Yuxarı

Silah bazarı uğrunda böyük savaş

Silah bazarı uğrunda böyük savaş

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan 140 nəfər üzvü prezident Trampa müraciət edib.

Konqresmenlər Ağ Evin rəhbərini 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə kibermüdaxilə etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb. Məktubu imzalayanlar həmçinin, bəyan edib ki, yanvarın 29-da qəbul edilmiş qərara uyğun olaraq ABŞ administrasiyası Rusiya hərbi və kəşfiyyat sektorları ilə əməkdaşlıq edənlərə qarşı sanksiyalar tətbiq etməlidir: "Siz vaxtında bunu etmədiniz. Siz həmçinin, 2016-cı il seçkiləri zamanı kiberhücumlara görə məsuliyyət daşıyanları da cəzalandırmadınız”-deyə qeyd edilir. 

ABŞ Dövlət Departamenti 29 yanvar tarixindən etibarən Rusiyanın hərbi sənaye-kompleksinə və oliqarxlarının adlarının daxil olduğu 210 hüquqi və fiziki şəxsə sanksiyaların tətbiq edildiyini bildirmişdi: "Orada əminliklə vurğulanır ki, üçüncü ölkələr və şəxslər özləri təhlükəyə məruz qaldığından Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıqdan imtina edir. Konqresdə bu yanaşma "sadəlövh və qəbuledilməz" adlandırılıb”-müraciətdə belə göstərilir. 

Xatırladaq ki, bir müddət öncə ABŞ Rusiyadan silah alan ölkələrə də iqtisadi embarqolar tətbiq edəcəyi barədə xəbərdarlıq edib. ABŞ Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Ermənistana qarşı sanksiya tətbiq edə bilər. Bu barədə ABŞ-ın İrəvandakı səfirliyi Ermənistan hakimiyyətinə məktub ünvanlamışdı. "Biz bir sıra ölkələrin hökumətlərini və özəl şirkətlərini xəbərdar etmişik ki, sanksiya siyahısına daxil edilən Rusiya şirkətləri ilə sövdələşmələrin bağlanması halında onlara qarşı da sanksiyaların tətbiq edilməsi mümkündür”-səfirliyin "Ermənistan mediasında dərc edilmiş bəyanatında qeyd edilir.

ABŞ səfirliyinin bu açıqlamasından sonra analoji xəbərdarlıq Rusiyadan silah alan digər ölkələrə, o cümlədən, Müstəqil Dövlətlər Birliyinin üzvlərinə də çatdırıldı. ABŞ-ın sanksiyalar təhlükəsindən daha çox narahatlıq keçirən isə Ermənistandır. Çünki ötən ilin dekabrında Ermənistan Rusiyadan silah almaq üçün 100 milyon dollar dəyərində ikinci güzəştli kredit müqaviləsi imzalayıb. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilir ki, Ermənistan güzəştli kredit hesabına "Msta-S” özüyeriyən haubitsaları, "Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər. 

"Digər ölkələrin Rusiyadan silah və hərbi-kəşfiyyat vasitələri almasını məhdudlaşdırmaqla biz bu ölkəni beynəlxalq miqyasda destablizasiyaya və neqativ təsirə sərf edilə biləcək gəlirlərdən məhrum edirik”-Amerika səfirliyi bildirib. Bundan əvvəl Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya riskinin olduğuna dair xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, İrəvan üçün problemli situasiya yaranarsa, Amerika tərəfdaşları ilə danışıqlar aparıla bilər.

Rusiyadan silah alan ölkələrin, o cümlədən, Azərbaycan və Ermənistanın ABŞ-ın sanksiyalarına məruz qala biləcəyi haqda ötən ay "Amerikanın səsi”inə müsahibəsində Amerikanın Xarici Siyasət Şurasının analitiki Stiven Blank da bildirmişdi. Analitik hesab edir ki, Rusiyadan fəal şəkildə silahlar alan Azərbaycan və Ermənistan "sürprizlərlə qarşılaşa bilər” və sanksiyaların hətta hökumətlərə qarşı tətbiqi də mümkündür. Son illər Azərbaycan və Ermənistan Rusiya ilə 5 milyard dollar dəyərində silah-alışına dair müqavilə imzalayıb. ABŞ-ın bu mövqeyi Ermənistanda daha çox narahatlığa səbəb olub. Ermənilər hesab edir ki, ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksinə qarşı tətbiq etdiyi qadağalar Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Belə ki, yanvarın 29-dan tətbiq edilmiş sonuncu sanksiyalar Rusiyadan silah alan ölkələri hərbi müqavilədən imtina etmək məcburiyyətində qoyacaq. Mart ayının sonuna qədər qəbul edilməsi gözlənilən növbəti qadağalar isə Rusiya ilə hərbi əməkdaşlıq edən ölkələrin əl-qolunu tamamailə bağlaya bilər. 

Azərbaycan Rusiya üçün potensial bazarlardan birini təşkil etsə də ABŞ-ın sanksiyalarının rəsmi Bakı üçün ciddi problem yaradacağı inandırıcı görünmür. Bu da Azərbaycanın beynəlxalq silah bazarına çıxış imkanlarının daha geniş olması ilə bağlıdır. Eyni zamanda, Azərbaycan başqa dövlətlərdən silah almaqla yanaşı, özü də müdafiə-sənayesi istehsalına malikdir. Azərbaycanın silah və digər döyüş vasitələri idxal etdiyi ölkələr sırasında İsrail birinci yerdə dayanır. Digər sırada isə Pakistan, Türkiyə, Koreya Respublikası, Belarus, Ukrayna, Cənubi Afrika Respublikasının adlarını çəkmək olar. Ona görə də Rusiyanın bu siyahıdan çıxması beynəlxalq silah bazarına çıxış imkanları geniş olan Azərbaycan üçün problem yaratmır.

Azərbaycan və Ermənistan Rusiyadan silah alışını 2017-ci ildə davam etdirib. Stokholmda mənzillənən Sülh Problemləri institutunun (SIRRI) 2016-2017-ci illər üzrə dünya silah ixracına dair hesabatına əsasən son 2 il ərzində Ermənistan cəmi 124 milyon dollarlıq silah idxal edib. Bu baxımdan, Ermənistan silah idxalının həcminə görə dünyada 54-cü yeri tutub. 2017-ci ildə Ermənistanın idxal etdiyi silahların hamısı Rusiyadan alınıb. Söhbət Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına alınan silahlardan gedir. Bu müqavilə çərçivəsində 2016-2017-ci illərdə Ermənistan Rusiyadan 6 vahid "Smerç” reaktiv yaylım atəşi sistemi, 200 vahid "Verba” daşınan zenit raket kompleksi və "Kornet” 9M133 tank əleyhinə raket kompleksləri alıb.

Azərbaycan isə həmin müddətdə az qala 5 dəfə çox-551 milyon dollarlıq silah alıb. SIRRI bildirir ki, ölkə 2017-ci ildə İsraildən 4 vahid OPV-62 döyüş gəmiləri, 40 vahid "Orbiter” pilotsuz zərbə aparatı (o cümlədən, Azərbaycan ərazisində birgə istehsal olunan) 215 vahid "Spike-NLOS” tank əleyhinə raketləri alıb. Azərbaycan həmçinin Çexiyadan 10 vahid 122 millimetrlik RM-70 reaktiv yaylım atəşi sistemi, Slovakiyadan 18 vahid 152 millimetrlik "Dana” özüyeriyən qaubitsası alıb. Azərbaycan göstərilən müddət ərzində Rusiyadan iri partiyada silah idxalı həyata keçirib. Belə ki, Rusiya hesabat dövründə Azərbaycana 36 vahid "Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri, 40 vahid BTR-82A, 800 vahid "Xrizantema” tank əleyhinə raketi satıb.

Qeyd edək ki, Rusiyanın ötən il Azərbaycana "tank qatili” kimi tanınan "Xrizantema” raket komplekslərinin (BMP-3 zirehli maşının bazasında) iri partiyasını göndərdiyi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən açıqlanmışdı. Komplekslərin sayı açıqlanmasa da Azərbaycanın onlarla "Xrizantema-S” əldə etdiyi məlum idi. Və indi açıqlandığı kimi bu komplekslər üçün nəzərdə tutulmuş raketlərin sayı 800-dür. Azərbaycanın İsraildən "Spike-NLOS” tank əleyhinə raketlərini almaqda davam etdiyi də nəzərə alınarsa, potensial irimiqyaslı hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun nəinki tankları və zirehli maşınları, eləcə də digər yeriyən hərbi nəqliyyat vasitələri üçün heç bir şans qalmır.
Lakin SIRRI-nin hesabatında Azərbaycanın Rusiyadan daha 36 vahid "Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri alması barədə deyilənlər əsl sensasiyadır. Azərbaycan 2013-2014-cü illərdə Rusiyadan çoxlu sayda digər hərbi texnika ilə yanaşı, 18 vahid "Solntsepyok” idxal etmişdi. "Cəhənnəm silahı” kimi ad çıxaran bu odsaçanlar 2016-cı ilin aprel döyüşləri zamanı məhdud şəkildə tətbiq edilib. İndi Azərbaycan daha iki divizyiyanı silahlandırmağa bəs edəcək qədər "Solntsepyok” alıb ki, bu da son iki il ərzində ölkənin hərbi potensialının düşmənlə müqayisə olunmaz dərəcədə güclənməsindən xəbər verir.

Ancaq ötən illə müqayisədə 2018-ci ildə Azərbaycanın və Ermənistanın Rusiyadan silah almaq imkanlarının tam məhdudlaşacağı gözlənilir. Rusiyaya qarşı sərt siyasi mövqeyi ilə tanınan Mayk Pompeonun ABŞ-ın dövlət katibi postuna gətirilməsi isə bu istiqamətdə daha real addımların atılacağından xəbər verir. 

Politoloq Qabil Hüaseynli hesab edir ki, ABŞ-ın son addımları Rusiyanı dünya silah bazarından sıxışdırıb çıxartmaq məqsədi daşıyır. Əgər bu baş verərsə, Rusiyanı ağır sosial-iqtisadi və siyasi böhran gözləyir: "ABŞ dəfələrlə bəyan edib ki, niyyəti Rusiyanı silah bazarından vurub çıxartmaqdır. Fikrimcə, bu baş verəcək. Rusiyadan silah alan başqa ölkələrə və şəxslərə embarqo qoyulması kifayət qədər real görünür. Rusiyanı silah satışı imkanlarından məhrum etmək istəyirlər. Çünki Rusiyanın maliyyə çətinliyi bu sahənin hesabına da azaldıla bilər. Rusiyanın dövlət büdcəsinin böyük hissəsini silah satışından əldə edilən gəlir təşkil edir. Çox güman ki, Konqres həmin qərarı qəbul edəcək. Rusiyanın iqtisadi vəziyyəti onsuz da ağırlaşmaqda davam edir. Əgər silah bazarından çıxarılma hadisəsi baş verərsə, bu hadisə ölkədə maddi rifah halnı çox çətinləşdirəcək, büdcənin təmin edilməsində ciddi problemlər yaradacaq, sosial istiqamətlər üzrə ayrılan vəsaitlərin azalmasına gətirib çıxaracaq. Nəticədə, Rusiya üçün gözlənilməz hadisələr baş verə bilər”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları