Yuxarı

AXCP-nin təklifləri gündəmdə

AXCP-nin təklifləri gündəmdə

Dünya bazarında neftin ucuzlaşması, xüsusilə, iqtisadiyyatı neftdən asılı ölkələri  qeyri-neft sektorunun inkişafına diqqəti artırmağa vadar etdi.

Bu istiqamətdə Azərbaycan hökuməti də müəyyən addımlar atdı. Hökumətin qeyri-neft sektorunu prioritet elan etməsi də bu qəbildən olan qərarlardan oldu. Nəzərdə tutulan işlər sırasında ilk yerlərdən biri də ölkənin turizmin inkişafını sürətləndirmək oldu. Ancaq Mədəniyyət və Turizm Nazirliyi bu işin öhdəsindən lazımınca gələ bilmədi. Prezident seçkilərindən sonra aparılan struktur islahatları bu nazirlikdən də yan keçmədi. 

Prezident İlham Əliyevin sərərncamı ilə  Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradıldı. Hesab olunur ki, yeni agentlik turizm sahəsinin inkişafında ciddi rol oynayacaq.

Turizmin inkişafı ilə bağlı müxtəlif vaxtlarda bir sıra təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub. Azərbaycanda kifayət qədər turizm mərkəzləri var. Lakin, onların çoxu yatmaq üçün yer və iaşə  xidmətləri təklif edir. Artıq azərbaycanlı təfəkkürünə oturuşub ki, istirahət yaxşı yeyib-içməkdən ibarətdir. Lakin turizm obyektlərini daha effektiv və rentabelli etmək, dövlətin gəlirlərinin formalaşmasında əsas pay sahiblərindən birinə çevirmək üçün konkret proqram, tövsiyə və nəzarət müxanizminin formalaşdırılması günümüzün əsas şərtlərindəndir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da hökumətə 3 hissədən ibarət təkliflər paketi təqdim edib ki, onlardan biri də turizmin inkişafı ilə bağlı idi.

Nabranda turizm infrastrukturunun yaradılması sahibkarların üzərinə turizm obyektlərində müalicə-sağlamlıq və idman infrastrukturunun yaradılması şərtlərinin qoyulması; Siyəzəndə yeni turizm kompleksinin yaradılması - Azərbaycanın Antaliyası; Qeyri-neft sektorunun inkişafına əsaslı töhfə - müalicəvi sanatoriyaların bərpası və yenilərinin yaradılması; Qızılqum sanatoriyası; Mollakənd Ulusu sanatoriyası; İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası; Xaltan kənd İstisu; Vizanın sadələşdirilməsi; Reklam işinin təşkili kimi təklifləri ehtiva edən sənəd o, zaman bu işlərin görülməsində məsul olan naizrlik tərəfindən müsbət qarşılanmışdı. Ancaq AXCP-nin bu təkliflərinin həyata keçirilməsi və ya görülən işlərlə bağlı nazirlik heç bir məlumat vermədi.

Qeyd edək ki, ilkin olaraq turizmlə bağlı verilən təklifdən sonra hökumət bir sıra qərarlar qəbul etdi. Eynilə Təkliflər Paketində göstərilən bəndlərə uyğun olaraq qış və yay turizmin inkişafı ilə bağlı qərarlar verildi və bunun nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı xeyli artdı. Hətta statistik məlumatlara görə, ölkəyə gələn turistlərin sayı ötən illərdən qat-qat çoxdur.

Ehtimal olunur ki, yeni yaradılan Turizm Agentliyi bu sahənin inkişafı üçün bu və digər təkliflərdən istifadə edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir. 

Agentliyin üzərinə düşən isə sadəcə, qiymətlərin bazara uyğunlaşdırılması və turistləri ölkəyə cəlb etmək üçün təkliflərin hazırlanmasıdır. Viza rejiminin sadələşdirilməsi, bir sıra ölkələrdə birdəfəlik aradan qaldırılması da vacib məsələdir.

Doğrudur, bir müddət öncə Azərbaycan bir sıra ölkələrlə viza rejimini ləğv etdi. Bu prosesin davamlı olması və xüsusilə də turist potensialı yüksək olan ölkələrlə bunu etmək daha vacibdir. Qeyd edək ki, viza rejiminin ləğv olunması da AXCP-nin təkliflər paketində xüsusi yer alan məsələlərdəndir.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları