Yuxarı

AXC-100: Müxalifət yubileyə necə hazırlaşır?

AXC-100: Müxalifət yubileyə necə hazırlaşır?

28 may Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu ilm həm cümhuriyyətin 100 illik yubileyinə təsadüf edir. Ölkə başçısının sərəncamı ilə 2018-ci il "Cümhuriyyət ili” elan olunub. Hökumət bu istiqamətdə müxtəlif tədbirlər planı hazırlayıb. Maraqlıdır, bəs daim cümhuriyyət ideyalarının davamçıları olduqlarını deyən müxalifət yubileyə necə hazırlaşır?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev təmsil olunduğu partiyanın Cümhuriyyətin 100 illiyinə özəl olaraq hazırlaşdıqlarını deyib:

"AXC-nin 100 illiyi bütün Azərbaycan, Azərbaycan xalqı, Türk dünyası üçün çox önəmli tarixi hadisədir. Və əlbəttə, tariximizə qızıl hərflərlə yazılan bu şanlı günə biz də AXCP olaraq özəl hazırlaşırıq. Detalları açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, bütün partiya çox ciddi, həvəslə hazırlaşırıq. Bir sıra tədbirlər keçirəçəyik, təqdimatlarımız olacaq”.

Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli isə deyib ki, əməkdaşlıq etdikləri partiyalarla birgə tədbirlər keçiriləcək:

"Mayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəyik. Keçmiş prezident, mərhum Əbülfəz Elçibəyin yubiley tədbirlərinin hazırlanmasında da iştirak edirik. Cumhuriyyət liderlərinin məzarlarının Azərbaycana köçürülməsini təklif etmişik. Partiyanın gənclər təşkilatına cumhuriyyətlə ilgili kreativ, fərqli tədbirlər keçirmək tapşırığı verilib”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə partiyanın tədbirlər planını gizli saxlamağa üstünlük verdi:

"28 mayla bağlı çox orijinal planımız var. Amma indi heç nə demək istəmirəm. Çünki çox mürəkkəb plandır. Onu həyata keçirmək üçün hələ ki, təşkilatı işlər görürük”.

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə artıq tədbirlərə başladıqlarını bildirib:

"Partiyanın qərargahında 28 mayla bağlı tədbir olacaq. Ondan sonra Novxanıda Rəsulzadənin abidəsini ziyarət edəcəyik. Silsilə tədbirlərimiz onsuz da keçirilir. Qurultayımız olacaq. Qurultay öncəsi tədbirlərdə də cümhuriyyətlə bağlı müzakirələr aparılır”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da partiyanın Cümhuriyyətlə bağlı tədbirlərə start verdiyini deyib:

"Cümhuriyyətin 100 illiyi ilə bağlı artıq işçi qrupu da yaradılıb. Bir sıra tədbirlərimizi artıq keçirmişik. Ötən həftənin şənbə günü də bununla bağlı tədbir keçirdik. Həm tarixi həqiqətlərin gənclərə aşılanması çərçivəsində tədbirlərimiz davam edəcək. Biz də çalışırıq ki, Cümhuriyyətin möhtəşəm 100 illiyini biz də layiqincə qeyd edək.

Azərbaycan Demkratiya və Rifah Hərəkatı (ADR) İdarə Heyətinin üzvü Rövşən Dəmirli Cümhuriyyətin yubileyi ilə bağlı tədbirlərin başlandığını vurğulayıb:

"ADR olaraq ilin əvvəlindən təbdirlər planı hazırlamışıq. Artıq ilk tədbirimiz də keçirilib. Mayın 28-ə qədər də bir neçə tədbirimiz olacaq. Gəncədə Cümhuriyyət qurucularını, Salyanda Əli bəy Hüseynzadəni yad edəcəyik. Mayın 28-də isə Novxanıda Rəsulzadənin abidəsini ziyarət edəcəyik”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) icra aparatının rəhbəri Ramil Hüseynov isə təmsil olunduğu partiyanın Cümhuriyyətlə bağlı konkret planının olmadığını deyib:

"Açığı hər il biz ancaq Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edirik. Başqa bir planımız hələ ki, yoxdur. Əvvəllər müxalifət partiyaları tədbirlərin keçirilməsini müzakirə edirdi. Hələ ki, bizə belə bir təklif də gəlməyib. Çox güman ki, yenə də Rəsulzadənin abidəsini ziyarət edəcəyik”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları