolarına əbədi yapışmış "qayım-qədim" liderlər kor tutduğunu buraxmayan kimi yenə də öz bildiklərini edirlər.

Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası yenidən formalaşdığı son bir neçə ildə məhz həmin səhvlərdən nəticə çıxararaq onların təkrarına yol verməməklə, yeniliyə qucaq açdı.Partiya xalqla təmasa üstünlük verməklə, təkliflər irəli sürməklə fərqləndi, irəli çıxdı, inkişaf etdi və bu gün də seçkiyə öz namizədi Razi Nurullayevlə gedir.İnkişaf edən, sivilləşən, modernləşən dünyadan kam almayan ənənəvi müxalifət isə didişə-didişə, ona-buna çamur atmaqla geri addımlayır.Öz məğlubiyyətini, acizliyini seçkidən qaçmaqla ört-basdır etməyə cəhd edir.Xalqın adından istifadə edərək illərdir xalqa heç bir töhfə verməmək, sonda da xalqı ayaqlanmamaqda günahlandırmaq, qəzəb-kin püskürmək məgər siyasətdirmi?Əlbəttə, belələrinin yanında bir gün də xalq dayanmaz, onlara etibar etməz.AXCP-nin Razi Nurullayevin sədr seçilməsindən sonrakı dönəmindəki inkişafı ölkədə normal müxalifətin bariz nümunəsini ortaya qoydu. Xalqla mütəmadi təmas, bölgələrdə görüşlər, ictimai-siyasi verilişlər, saysız-hesabsız təkliflərin irəli sürülməsi partiyanın yeni və dinamik strukturunun təşkili, əhalinin problemlərinin həllinin davamlı tələbi, Dağlıq Qarabağ probleminin həlli üçün Vahid Qərar Şurasının yaranması təklifi, Quran Evlərinin, Beynəlxalq İslam Universitetinin yaradılması təklifi kimi çoxsaylı töhfələr səbəb oldu. Qeyd edim ki, AXCP-nin təkliflərinin bir sırası icra edilib, bəzilərinin də qəbul olunması haqda cavablar alınıb.Quran Evlərinin yaranması təklifi məqbul sayılıb, İlahiyyat İnstitutu isə artıq yaradılır”.

"AXCP sədri kasıb təbəqəyə dəyər verir”

O qeyd edib ki, partiya yekdil rəylə Razi Nurullayevin prezidentliyə namizdliyini irəli sürüb:

"Razi Nurullayevin vəkillərinin içində "Qul bazarı" deyilən fəhlə bazarından üç nəfərin olması, AXCP sədrinin kasıb təbəqəyə, əzilənlərə verdiyi dəyərin, sayğının və diqqətin bir nümunəsidir. Xalqın içindən gələn lider ancaq belə davrana bilər.Yüksək tribunalardan təhqir hayqırmaq bizlərə yaddır.Xalqımız da hər zaman onu sayanı sayıbdır.Ona görə də ölkədə xalqımızın zövqünə, istəyinə, baxışlarına uyğun müxalifətin nümunəsini yaratmış siyasi lider Razi Nurullayevə qarşı rəğbət artmaqdadır.Ümidvarıq ki, qarşıdan gələn seçkidə partiyamızın iştirakı ilə hər bir halda xalqımızın problemlərinin həllinə, müsbət dəyişikliyə, yeniliyə qapı açacaqdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları