Yuxarı

İşğalın 98-ci ili: Azərbaycan Cümhuriyyətinə "səlib yürüşü”

İşğalın 98-ci ili: Azərbaycan Cümhuriyyətinə

Bu gün Azərbaycanda 28 aprel işğalından 98 il ötür. 1920-ci ilin aprelin 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının "11-ci Qızıl ordu” adlanan hərbi birləşmələri və yerli bolşeviklər tərəfindən devrilib. Sovet tarixşünaslığında Aprel işğalı saxtalaşdırılaraq, əvvəlcə "çevriliş", sonradan isə "inqilab" adlandırılırdı. 20-ci yüzilliyin 20-ci illərinin kommunistləri "Aprel çevrilişi" ifadəsini işlədərkən, tarixi reallığı - Aprel işğalını inkar edir və qürrələnirdilər ki, "...biz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə boşqabda gətirdilər". Aprel işğalı kommunistlər üçün asanlıqla başa gəlsə də, onun hazırlanma mexanizmi uzun müddət formalaşdırılan məkrli siyasətin nəticəsi idi. 

Sovet Rusiyası Qafqaza, xüsusilə də Azərbaycana dair siyasətində, əslində, çar Rusiyasının varisi kimi çıxış edirdi. Bakı bolşeviklər üçün təkcə nefti, habelə müstəsna iqtisadi potensialı ilə deyil, həm də bütün Yaxın və Orta Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli idi. 1918-ci ildə daşnak-bolşevik S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin" (V.İ.Lenin). 

1919-cu ilinfevralında mərkəzdən "...bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlledici hərəkət üçün istifadə" etmək göstərişi alan Xəzər-Qafqaz cəbhəsinin hərbi-inqilab şurası məqsədyönlü və təxirəsalınmaz tədbirlər görməkdə idi. Bakı bolşevikləri 1919-cu ilin yazından hökumət əleyhinə fəaliyyətlərini daha da genişləndirdilər: ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail oldular; Azərbaycan ordusu və donanmasının "inqilabiləşdirilməsinə" səy göstərildi; fəhlələrdən ibarət hərbi drujinalar yaradıldı və onların hərbi sursatla təchiz olunması intensivləşdirildi; hakimiyyətə qarşı ideoloji təbliğat genişləndirildi; Qarabağda ermənilərin sifarişli qiyamı təşkil olundu və bununla Hökumət böhranına zəmin yaradıldı. Bu dövrdə, hətta Türkiyənin mənafeyi naminə "canıyananlıq" da nümayiş etdirildi. Bütün bunlara baxmayaraq bolşeviklər sovet Rusiyasının müdaxiləsi olmadan daxildə üsyanın qələbə çalacağına əmin deyildilər.

1920-ci ilin yanvarında istiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan Xalq Cümhuriyyəti üçün xaricdən gözlənilən yeganə ciddi təhlükə bolşevik təcavüzü idi. Odur ki, sovet Rusiyasının Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq haqqında nota xarakterli təklifi Azərbaycan Hökuməti və siyasi partiyaları tərəfindən birmənalı qarşılanmadı. Bolşeviklərin xarici siyasətini düzgün qiymətləndirən Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifıni rədd etdi. Azərbaycan sosialistləri və "ittihad"çıları Çiçerinin notasına müsbət cavab verilməsini tələb etdilər. Hakimiyyətdaxili mübarizənin gücləndiyi bir dövrdə Rusiyanın təzyiqi də artırdı. Sovet Rusiyası Azərbaycan Hökumətinə yeni notalar göndərməkdə davam edirdi.

Beynəlxalq vəziyyəti nəzərə alan G.Çiçerin 1920-ci ilin martında V.İ.Leninə yazmışdı: "Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar... Bizi imperialist hesab etmələrinə yol verməməliyik".

Bolşeviklər xarici müdaxiləni pərdələmək məqsədilə Azərbaycanın milli hökumətini devirmək üçün ölkənin öz daxilində silahlı üsyana hazırlığa başladılar. 1920-ci il fevralın 11-12-də RK(b)P Bakı komitəsi, "Hümmət" və "Ədalət" təşkilatlarının qurultayı oldu. Ölkədə fəaliyyət göstərən bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı. AK(b)P-nin I qurultayı qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini zorakılıqla devirmək xətti götürdü. Lakin bolşeviklərin bir qismi silahlı üsyanın uğurla nəticələnəcəyinə şübhə ilə yanaşmaqda davam edirdi.

Stalin yazırdı: "Bu üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın sərhədlərini keçmək lazım gələcəkdir". 

Belə bir tarixi şəraitdə Antantanın Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərməməsi, Rusiya tərəfindən müdaxilə təhlükəsinə qarşı Gürcüstan və Azərbaycanın hərbi qüvvələrini əlaqələndirmək cəhdlərinin nəticəsiz qalması, ermənilərin xaricdən sifarişlə qaldırdıqları qiyam, istiqlal mübarizəsi aparan Türkiyənin sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın öz daxilində siyasi durumun sabit olmaması respublikanı xarici təcavüzlə təkbətək qoydu.

Göründüyü kimi, 1920-ci ilin 28 apreli ərəfəsində Azərbaycanda siyasi və iqtisadi böhran mövcud olsa da, dövlət çevrilişi və ölkənin xarici hərbi qüvvələr tərəfindən işğalı daxildən qaldırılmış üsyan nəticəsində baş vermədi. Bunun üçün "inqilabi şəraitin yetişməsi"ni iddia və təbliğ edən ilkin şərtlər, əslində, yox idi. Aprel işğalı xarici qüvvənin - 11-ci Qırmızı ordunun əvvəlcədən və planlı surətdə hazırlanmış "ildırım sürətli öldürücü" yürüşü nəticəsində baş verdi. Bunu ilk vaxtlarda bolşeviklərin özləri də etiraf edirdilər: "Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, Qırmızı ordu güclü idi."

Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyi Cümhuriyyətin devrilməsindən xəbər tutan kimi, aprelin 28-də San-Remo konfransına bu barədə nota təqdim etdi. Lakin nə bu, nə də sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Məcid





Həftənin ən çox oxunanları