Yuxarı

Xalqın dili ilə danışan namizəd

Xalqın dili ilə danışan namizəd

Prezident seçkilərinə sayılı günlər qalıb. Qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyası davam edir. Namizədlər arasında çıxışları və təkliflərilə ən çox müzakirə olunan prezidentliyə iddialı "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan namizəd, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir. Razi Nurullayevin seçki proqramında nələr var və bu, xalqın istəklərilə uyğun gəlirmi? Razi Nurullayevin seçki proqramına nəzər saldıqda günümüzdə ən çox şikayət olunan sahələrin əhatə olunduğunu görmək mümkündür. Seçki proqramında ilk toxunulan məsələnin də məhz sosial siyasət olması əslində Razi Nurullayevin xalq üçün çalışdığını açıq şəkildə göstərir.

Razi Nurullayevin sosial siyasət proqramında bir çox məsələlərə toxunulub. Bunların içində ən çox diqqət çəkən və müzakirə olunan məsələ hər ailəyə 10.000 min manatın verilməsi və "kredit borclarının bağlanmasıdır ki, bu da anlaşılandır. Belə ki, hazırda kredit borcları ölkənin ən böyük problemlərindən biridir və bu yöndə vətəndaşın xeyrinə heç bir addım atılmır. Digər tərəfdən, hər ailəyə 10 min manatın verilməsi məsələsinə münasibət həqiqətən də buna ehtiyac olduğunu göstərir. R.Nurullayev təklifinin icra mexanizmini belə izah edir: "Hər ailəyə öz ailə biznesini yaratmaq üçün 10.000 AZN veriləcək. Hökumət hər bir ailəyə biznes planın yaradılması və tövsiyyələrin verilməsi üçün hər bir rayon və şəhərdə məsləhət və inkişaf mərkəzləri yaradacaq. Burada işləyən ekspertlər, mütəxəssislər ailələrə yatırım etmək üçün köməklik göstərəcək”. 

Razi Nurullayevin sosial siyasət proqramı isə ümumilikdə belədir: 

Hər ailəyə 10 min manatın verilməsi, kreditlərin bağışlanması, Azərbaycanda, xüsusən, Bakı şəhəri və Abşeron yarımadasında qanunsuz, plansız tikilən, yol, su, qaz, işıq problemli olan evlər, aztəminatlı vətəndaşların sosial evlərlə təminatı, daş karxanalarının qadağan edilməsi, hər bir rayonda sənətkarlıq və yaradıcılıq guşəsinin yaradılması, Azərbaycan Əlillər Cəmiyyətinin nəzdində Xidmətlər şəbəkəsinin yaradılması, dövlət qəzetinin bütün evlərə çatdırılması, daş hasarların sökülməsi, toy və yas mərasimləri haqqında qanunun qəbulu.

Struktur islahatları

Razi Nurullayevin seçki proqramında siyasi və struktur islahatları da yer alıb. Əslində xalqın bununla bağlı gözləntiləri artıq bir neçə ildir var və konkret addımların atılmaması məsələni gündəmdə saxlayır. Razi Nurullayevin seçki proqramında siyasi və struktur islahatlarının vacibliyi xüsusi vurğulanır və bu bir çox sahələri əhatə edir. Seçki proqramında siyasi və struktur islahatları bu başlqlarla yer alır: 

-Struktur islahatlarının aparılması, QHT-lərin əngəlsiz fəaliyyətinin və beynəlxalq təşkilatların Azərbaycana qayıdışının təmin edilməsi... Proqram əsasən bir sıra komitələrin ləğv olunmasını və eyni işi görən qurumların birləşdirilməsini ehtiva edir.

Qeyri-neft sektorunun inkişafı

Razi Nurullayevin seçki proqramında yer alan digər bir məsələ isə Azərbaycan üçün olduqca aktual olan sahəni əhatə edir-qeyri-neft sektorunun inkişaf etdirilməsini. Neft qiymətlərinin dünya bazarında ucuzlaşması və Azərbaycan manatının bu fonda dəyərdən düşməsi vətəndaşları və bir çox hallarda dövləti çox çətin durumla üz-üzə qoydu. Qeyri-neft sektorunun isə lazımınca inkişaf etdirilməməsi, baş verən qlobal böhran insanların həyat şəraitində özünü ən kəskin şəklidə göstərdi. Razi Nurullayevin bu sahənin inkişafı üçün verdiyi təkliflər bunlardan ibarətdir: 

-Strateji yol xəritələrinin hazırlanıb işlənməsi, yeni şəhərin salınması, Siyəzəndə turizm kompleksinin yaradılması, müalicə sanatoriyalarının bərpası və yenilərinin yaradılması və Nabranı qısa zamanda Azərbaycanın ən böyük turizm mərkəzinə çevirmək.

Razi Nurullayev qeyri-neft sektorunda ciddi dəyişikliyi həm də yüngül və ağır sənayenin inkişafında görür. Seçki proqramında bu sahənin inkişaf etdirilməsinə də yer ayrılması bunu deməyə əsas verir. Digər tərəfdən, yüngül və ağır sənayenin inkişafı həm də yeni iş yerlərinin açılması, vətəndaşların güzəranının yaxşılaşması anlamına gəlir ki, seçki proqramında yer alan bu müddəalar seçicilərin diqqətini cəlb edir. Razi Nurullayev yüngül və ağır sənayenin inkişafının bunlardan asılı olduğunu düşünür: 

-İnnovasiyalar, Texnologiyalar və İxtiraçılıq İnstitutunun yaradılması, özəlləşmiş müəssisələrin təkrar özəlləşməyə çıxarılması, hər bir bölgədə sənaye parklarının və məhlələrinin yaradılmasının davam etdirilməsi, Sənaye və Texnologiyalar Parklarında idarəçilik sisteminin dəyişdirilməsi, xarici mütəxəssislərə vətəndaşlıq verilməsi, ağır sənaye üzrə "Simurq” Texnologiya Korporasiyasının yaradılması, yerli Avtomobil brendinin yaradılması.

Kənd təsərrüfatına dəstək

Kəndlərin inkişafı proqramı da ehtiva olunan seçki proqramında daha çox dövlət dəstəyinin vacibliyinə yer ayrılıb ki, ekspertlərin ortaq qənaətincə, bu gün məhz buna ehtiyac var. Kənd təsərrüfatına dövlət dəstəyi, kəndlinin həyat tərzinin yüksəldilməsi, kəndlərin boşaldılmasının qarşısının alınması, maliyyələşmə və idarəçilik bədlərini ehtiva edən seçki proqramını xalqın diqqət mərkəzində saxlayan amil də budur. 

Bu sahənin inkişafı üçün Razi Nurullayevin proqramında bunlar yer alır: 

-İri şirkətlərə rayonlarda ətçilik, meyvəçilik və digər sahələr üzrə böyük müəsisələrin yaradılması üçün dövlət dəstəyi göstərilməlidir. Rayonlarda və kəndlərdə yaradılan iri şirkətlərə vergi güzəştləri edilməlidir. Kəndli fermer təsərrüfatı mallarının böyük bazarlara daşınması üçün yerlərdə karqo şirkətlər qurulmalı, daşınmanın ucuz təşkilinə dövlət dəstəyi göstərilməlidir.

- Bölgələrdə yaradılan müəssisələrin bütün işçi qüvvəsinin həmin regiondan olması əsas şərtə çevrilməli, bu bölgədən ali məktəblərdə təhsil alan tələbələr həmin şirkətlər tərəfindən himayəyə alınmalı və sonradan mütəxəsis kimi işlə təmin edilməlidir.

-Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Fond yaradılmalı bu Fondun dəstəyi ilə kəndlərdəki orta fermerlərlə bir tərəfi dövlət olmaqla şərikli inkişaf proqramları həyata keçirilməlidir. 

Milli dəyərlərin qorunması

Razi Nurullayev seçki proqramında milli dəyərlərə də yer ayırır və apardığı siyasi xəttə uyğun olaraq bir sıra təkliflərlə çıxış edir. 

-Soyqırım, Xocalı və Aprel şəhidləri parkının yaradılması, Cümhuriyyət parkının yaradılması, Milli Azadlıq Hərəkatının mərhum lideri Əbülfəz Elçibəyin abidəsinin ucaldılması və yeni islam modelinin yaradılmasını təklif edir. 

-Xarici siyasət, Bütöv Azərbaycançılıq və Qarabağ probleminin həlli məsələsi də Razi Nurullayevin seçki proqramında yer alır. Bu gün Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsinin həllinə dair Razi Nurullayev dəfələrlə təkliflər verib. 

Qarabağ problemi

Namizədin Azərbaycanı düşündürən ən vacib məsələyə, Qarabağ probleminin həllinə baxışı isə belədir: 

-Azərbaycan Respublikası qarşısında duran ən ciddi problem Qarabağ münaqişəsi və ərazilərimizin 20 faizinin işğal olunmasıdır. Torpaqlarımızın işğalı ilə bitən Birinci Qarabağ müharibəsində atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçir. Ədalətli həll planı və sülh yolu bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun müxtəlif təklifləri illərlə müzakirə edilsə də, konkret nəticəyə nail olunmayıb. Artıq kifayət qədər zaman keçib və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün hüquqları özündə saxlayır.

- İlk olaraq, Azərbaycan "Nüvə silahının yayılmaması haqqında” Müqavilədən imtina edir və eyni zamanda Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir;

- Daha sonra Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən və Ermənistanın müstəqilliyini tanımayan nüvə dövlətlərindən biri olan Pakistanla hərbi əməkdaşlıq sazişi imzalanır və Pakistan ordusunun müəyyən taborlarının Qarabağətrafı regionlarda dislokasiyasna icazə verilir. Hərbi əməkdaşlığa əsasən həmin taborlar da Qarabağda antiterror əməliyyatlarına cəlb edilir. Pakistanın nüvə dövləti olması maraqlı və Ermənistanı müdafiə edən dövlətlərin münaqişəyə cəlb edilməsini əngəlləyəcək. 

- Azərbaycn yalnız bu sazişlərdən bir şərtlə çıxmaya bilər və Pakistan hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsindən imtina edə bilər ki, ATƏT-in həmsədr ölkələrinin prezidentlərinin, o cümlədən, qonşu Türkiyə və İran prezidentlərinin birgə iştirakı ilə Qarabağ probleminin həllinə dair Beynəlxalq Konfrans keçirilir, Qarabağın işğaldan azad edilməsi ilə bağlı konkret tarix (6 ay və ya bir il) təyin edilir. 

- Azərbaycan-Pakistan hərbi-strateji müttəfiqliyini möhkəmləndirmək üçün Azərbaycan Dövlət Neft Fondundan Pakistan İslam Respublikasına müxtəlif investisiyalar formasında 5 milyard manat həcmində sərmayə yatırılır və Pakistanla hərbi sahədə olduğu kimii iqtisadi sahədə də geniş və hərtərəfli müqavilələr imzalanır.

Ümumilikdə Razi Nurullayevin seçki proqramına nəzər saldıqda açıq şəkildə görünür ki, əslində o, xalqın dili ilə danışır. Xalqın dili ilə danışan namizəd isə prezidentliyə əsas iddialı olan şəxs hesab olunur. Razi Nurullayevin bütün çıxışlarında "Prezident seçilməsəm belə, bu təkliflərin seçilən hər-hansı namizədlə bölüşəcəm və həyata keçirilməsinə çalışacağam” deməsi onun fəaliyyətinin birbaşa dövlət və xalq üçün olduğunu açıq şəkildə büruzə verir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları