Yuxarı

Seçki yarışı: Qeydə alınan 7 namizəd və gözləmədə olan 7 namizədliyə namizəd: Kimlərdir?

Seçki yarışı: Qeydə alınan  7 namizəd və gözləmədə olan 7 namizədliyə namizəd: Kimlərdir?

11 aprel prezident seçkilərində iştirak etmək istəyən namizədlərin artıq bir neçəsi rəsmən qeydə alınıb.

Cebhe.info xəbər verir ki, ilk olaraq hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülən  İlham Əliyev rəsmən qeydə alınıb.

1. İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, həmin ilin oktyabrından isə Azərbaycan Respublikasının prezidentidir. Həmçinin, 2005-ci ildən hakim partiyanın sədridir. 57 yaşı var. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası  (MSK) İlham Əliyevin namizədliyi fevralın 27-də  qeydə alıb.

2. Namizədliyi MSK tərəfindən rəsmən qeydə alınan namizədlərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, namizədliyi "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş  Razi Nurullayevdir. Qeyd edək ki, R.Nurullayev prezident seçkilərində iştirak edəcəyini 2015-ci ilin dekabr ayında elan edib. 47 yaşlı siyasətçi 2005-2010-cu illərdə parlament seçkilərində namizəd olub. R.Nurullayevin namizədliyi MSK tərəfindən martn 10-da qeydə alınıb.

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) prezidentliyə namizəd Qüdrət Həsənquliyevin də namizədliyi martın 7-də qeydə alınıb. Q.Həsənquliyev bu günə qədər 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində namizəd olub. 53 yaşı var. Hazırda Milli Məclisin deputatıdır.

4. Öz təşəbbüsü ilə prezidentliyə namizəd olan deputat Zahid Orucun da martın 7-də namizədliyi rəsmən qeydə alınıb. 46 yaşlı deputat 2013-cü prezident seçkilərində də namizəd olub.

5. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin də namizədliyi MSK tərəfindən martın 7-də . ASDP -nin sədri olan Araz Əlizadə 2013-cü il prezident seçkilərində də namizəd olub. Hazırda 67 yaşı var və Milli Məclisin deputatıdır.

6. Prezident seçkilərində namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin də namizədliyi martın10-da  MSK tərəfindən rəsmən qeydə alınıb. F.Quliyev 2013-cü il prezident seçkilərində də namizəd olub və seçicilərdən  0.87 faiz səs alıb. 56 yaşlı siyasətçi hazırda Milli Məclisin deputatıdır.

7. Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyevin namizədliyi də martın 10-da rəsmən təsdiqlənib. Hafiz Hacıyev 2003-cü il prezident seçkilərində iştirak edib və xalqdan 0,3% səs qazanıb. 2008-ci il prezidenti seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0.64% -ni (23.771 səs) toplayıb. 62 yaşı var.

Qeyd edək ki, prezident seçkilərində namizədliyini irəli sürmüş Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev namizədliyini geri götürüb.

Digər namizədliyə iddialılar- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, AG Partiyanın sədri Tural Abbaslı, "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri” şirkətinin rəhbəri Anar Umudov, Asif Məmmədov, Ramazan Bəkirov (sonuncu iki şəxs öz təşəbbüsləri ilə namizəd olublar və haqlarında heç bir məlumat yoxdur – müəll.) haqqında isə MSK hələ yekun qərarını verməyib.

Xatırladaq  ki, qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları