Yuxarı

Əli Kərimlinin ardıcıllığı: İnamsızlıq-fiasko-ümidsizlik...

Əli Kərimlinin ardıcıllığı: İnamsızlıq-fiasko-ümidsizlik...

Ölkədə növbədənkənar seçki bitdi, müzakirəsi də elə seçkiylə bərabər başa çatdı. Hətta hökumətin yeni komandası da müəyyənləşdi, indi artıq növbəti mərhələyə qədəm qoyulur-islahatlara hardan və necə başlamaq, yaxud hakimiyyətin dediyi kimi, davam etdirmək. Cəmiyyətin də, siyası çevrənin də gözləntisi bu yöndədir. İndi ölkə üçün vacib olan məqam islahatların hansı sahələri necə əhatə edəcəyidir. Və ən əsası də nəticələr...

Ölkə hökumətin az da olsa, yenilən komandasından dəyişiklik gözləyir, bu dəyişikliyi öz gündəlik həyatından tutmuş ölkənin sosial-ictimai həyatına qədər hər sahədə hiss etmək arzusundadır. Hökumətin bu gözləntiləri necə doğruldacağını gözləmək indiki halda ən doğru seçimdir, hər halda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də son çıxışlarında yaxşı başlanğıcın vədi verilirdi.

Bütün bunların fonunda susqun görünməmək üçün sosial şəbəkələrdə aktivliyini qoruyub saxlamağa cəhd etsə də, əslində "qınına çəkilən” bir qrup da var. Rəhbəri də həmişəki kimi Əli Kərimlidir. Seçki baş tutmamışdan, nəticəsi bəlli olmamışdan seçkidən bir neçə gün sonraya təyin etdiyi mitinqdə fiaskoya uğrayan "Yurd” sədri üçün günlər kifayət qədər ağır keçir. Doğrulmayan  ümidləri ilə öz meydanında təkbaşına qalan Əli Kərimli üçün siyasətdən getməyin ən son qapısı da bağlanıb. Bu qapını öz əli ilə üzünə bağlayan elə Əli Kərimli olub. Hər şeyin öz zamanı var, siyasətə gəlməyin zamanı olduğu kimi siyasətdən getməyin də zamanı var və o zaman əldən verildiyi təqdirdə geriyə urvatsız olan "lider” qalır. 

İndiki halda Əli Kərimlinin birbaşa üzləşdiyi durum. Hətta 1 il əvvəl üçün də gec deyildi, bəlkə seçkinin nəticəsini gözləməyib 14 aprelə mitniq təyin edəndə  də "Yurd” sədri siyasətdə son günlərini yaşayırdı. "Məhsul” stadionundakı boş qalan yerlər Əli Kərimlinin son ümidini də öldürməli olmalıydı və qərar anının yetişdiyini tribunadan boş meydana baxanda hiss etməliydi. Təkcə hiss etməklə kifayətlənməyib Azərbaycanın siyasət tarixində qala bilmək üçün  (fərqi yoxdur necə- müəllif.) son şansı o tribunada siyasətdən gedişini elan etməsi olacaqdı. Bunun üçün Əli Kərimlinin əlində meydan da vardı, o meydana toplaşan azsaylı da olsa, tərəfdarı da. Qalırdı cəsarətini toplamaq və bacara bilmədiyini etiraf edib elə "Məhsul”  meydanındaca siyasət meydandan çəkilmək.  Əli Kərimli bunu etmədi, özünün son şansını da beləcə itirdi və itirdiyinin fərqində olduğundandır ki, susqunluğunu dörd divar arxasına daşıyıb. 

Deməyin ki, Ermənistandakı son hadisələr "Yurd” sədrinin artıq çoxdan ölmüş, amma hələ dəfn etmədiyi  ümidlərini yenidən dirçəldib. Əli Kərimli İrəvan oyunlarının Bakıda təkrarlana bilməyəcəyini yaxşı bilir, hər halda siyasətdə olduğu az olmayan müddətdə bunu biləcək qədər təcrübə toplamış olar. Onu da bilir ki, Ermənistanın üzünü hara  çevirməsindən asılı olmayaraq, beynəlxalq güclər eyni ssenarini Bakıda həyata keçirmək niyyətindən uzaqdırlar. Hətta ən bəd halda bunu həyata keçirməyə cəhd edəcəkləri təqdirdə belə seçimləri Əli Kərimli olmayacaq. Əli Kərimli onunla bağlı seçim etmək manevrlərini  çoxdan sıradan çıxarıb, boş qalan icazəli mitinqlər bunun güzgüsüdür. O güzgüyə baxıb "Yurd” sədrinin siyasi imkanlarını qiymətləndirmək o qədər də çətin deyil. Ələlxüsus da beynəlxalq güclərin əlində. O güclər ki, bütün ssenarilərini ən xırda detallarına qədər işləyib hazırlamadan addm atmırlar. Deməli, Əli Kərimli üçün inqilab liderinə çevrilmək şansı ya heç olmayıb, ya da olsa belə, çoxtərəfli oyunları ilə "Yurd” sədri bu imkanlarını sona qədər tükəndirib.  

Xalq üçün də  Əli Kərimli deyə biri zatən heç bir vaxt  siyasi lider olmayıb, bu iddiaya özü və yaxınlığındakı az sayda insandan başqa kimsə inanmayıb. Facebook bütün xalq demək deyil, Facebook-dakı "like”lar da xalqın sevgisi, inamı deyil. Xalq üçün siyasi müxalifət deyiləndə yada düşən ilk isim Əli Kərimli olmur və heç zaman da olmayıb. Əgər Əli Kərimli özünü buna inandırıbsa, bunda hər addımda təhqir etdirməyə çalışdığı xalqın heç bir günahı yoxdur. 

Xalq hakimiyyətdən, yaxud ayrı-ayrı məmurlardan narazı ola, yaxud yeni seçkidən sonra yaxşılığıa doğru böyük dəyişikliklər ümidi ilə də yaşaya bilər. Bu, onun haqqıdır, haqqını istəmək üçün aksiya da keçirə, sosial şəbəkədə etiraz da edə bilər. Amma xalq bunu edəcəyi təqdirdə önündə Əli Kərimlini görmür, əksinə, öndə Əli Kərimli gedəcəksə, onun arxasında getməyi özünə rəva bilməyənlərin sayı "Yurd” liderinin təxminlərindən min dəfələrlə çoxdur. Əli Kərimlinin limiti tükənib, indi yox, hələ siyasi müxalifətin ölkədə ciddi söz sahibi olduğu dönəmlərdən etibarən "Yurd” sədri üçün bu limit bitib. İndi xalqdan yeni limit istəmək 1 milyon ödənməyən kredit borcunun üstünə daha 2 milyon borc istəməklə birəbir eynidir.  

Beynəlxalq siyasi güclər üçün də Əli Kərimli vazkeçilməz deyil, bu statusu qazanmayıb, əksinə AXCP-nin rəhbərliyində təmsil olunduğu dönəmlərdə adının hallandığı siyasi oyunlarla qazandığı limiti da qısa müddətdə xərcləyib. Deməli, bütün qapılar bağlanıb və Əli Kərimli üçün ən pisi o qapıları üzünə məhz özünün bağlamasıdır. "Liderlik” fiaskosu özü ilə inamsızlığı gətirdi, inamsızlq özü ilə mitinq fiaskosunu gətirdi, mitinq fiaskosunun da məntiqi nəticəsi siyasətdən təqaüdə çıxmaq olmalıdır ki, Əli Kərimlidə bu ardıcıllığı qorumaq qətiyyətinin olduğuna çox az adam inanır. 

Hələlik sükutdur, Facebook-daki bəzi paylaşımlar və onlara qoyulan "like”ları çıxmaq şərtilə susqunluqdur. Ardınca nə gələcək? Bir-birinin ardınca Facebook statusları, daha bir və ya  neçə icazəli mitinq, ardınca yeni bir "ümid” doğacaq- erkən parlament seçkisi. Əli Kərimlinin ardıcıllığı belədir, hər halda işsiz qalmayacaq...

Elnarə Kərimova





Həftənin ən çox oxunanları