Yuxarı

Qarabağa dair "rus planı" yenə gündəmdə

 Qarabağa dair

"Beş rayonun qaytarılması üçün razılaşma var.Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirə olunub".

Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı tanınmış politoloq, Aleksandr Duqinin erməni mətbuatına verdiyi açıqlamasını təqdim edirik: 

"Suriya məsələsi ətrafında uğurlu əməkdaşlıq edən Rusiya-Türkiyə-İran ittifaqı, yaxın gələcəkdə və ya perspektivdə Cənubi Qafqazda həlli kimi oxşar problemlərlə, məsələn, Dağlıq Qarabağ münaqişəsini Rusiya-İran-Türkiyə formatı çərçivəsində həll etməyə çalışa bilər. Birincisi, Dağlıq Qarabağ problemi Azərbaycan və erməni xalqlarının problemidir.

Bu, yalnız dövlətlərin deyil, həm də xalqlar arasındakı əlaqədir. Burada şərti desək, Türkiyənin iştirakı Azərbaycan tərəfindən, İranın iştirakı Ermənistan tərəfindən, Rusiyanın iştirakı isə Azərbaycan və Ermənistan tərəfindən prinsip olaraq irəli çəkilə bilər. Niyə də olmasın?

Əsas odur ki, bölgənin problemlərini anlaya bilməyən və öz milli problemlərini həll etməyən, işləməyən standartları ilə ortaya atılan Qərbi münaqişənin həllindən uzaqlaşdırmaq mümkün olsun. Rusiya, Türkiyə və İran kimi Avrasiya gücü olan ölkələr çoxmillətlidir. Milli və dini qruplar arasında əlaqə sahəsində böyük  təcrübələri var. Belə məsələlərdə bir-birini tamamlaya bilərlər. Məsələn, Rusiya yalnız xristian dövləti deyil. Bəli, biz xristian ölkəsiyik, lakin Rusiyada çox sayda müsəlmanlar yaşayır, müsəlmanlara düşmən kimi baxmaq olmaz. Münaqişənin, bu formatın istənilən tərəfinin öz maraqları və üstünlükləri var. Xüsusilə də rayonların azad edilməsi alqoritmi hazırlandığı bir məqamda, bunların yaxınlaşması və diqqətli olması kontekstində biz Qarabağ probleminin həllinə nail ola bilərik. Çoxları bunu Qarabağın təhvil verilməsi kimi şərh edir, ancaq bu belə deyil. Söhbət Bakı ilə İrəvan arasında konstruktiv dialoqun başlamasından gedir. Mən başa düşürəm ki, həm Bakıda, həm də İrəvanda "konstruktiv dialoq” kəlməsindən sonra qışqırıqlar və fit səsləri başlayır, bu isə başa düşüləndir. Bu çox incə problemdir. Ancaq bir rus olaraq deyə bilərəm ki, biz nəhayət bu konstruktiv dialoqun başlamasını çox istəyirik.

Ermənistan tərəfdən yeddi rayonun deyil, beş rayonun qaytarılması, yaxşı bir iradənin təzahürü olaraq, vəziyyətin yumşalmasında, gərginliyin zəifləməsində mühüm və hətta həlledici bir addım ola bilər.Bundan sonra hərbi münaqişə təhlükəsi əhəmiyyətli dərəcədə azalacaq. Sonra yaranmış faydalanma prosesi başlayacaq. Beş rayonun qaytarılması layihəsi erməni, Azərbaycan və rus mətbuatında adekvat şəkildə şərh olunmayıb. Beş rayonun qaytarılması üçün razılaşma var. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirə olunub.

Politoloq Arzu Nağıyev hesab edir ki, Aleksandr Duqinin beş rayonun Azərbaycana qaytarılacağı barədə açıqlaması daha çox Rusiyanın bölgədəki geosiyasi nüfuzunun artırlmasına xidmət edir: "Duqin artıq beş rayonun qaytarılacağı barədə ikinci dəfədir çıxış edir. Lakin onun bu aşıqlaması Rusiyanın mövqeyini əks etdirmir. Digər tərəfdən, Duqin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı regionda yaradılmış bir neçə formatın hansının daha vacib olmasını önə çəkir. Aleksandr Duqin bildirir ki, münaqişənin nizamalaması Rusiya-Türkiyə-İran formatı çərçivəsində mükün ola bilər. Burada da Qərbin rolunu kənara qoymağa çalışır.

Onun sözlərinə görə Türkiyə Azərbaycanın mövqeyini müdafiə edəcək, İran Ermənistanı təmsil edəcək, Rusiya da hər iki tərəfin mövqeyini müdafiə edəcək. Lakin beş rayon dedikdə əsasən İranla həmsərhəd olan rayonlar nəzərdə tutulur. Son zamanlar Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Moskva özünə mühüm müttəfiqlər axtarmağa çalışır. Rusiya belə müttəfiqlər kimi hazırda İranı və Türkiyəni görür. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələnin önə çəkilməsi Ermənistana bir mesajdır. Ermənistan da bu gün Rusiyaya arxalanır. Rəsmi İrəvan onu da bilir ki, Rusiyanın NATO ilə sərhəd əraziləri Ermənistan ərazisindən keçir və hərbi istiqamətdə müəyyən addımlar ata bilər. Ancaq Ermənistan Qərbin, NATO-nun tətbiq etdiyi sanksiyalarla da üzləşə biləcəyini nəzərə alır. Çünki NATO rəhbərliyinin belə bir açıqlaması var idi. Son zamanlar Armen Sarkisyanın prezident seçilməsi Ermənistanın Qərblə müsbət əlaqələr yaratmağa çalışdığını göstərir.

Yəni Duqinin açıqlaması Rusiyanın bölgədə nüfuzunun artırılması məsələsini gündəmə gətirir. Bir neçə gün bundan əvvəl Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın ABŞ-a dəvət edilməsindən sonra Rusiya balansı dəyişməyə başlayıb. Ona görə də Rusiyanı yenidən gündəmə gətirməyə cəhd edirlər. Bununla da üçtərəfli və ikitərəfli platformalarda bu problemin həllinin müsbət olduğunu qeyd etsinlər. Burada həm Suriyadan, həm Dağlıq Qarabağdan söhbət gedir. Beləliklə, regional problemlərin həllində Rusiyanın vacib aktor olduğunu qabartmaq istəyirlər”

"Beş rayonun qaytarılması Azərbaycanın maraqlarına nə qədər cavab verir” sualına gəlincə, ekspert bildirdi ki, belə bir razılaşma olarsa, ilk növbədə ərazi bütövlüyü və suverenliyin pozulmaması prinsipi nəzərə alınmalıdır: "İstər "Madrid prinsipləri”, istər ”Kazan formulu” çərçivəsində və ya başqa formatda beş rayon Azərbaycana qaytarılacaqsa, müsbət qarşılanmalıdır. Lakin bu məsələdə Azərbaycanın suverenliyinə hörmət edilməlidir. Fikrimcə, İran məsələsini qabartmaqla gələcəkdə sərhədlərin demarkasiyası söhbəti meydana çıxa bilər. Bu isə İranla həmsərhəd rayonlardır”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları