Yuxarı

Azərbaycanda seçki yarışı: Kimlər sona qədər gedəcək?

Azərbaycanda seçki yarışı: Kimlər sona qədər gedəcək?

Mərkəzi Seçki Komissiyası (MSK) 11 aprel prezident seçkilərində namizədliyini irəli sürmüş 15 nəfərdən 7-sinin namizədliyini rəsmən qeydə alıb. 

Namizədliyi qeydə alınanlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı prezident İlham Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Milli Məclisin üzvü Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri,d eputat Fərəc Quliyev və Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdir. Qeyd edək ki, prezident seçkilərində namizədliyini irəli sürmüş Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev namizədliyini geri götürüb. Digər namizədliyə iddialılar- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Ağ Partiyanın sədri Tural Abbaslı, "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri” şirkətinin rəhbəri Anar Umudov, Asif Məmmədov, Ramazan Bəkirov (sonuncu iki şəxs öz təşəbbüsləri ilə namizəd olublar və haqlarında heç bir məlumat yoxdur - müəll.) haqqında isə MSK hələ yekun qərarını verməyib.

Maraqlıdır, prezident seçkilərində namizədliyi MSK tərəfindən rəsmən qeydə alınan namizədlər öz namizədliklərini kiminsə xeyrinə geri götürə bilərmi?

AXCP sədri Razi Nurullayev "Cümhuriyət” qəzetinə açıqlamasında seçki prosesində sona qədər iştirak edəcəyini deyib: 

"Biz seçkiyə inamla qatılmışıq və niyyətimiz qələbədir. Bu qədər söz-söhbətdən, üç il ərzində xalqla təmaslarımızdan və onlar qarşısında verdiyimiz sözdən sonra bu cür addım atmaq onlara qarşı hörmətsizlik olar və bizə inamı da sarsıda bilər. Namizədliymiz davam edir və 11 aprelə inamla baxırıq”.

Millət vəkili Zahid Oruc namizədliyini geri çəkmək haqqında düşünmədiyini deyib. Z.Oruc hesab edir ki, seçki prosesi ideologiyanın yayılması üçün ideal fəaliyyət planıdır:

"Xeyr, namizədliyimi geri götürmək fikrim yoxdur. 

Hesab edirəm ki, hazırkı dövrdə biz cəmiyyətə çıxarmaq istədiyimiz ideyalar üzərində qərarlaşmışıq. Azərbaycan cəmiyyətinə birinci növbədə onu çatdırmaq istəyirik ki, Heydər Əliyevçi kursunda dayanmaq o demək deyil ki, kənar bir qütbdəsən. Əksinə, mənim aləmimdə ideologiyasının yönündən, etiqadından, sosial mənşəyindən asılı olmayaraq hər kəs bu platformada dayana bilərdi. Çünki həmin ali rəhbərlik, hakimiyyət birinciliyi uğrunda apardıqları mübarizənin dövlətini xilas edən məhz Heydər Əliyev olub. Biz indi ABŞ tarixinə nəzər salanda, insanların 200 il əvvələ dönüb Corc Vaşinqton haqqında hansısa diskussiyalar apardığını görürük. Lakin ən sonda hər kəs onları "qurucu atalar” adlandırırlar. Bunu biz etməmişik. Bu ifadəni Qərb politologiyasının fikir sahibləri yaradıblar. 

Türkiyə, Almaniya həyatında da bu belədir. Ona görə də Zahid Oruc olaraq bilsəydim ki, Heydər Əliyev əleyhinə seçki kampaniyası aparacağıq və bu bizim müstəqilliyimizin ifadəsi olacaq, o, qeyri-ciddi qəbul olunardı. Ona görə də hazırkı reallıqda istəyirik ki, bir qədər kristallaşmış, daşlaşmış yanaşmaları dəyişək. Bu baxımdan seçki prosesində insanlara deyəcəyimiz onlarla həll yolları var. Bu 23 günlük müddət kifayət edəcək ki, efirdən, digər görüşlərdən bunu etməyi bacaraq. Ona görə də namizədliyimiz geri götürülməsi üçün yox, daha aktiv fəaliyyət üçün köklənmişik”.

MHDP sədri Fərəc Quliyev də namizədliyini geri çəkməyəcəyini deyib: 

"Xeyr. Biz çalışırıq ki, prosesin sonuna qədər mübarizəmizi davam etdirək. Kimsə bizim xeyrimizə namizədliyini geri götürərsə, bu artıq başqa məsələdir”. 

BAXCP lideri Qüdrət Həsənquliyevin seçki qərarhanının rəhbəri Niyaməddin Orduxanlı da seçkilərdə sona qədər mübarizə aparacaqlarını deyib: "Yox, namizədliyimizi geri çəkməyəcəyik”.

ASDP sədri Araz Əlizadə isə sualımızı cavabsız qoydu: "Mən heç nə deyə bilmərəm. Qanunvericiliklə seçki haqqında danışmaq qadağandır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları