Yuxarı

Əli Kərimlinin qalaqlanan "xain siyahısı”: İndi növbə "Meydan”dadır

Əli Kərimlinin qalaqlanan

"Yurd” sədri Əli Kərimli siyasi meydanda qalmaq istəyini bir-birinin ardınca uğursuz cəhdlərlə reallaşdırmaq israrından əl çəkmir.

Bunun üçün heç nəyi əsirgəməyən Əli Kərimli "Müharibədə bütün vasitələr keçərlidir” deyimini özünə uyğunlaşdıraraq fəaliyyətini "Siyasətbazlıqda hər vasitə keçərlidir” "konsepsiyası” üzərində qurub. Bunun üçün sosial şəbəkənin yaratdığı imkanlardan hələlik gen-bol yararlanan "Yurd " sədri üçün bir anda bütün müttəfqlər ciddi rəqibə, bütün dostlar düşmənə, bütün düşmənlər yaxına çevrilə bilər. Yetər ki, onun məqsədinə çatması üçün yolunda daş olmasınlar, ona dəstəklərini əsirgəməyib sinələrini sipər etsinlər, yeri gələndə Əli Kərimli onları bir anda ayaqalayıb qarşı tərəfə addımlaya da bilər. Etmədiyi məsələ deyil, indiyə qədər bütün fəaliyyətini bunun üzərində qurub, öz çapında uğur da qazanıb, müxalifət adına iddiaları elə beşikdəcə boğmağa cəhd edib və bəzən alındırıb da, sonrakı mərhələlərdə "ölkədəki yeganə dözümlü müxalif” obrazını yaratmaq üçün illərini sərf edib, qarşılığında nələrə sahiblənib, amma iddiası bununla da bitməyib, sona qədər özünün özünə və başqalarının ona biçdiyi missiyanı aparmağa hazır durumdadır.  

Bu dəfə hədəfdə "Meydan”

Bu dəfə də "Yurd” sədrinin hədəfinə Meydan TV-nin yaradıcısı Emin Milli tuş glib. Doğrudur, Kərimli özü birbaşa Emin Millini hədəfə almayıb, ancaq ətrafındakıların Kərimlinin ağzı ilə danışdığını nəzərə alsaq, deyilənlərin "Yurd” sədrinin mətbəxində hazırlandığı dəqiqdir. Milli Şuranın sədri Cəmil Həsənlinin dili ilə Emin Millini hədəfə alan və aldıran Əli Kərimli özünün hakimiyyətin yeganə rəqiibi olması imicini formalaşdırmaq üçün barəsində söylənilən istənilən fikirdən yararlana bilər. Fərqi yoxdur, bu sözü ona kim deyib. Əsas odur ki, onu ya tərifləsinlər, ya da tənqid etsinlər. İkisindən də yararlanmaq bacarığı var.

Birincini reklamı, ikincini isə müdafiəsi üçün istifadə edəcək. Cəmil Həsənli sosial şəbəkə səhifəsində "Əgər xatırlayırsınısa, aprelin 18-də keçirilmiş inaqurasiya nitqində İlham Əliyev dövlətin bütün resursları ilə üzərinə getdiyi müxalifətlə bağlı bildirdi ki, onlar tam marginallaşıb. Bundan 3 həftə sonra, mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə tərəfsiz, balanslaşdırılmış, obyektiv informasiya siyasətinə iddialı olan "Meydan” TV-nin lideri Emin Milli bu dairəni daha da "dəqiqləşdirərək” bəyan etdi ki, Əli Kərimlinin iddia etdiyi Xalq Cəbhəsi Partiyası köhnəlib, yəni İlham Əliyev demiş "marginallaşıb". Tərəfsiz, balanslaşdırılmış, obyektiv informasiya siyasətindən imtina etmək üçün 5 min km yol getməyə ehtiyac var idimi?”,- deyə yazmaqla Kərimlinin düşüncələrinin güzgüsü olub. 

İndi Kərimli elə düşünür ki, daxildəkilərdə özünə qarşı simpatiya formalaşdıra bilməyibsə, bunu xaricdəkilərlə etmək olar. Buna görə də xaricdə hakimiyyət əleyhinə səslənən istənilən fikirlərdən dərhal öz məqsədi üçün yararlanmaq niyyətindədir. Bir zamanlar "qiyamçı diplomatlar” adlandırılan Arif Məmmədov və Nahid Hacıyev, daha sonra kimlərinsə çıxışlarından özünü təbliğ vasitəsi kimi istifadəyə cəhd edən və buna zaman-zaman nail olan Əli Kərimli bu "ittifaqları” da uzun müddət davam etdirə bilməyib. Buna onun iddiası imkan verməz. O olan yerdə başqa birinin statusunun "like” edilməsi belə Kərimli üçün məhvə bərabərdir. Eqonun bu qədərinə yəqin ki, ancaq Kərimli xasiyyətdə olan az sayda insan sahib ola bilər ( TƏBİİ Kİ, 3-4 NƏFƏR DƏ BU TİPLİ ADAMLAR OLUB VƏ YA VAR). Buna görə də qısa müddətdə "qiyamçı diplomatlarla” konflikt səviyyəsinə qədər uzanan fikir ayrılıqları Kərimlinin xaricdən dəstək axtarışının da uğrusuzluqla nəticələndiyini ortaya qoydu. Hamı onun kimi düşünmək məcburiyyətində deyil - budur Kərimlinin anlamadığı və ya anlayıb da qəbullanmadığı. Buna görə də hətta hər tərəf özünü müxalifət adlandırsa da, görünən odur ki, özünü "yeni” sayanlar özünü "yeni-köhnə” sayan Kərimlinin bazarına girə bilməz.

"Yurd” sədri buna imkan verməmək üçün bir anda bütün körpüləri yandırar. Necə ki,  Əli Kərimlinin "siyasəti murdarladığı”  fikrində olan Nahid Hacıyevdən indi də əl çəkmir.  Bu dəfə isə növbə "Meydan” TV və onun rəhbərliyindədir. Bu dəfə xain elan edilmək növbəsi onlara çatıb.  İndiyə qədər Əli Kərimlinin "xainlər” siyahısına adları yazılanlar arasına yeniləri əlavə edilir. "Yurd” sədri özünü toxunulmaz elan etdirmək istəyir, hakimiyyətin tənqidə dözümsüzlüyünü dönə-dönə vurğulasa da,  özünün dözümsüzlük şkalasında ən son yeri tutduğunun fərqindədirmi görəsən? Yoxsa o, özünü tənqid edilməyəcək qədər böyük siyasətçi hesab edir? Hətta ölkəsi üçün böyük uğurlara imza atan siyasi liderlərin belə bu iddiada olmadığı dünyada Kərimli üçün istənilən tənqid arzuedilməzdir. Dərhal cavabı verilməli, sözü deyən "daş-qalaq” edilməli, söyülməli, böhtana tuş olmlı, Facebook-un saxta profil ordusu dərhal hücuma keçib qarşı tərəfi susdurmağa çalışmalı, bunu bacarmayanda isə onu düşmən, xain elan etməlidir. Bu xətti siyasətdə əsas yoluna çevirən Kərimlinin ən yaxşı bacardığı da budur. Düşmən siyahısını genişləndirmək. Ara-sıra da olsa ora nəzər salsa, keçmiş dost və müttəfiqlərini görməkdən məmnun qalırmı görəsən? Yoxsa o siyahılar həm də baxılmamaq üçündür? Çünki baxmaq həm də xatırlamaq deməkdir- keçmişi xatırlamaq. Keçmişi təmiz olmayanlar üçün onu unutmaqdan yaxşı yol yoxdur. Eyniylə Kərimli kimi…

Elnarə Kərimova






Həftənin ən çox oxunanları