Yuxarı

Azərbaycana qarşı "komanda oyunu”

Azərbaycana qarşı

"Mühacirət biznesi” artıq təkcə pul qazanmaq vasitəsi olmaqdan çıxaraq, həm də siyasət meydanına ciddi nüfuz etməyə başlayıb.  Müxtəlif səbəblərdən ölkəni tərk edərək xaricə sığınan insanlardan Azərbaycan əleyhinə istifadənin təməlinin qoyulduğu çox da uzaq olmayan illərdən bəri zamanla mühacirləri siyasi düşmən roluna salmaq istəyənlərin cəhdləri nəticəsini verir. 

Dəfələrlə vurğulamışıq, təkrar etməkdə ziyan yoxdur- hər kəsin istədiyi ölkədə yaşamaq, yaşayış ünvanını seçmək haqqı var. Xarici ölkələrə mühacirət edənlər arasında siyasi, iqtisadi səbəblərdən getməyi çıxış yolu seçənlər var və seçimlərinə hörmətlə yanaşmaq borcumuzdur. Amma indi ortalıqda olan, özünü siyasi-ictimai fəal kimi göstərib Azərbaycana qarşı iş aparanların əksəriyyətinin siyasi keçmişi yoxdur.  Olsa belə, bu keçmiş öyünüləcək səviyyədə deyil və özləri də bunu yaxşı bildiklərindən "mühacir biznesi”ni  yaradanların toruna düşüb ölkəyə qarşı bir çox hallarda hətta düşmən mövqedən çıxış edirlər.  

Niyə Almaniya?

Mühacirət ölkəsi kimi əsasən Almaniyanı seçənlərdə bu tendensiya özünü daha çox göstərir. Sanki  özünü müxalifət adlandıranların Azərbaycana qarşı düşərgəsini bu ölkədə  bilərəkdən yaradaraq davamlı olaraq yeni-yeni üzvlər cəlb edirlər. Bəlkə də səbəb bu ölkədə yaşamaq icazəsi alınmasının digər ölkələrə nisbətən daha asan olmasıdır. Təbii ki, burada Merkel hökumətinin də xüsusi payı var və ölkədə onun hakimiyyətinə müxalif olan qüvvələrin əsas narazılıq etdikləri məqam da məhz mühacir siyasətidir. Almaniyada son seçkilərdən sonra mühacir siyasətinin dəyişəcəyilə bağlı gözləntilər Azərbaycanda da bir çoxlarının narahat etməyə başlayıb. Alman hökuməti mühacirlərə qarşı siyasətini dəyişərsə, bundan ziyan çəkəcəklər arasında Azərbaycanda "mühacir biznesi”nin qurucuları və onların əməllərinə ortaq olanlar az olmayacaq. Deyilənlərə inansaq, hazırda Almaniyada yüzlərlə ailə mühacir siyasətinin dəyişəcəyi barədə məlumatların həqiqətə çevriləcəyi günü narahatlıqla gözləyir. Narahat olanlar isə təkcə onlar deyil, həm də Azərbaycandakılardır. Əgər birincilər ölkəyə qaytarılacaqlarının narahatlığını yaşayırlarsa, ikincilər üçün bu, həm də külli miqdarda vəsait itkisidir. İnsan taleyi üzərində də biznes qurmağa adət edənlər üçünsə, bu, həm də dözülməzdir. 

Azərbaycana qarşı "komanda oyunu”

Fikrimizi bir az daha konkretləşdirək. Son bir neçə ildə Azərbaycandan siyasi səbəblərlə gedən tanınmışların üz tutduqları ölkə Almaniya deyil. Bu ölkəyə daha çox "mühacir biznesi”nin qurbanı olanlar və ya dini baxışlarına görə təzyiqlə üzləşdiyini iddia edənlər gedir. Birinci qrup barədə yuxarıda fikirlərimizi yazdıq. İkinci qrup əsasən 2015-ci ildən fəallaşıb və özünü dindar kimi qələmə verərək, Azərbaycanda dini baxışlarına görə təzyiqlə üzləşdiyini iddia edənlər arasında Almaniyada status alanlar az deyil. Maraqlıdır ki, radikal dindarlığı təhlükə kimi gördüyünü dəfələrlə bəyan edən Almaniya bu iddiada olanlara  niyə qucaq açır? Alman hökuməti bunun ölkə üçün gələcək fəsadlarını görə bilməyəcək durumdadır, yoxsa həqiqəti bildiklərindən narahatlıq üçün əsas görmürlər? Hər halda Azərbycanı bir çox səbəblərə görə tənqid etmək imkanını hər fürsətdə əldən verməyən ölkələr üçün buradakı vəziyyəti dərindən öyrənib təhlil etmək və ona uyğun qərar vermək heç bir problem yaratmır. Başqa sözlə desək, bizdəki durumu bizdən daha yaxşı bilən ölkələrin Azərbaycanı bəlkə də hər şeydə tənqid etməyə haqları olmasa da, əsasları ola bilər, təkcə multikulturalizmdən başqa. Azərbaycan bu sahədə dünyaya örnəkdir, burada heç vaxt dini əqidəsinə, baxışına, mövqeyinə görə kimsə təqib edilməyib, təzyiqlə üzləşməyib, hər kəs öz dini əqidəsində sərbəstdir, dini ritualların icrasında indiyə qədər heç bor problem qeydə alınmayıb, dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bəs o zaman "təzyiqə məruz qalan dindarlar” nə iddia edir? Bəlkə onlar ölkədə qarışıqlıq yaradıb sabitliyi pozmağa cəhd edən kəsimə aiddir ki, belələrinə heç bir ölkədə "yaşıl işıq” yandırmazlar, o cümlədən də sığınacaq üçün getdikləri Avropa ölkələrində. Amma indilik görünən odur ki, siyasəti hər zaman "çörək qazanmağa mane olan” bir iş kimi dəyərləndirib "mən siyasətə qarışmıram” deyənlər indi siyasi-dini mövqeyinə görə təzyiqlərə məruz qaldıqlarını iddia edirlər. Məsələn, sosial şəbəkələrdə fəallığı ilə seçilən Qasimov Alik Arif oğlu. Cəbrayil rayonunda anadan olub, Biləcəridə yaşayıb.  "Müsəlman birliyi” təşkilatının yaradıcısı Taleh Bağırzadənin dostlarından olub. Azərbaycanda heç də pis yaşamayıb,  telefon biznesi ilə məşğul olub. Uzun illər Dubaydan telefon gətirib və Bakıda satışını təşkil edib. 2015-ci ilin yanvar ayından "Müsəlman Birliyi”nin təsisçilərindən biridir. Amma bu təsisçi hansısa səbəbdən hələ Nardaran hadisələri olmadan ölkədən  gedib. O gedəndən bir ay sonra isə Nardaran hadisələri başlayıb. İndi sual olunur. Bu adam hadisələrin olacağını əvvəlcədən bilirdimi? Bu səbəbdən ölkədən gedib ki, daha sonra Azərbaycanda onlara təzyiq edildiyini iddia edə bilsin? Getdiyi gündən bəri də Azərbaycan onun nəzərində düşmən ölkəyə çevrilib. Sosial şəbəkələrdə Azərbaycan qarşı bir neçə profillə iş aparanlardan biri olduğunu heç gizlətmir də. Ancaq "niyə? "sualına cavab verməkdən yayınır. "Niyə”sini  isə özü olmasa da başqaları, ən azından yaxın ətrafı bilir. Səbəb Azərbaycanda illər uzunu apardığı və vergidən yayındırdığı biznesindən əldə etdiyi gəlirləri qorumaq olmasın? Ölkəni tərk etdikdən sonra daha yaxşı həyat dalınca getdiyini söyləsəydi, anlaşılardı. Amma bu insanların düşüncəsinə görə ən yaxşı yol "təzyiq oyunu”dur ki, xeyli müddətdir davam edir. Üstəlik bu oyun tək oynanılmır, zaman-zaman komanda oyunu da nümayiş etdirilir.

"Birlik”dən "Yurd”a

Hər biri vahid komanda kimi "dindarlara qarşı təzyiq” bayatısı oxuyub sonunu siyasətə, prezident seçkilərini boykot edən Milli Şuraya, "Yurd” sədri Əli Kərimlinin canlı yayın videolarına bağlayırlar. Söyüşü və təhqirli mövqeləri müdafiə edirlər.  Əhədov Ziya və Elsevər qardaşları, Babayev Rauf Ramiz oğlu, İsgəndərov Rəşad və başqaları kimi komanda oyunçuları ilə Almaniyadan Azərbaycana qarşı "vuruşmaq” yəqin heç vaxt indiki qədər asan və cəlbedici olmayıb.  İsgəndərov Rəşad Bakıda anadan olub, Nardaranda Lahic bağlarında yaşayıb. İndi hər addımda dözülməz şəraitdən danışdığı Azərbaycanda bankda şöbə müdiri vəzifəsinə qədər yüksələ bilib. "Müsəlman birliyi” təşkilatına maliyyə dəstəyini verənlərdən biri olub. Ancaq bunu hardan əldə etdiyi pullarla etməsi sualı açıq qalır. Hələlik ağla gələn yeganə variant işlədiyi bankdan əldə etdiyi vəsaitdir. Məlumatlara görə, onun təşkilata maliyyə dəstəyi verməsi barədə xəbərlər Nardaran hadisələri ilə bağlı yaradılan istintaq qrupunda da araşdırılıb. R.İsgəndərov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, maliyyə dəstəyi məsələsini inkar da etməyib. İstintaq müddətində ölkədən qaçıb və bir çoxları kimi "təzyiq" adı ilə Amaniyaya sığınıb. Getdiyi andan etibarən də ilk işi Azərbaycana qarşı fəaliyyət olub. Anlaşılandır, sığınacaq almağın bundan başqa yolu olmayıb. 2017-ci il yanvarında Berlində Azərbaycan əleyhinə aksiyanın təşkilatçıları sırasında yer alıb və beləliklə müxalif olduğu düşüncəsini möhkəmləndirmək istəyib. Ancaq görünür bir aksiya ilə alman hökumətini inandırmaq mümkün olmayıb ki, o zamandan etibarən ardından daha başqa fəaliyyətlər gəlib. İndi bu adamlar virtual qəhrəmanlar kimi ölkədə dəyişikliyin yollarını göstərir,  bu yollarla razılaşmayıb fərqli mövqe ortaya qoyanları düşmən gözündə görür, siyasət dərsi keçməyə cəhd edir, təzyiqdən ağızdolusu danışıb hamını aksiyaya, boykota səsləyirlər. Ölkədə olduqları müddətdə "qarışmadıqları” siyasət onlar üçün qiymətə minib, leksokonlarına "aksiya”, "boykot”, "etiraz” sözlərini daxil ediblər, bəlkə də Almaniyaya getdikdən sonra şosial şəbəkədəki canlı yayından gördükləri şəxsləri "xilaskar” elan edib hamını günahlandırırlar. Amma bircə dəfə də olsun "Bəs biz nə etmişdik?” sualını özlərinə verməyə cəsarətləri çatmır, çünki verəcək cavabları yoxdur.

Ərtoğrul Süleyman  





Həftənin ən çox oxunanları