Yuxarı

Nüvə silahı Azərbaycana yaxınlaşır

Nüvə silahı Azərbaycana yaxınlaşır

Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək. 

"Cümhuriyət” qəzeti "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyanat yayıb. O, qeyd edib ki, Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da artırılacaq. Nazir bildirib ki, donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqunun sözlərinə görə donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir.

Nüvə sistemləri Azərbaycan yaxınlığında

Rusiyanın qarşıdakı 12 il ərzində - 2030-cu ilədək Hərbi Dəniz Donanmasını yeniləməsi ilə bağlı atdığı növbəti addıma adekvat olaraq, ilk dəfə Azərbaycan sərhədləri yaxınlığında nüvə başlıqları ilə təchiz edilə bilən ballistik raketlərini yerləşdirəcək. Bu, Rusiyanın 2015-ci ildə icrasına başladığı 15 illik planın tərkib hissəsinə daxildir. Həmin plan donanmanın vəziyyətindən daha çox dəqiqlik və peşəkarlığının artırılmasını nəzərdə tutur. Yeni strategiyaya uyğun olaraq Rusiyanın Xəzər donanması ilə yanaşı, Qara dəniz, Sakit okean və şimal sərhədləri boyunca yerləşən Hərbi Dəniz Qüvvələrinin bölmələri "Lider” adlandırılan yeni nüvə destroyerləri, yeni sualtı nüvə seriyasından olan silahlar, qeyri-nüvə sualtı raketləri, relsli top sistemləri və lazer texnologiyası ilə təchiz edilir. Rusiya eyni zamanda, bu plana uyğun olaraq, peyk əleyhinə, müşahidə və müdafiə sahələrində yüksək enerjili lazer silahlarını istehsal edib arsenala daxil etməyə başlayıb. Lazer silahları ilə yanaşı, saniyədə 2 min metr məsafəyə qədər təsir etmək gücündə olan elektro-dinamik silah sistemlərinin istehsalına başlanılıb ki, bu texnikaların da planın tərkib hissəsi kimi, Xəzər donanmasına daxil ediləcəyi istisna deyil.

3 il əvvəl edilən xəbərdarlıq

Hələ 3 il əvvəl Rusiya Dəniz Qüvvələrinin Xəzər donanmasına paralel olaraq, 6 ədəd Şimal Donanması və 6 ədəd də Sakit okean Donanması üçün 15-ə yaxın "Lider” destroyeri sifariş verdiyi Azərbaycan və dünyada şok effekti yaratmışdı. Amerika kəşfiyyatının yaydığı məlumatda bildirilir ki, Rusiyanın donanmanı inkişaf etdirmək strategiyasında vəziyyətdən daha çox dəqiqlik və peşəkarlığa üstünlük verdiyini nəzərə alsaq, 2020-ci ilədək bu ölkə dünyanın ən fantastik Hərbi Dəniz Donanmasına sahib olan yeganə dövlət olacaq. Kəşfiyyat orqanları bu məqsədlə, Rusiyanın "Interest” adlı qeyri-nüvə sualtı raketləri istehsal etdiyini iddia edirlər. Qeyd edilir ki, bu silsilədən olan və "Kalina” adlanan ilk sistemin istehsalı 2014-cü ildə başa çatıb. Sistem 2020-ci ilədək Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil ediləcək. 

Qeyd edək ki, 2013-cü ildə "Dolgorukiy” sinfinə daxil edilən nüvə başlıqları ilə təchiz edilə bilən "Yuriy Dolgorukiy” adlanan raketlər donanmanın ixtiyarına verilib. Həmin il "Aleksandr Nevskiy” adlı başqa bir sistem də arsenala daxil edilmişdi. Qarşıdakı 2 ildə daha 8 sualtı raket sistemlərinin istifadəyə veriləcəyi bildirilir.

Azərbaycan təzyiq altında

Rusiyanın Xəzər donanması ilə bağlı planına gəlincə, Putin administrasiyasının bu bölgə ilə əlaqədar qərarlarının Azərbaycan üçün ciddi baş ağrısına çevriləcəyi hələ keçən ildən məlum idi. Məlumdur ki, 2017-ci ildə Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində - Azərbaycan yaxınlığında keçirilən irimiqyaslı təlimlərində ilk dəfə olaraq, nüvə başlıqları ilə təchiz edilə biləcək "Kalibr” raketləri cəlb edilmişdi. Bu fakt həmin vaxt gündəmə çıxarılmasa da, uzun müddətdən sonra məlum oldu ki, Rusiya Xəzər dənizində keçirdiyi bütün təlimlərdə kütləvi qırğınlara yol aça biləcək sistem və silahlarına da baxış həyata keçirir. Rusiyanın yenidən Xəzər hövzəsi ilə bağlı strategiyasını dəyişdirməsinə, yaxud, Xəzər donanmasının Dağıstanda - Azərbaycan sərhədləri yaxınlığında yerləşdirilməsinə gəlincə, hesab etmək olar ki, Kremlin bu qərarı Azərbaycanı təzyiq altında saxlamağa hesablanıb.

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Xəzər donanması ilə bağlı verdiyi son qərar Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Politoloq bununla Azərbaycanın dövlət maraqlarının da zərbə altında qaldığını diqqətə çatdırıb: 

"Hesab edirəm ki, Azərbaycan yaxınlığında yerləşən bölgələrini sürətlə hərbiləşdirən Rusiya bununla regionda vəziyyəti gərginlikdə saxlamağa çalışır. Rusiya Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqazı nəzarətində saxlamaq üçün hərbi imkanlarını genişləndirir. Hesab edirəm ki, rəsmi Bakı Moskvadan izahat tələb etməlidir. Əks halda, Rusiya öz imperiya siyasətini Azərbaycana doğru inkişaf etdirmək səylərindən əl çəkməyəcək. Buna görə də Qazaxıstan, Azərbaycan və Türkmənistan birlikdə Rusiyaya qarşı "müqavimət oxu” qurmalıdırlar. Hesab etmək olar ki, Rusiya bununla həm də, Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya daşınmasına əngəl olmağa cəhd edir. Azərbaycan da Rusiyaya cavab olaraq, Xəzər dənizindəki donanmasını gücləndirməlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları