Yuxarı

Əli Kərimlinin susmaq zamanı

Əli Kərimlinin susmaq zamanı

Əsəb, yorgunluq, usanma, qəzəb və nifrət. Hər şeyə-dünyaya, insanlara, həyata nifrət, hamıdan olmamış və olmayacaqların hesabını soruşmaq cəhdi, layiq olub-olmadığını düşünmədən istədiklərini əldə etməməkdə başqalarını günahlandırmaq. Və s. və i... Bir siyasətçinin portretinə bundan daha artığını da yazmaq olardı, amma nəticə dəyişməyəcəkdi. Eynilə insanın özü dəyişmədiyi kimi... Xalqın ayrı-ayrı fərdlərini sevməmək olar, amma xalqı ucdantutma günahlandıracaq qədər "siyasətbaz” olmaq üçün ancaq və ancaq özünəvurğunluq kifayət etmir. 

Bunun üçün eqo o qədər yüksək olmalıdır ki, başqa cür düşünməni belə birini düşmən elan etmək üçün yetərli hesab edəsən. Eynilə Əli Kərimlinin indiki halda düşdüyü vəziyyət. Bu vəziyyətə gəlib çatana qədər Kərimli çox yollardan keçib, çox "mübarizə” aparıb, yeganə olaraq özüylə aparmaq istəmədiyi mübarizədən qalib çıxıb ona görə ki, bu ən rahatıdır. Özünlə mübarizə mübarizələrin ən çətindiir, ona ancaq hər iki nəticəni- udmaq və uduzmağı göz önünə alaraq cəsarət edənlər qalxışır. Əli Kərimli bu mübarizədən qalib çıxıb, sadəcə, onu aparmamaqla...

Kərimli bir müddətdir susur, susmağı danışmamaq mənasında yazmıram. Deyiləcək sözü olmadığından da deyil bu susqunluq. Onu dinləyənlərin gözgörəsi say azlığından da qaynaqlanmır. Danışmq üçün mövzu qıtlığı da deyil məsələ. Məsələ Kərimlinin eqosundadır, onu danışdıran da, susduran da bu eqodur. Eqosunu təmin etmək üçün lazım olsa, gələnlərin olmayacağını bilə-bilə meydanlara çağırış edər, lazım bilsə, Facebook-da "bombardman” başladar, lazım bildiyi an da küncünə çəkilib bugünkü kimi susar. Susmaq dinləməyin bir tərəfidir. Ancaq bu tərəf Kərimliyə heç bir vaxt maraqlı olmayıb, dinləməyi bacarmaq və sevmək lazımdır, monoloqu sevən adamlar üçün bu, ən əzablısı və qəbuledilməzidir. Dinləmək həm də ondan başqa da kimlərinsə danışması deməkdir və eqo bu kiçik həqiqəti belə qəbul etməyə imkan verməyəndə ortaya Kərimli nümunəsi çıxır. Deyə bilərsiniz ki, susqun Əli Kərimli danışan Əli Kərimlidən daha yaxşıdır, amma bu susqunluğun altından çox keçmədən nələrin çıxacağını təxmin etmək o qədər də çətin olmadığına görə razılaşmırıq. Cəmiyyətə, ölkəyə Əli Kərimlinin danışması heç nə vermədiyi kimi, susqunluğu da yaxşı nəsə verməyəcək. Bu susqunluq ancaq və ancaq Kərimlinin özü üçün hesablanıb, ondan xalqa da, ölkəyə də yaxşı nəsə pay çatmayacaq. Susmaq Kərimli üçün həmişə qızıl olub, çünki sonrakı danışığı bu sus payına büküb yeritməyə çalışacaq. 

Kərimlinin seçkidən əvvəlki aktivliyi də öləziyib. Təbii ki, heç də bütün siyasətçilərin hər zaman aktiv olması lazım gəldiyi fikrində deyilik, zaman-zaman yeni qüvvə toplamaq üçün "qınına çəkilmə” də bir siyasi gedişdir. Amma indiki halda Əli Kərimli üçün bu siyasi gedişdən daha çox məqsədlərə çatmaq üçün hədəflənən gediş... "Yurd” lideri bunu hər şeydən daha yaxşı bacarır. Siyasəti əsasən hədəflərinə çatmaq üçün vasitə kimi istifadə edən Əli Kərimlinin susqunluğu da məhz buna hesablanıb. Diqqət yetirin. Bir aydan artıqdır ki, sosial şəbəkələrdə, mətbuatda Qarabağ döyüşçülərinin mitinq çağırışı səslənir. Müxtəlif səviyyələrdə müzakirələr aparılır, Qarabağ döyüşçüləri aksiyaya münasibətlərini açıqlayır, BŞİH-nə müraciət edilib. Ancaq mitinq həvəsi ilə tanınan Əli Kərimli bu çağırışlara özünəməxsus susqunluqla cavab verir. Çünki bu, Kərimlinin qazanc əldə edə biləcəyi sahə deyil, Qarabağ üzərindən nə xarici təşkilatlardan, nə yerli "pul mənbələrindən” nəsə əldə etmək mümkündür. Qarabağ Azərbaycanın bəlkə də yeganə sahəsidir ki, ona beynəlxalq təşkilatlar laqeyd yanaşır, xarici donorlar üçün bu mövzu çoxdan bağlanıb, özünü əbədi müxalifət adlandıranların yerli sərmayədarları üçün də Qarabağ unutdurulmalı mövzudur. İllərini siyasi gedişlərdə tükədən Kərimli bunları bilməmiş deyil və indiyə qədərki hərəkətlərilə həm də maddi təminatını yaxşılaşdırmaq məqsədinə çatan "Yurd” sədrinin bu mövzuda susmasnın tək səbəbi də budur. Mitinqə icazə verilərsə, onun təşkilatçısı və iştirakçıları arasında Əli Kərimlinin siyasi fəaliyyətilə yaxından tanış olanlar az olmayacaq. Onların qarşısında Kərimlinin "Qarabağ nitqi” söyləməsi nə qədər gülünc səslənərsə, o çıxışa inananların olacağını gözləmək də o qədər inandırıcı səslənməz. Kərimli buna görə susur, onu kifayət qədər yaxından tanıyan kəsimə xitab etmək "Yurd” sədrinin özünü məhvinində daha bir halqa olar. Kərimli üçün halqalar önəmlidir, onları bir-birinə bağlayıb siyasət quyusuna enir və oradan çıxması da bu halqaların bir-birinə nə qədər möhkəm bağlanmasından asılıdır. Bircə halqanın qırılması ilə quyunun dibinə enmək təhlükəsi realdır və Kərimli heç nədə olmasa da, özüylə bağlı təhlükələri anında görmək və dəyərləndirmək kimi fitri istedada malikdir. 

Əli Kərimlini tanıyanlar bu bacarığına heç bir zaman şübhə etməyiblər. Deməli, Kərimlinin susqunluğu da məqsədlidir, eynilə danışması kimi. Bunları bir-birindən fərqləndirən Kərimlinin əldə edə biləcəyinin həcmindədir. Məhz bu həcmdən asılı olaraq Əli Kərimli danışacağına, yaxud susacağına qərar verir. Necə ki, indi Kərimli üçün susmaq zamanıdır... Amma əgər bu yazı yayınlanmadan Kərimlinin odlu-alovlu nitqini görsəniz, təəccüblənməyin. Əli Kərimli üçün danışmaq da, susmaq da qızıl olanda qiymətlidir...

Elnarə Kərimova





Həftənin ən çox oxunanları