Yuxarı

Payızda parlamentdə boş yer qalmayacaq? - SEÇKİ MÜZAKİRƏSİ

Payızda parlamentdə boş yer qalmayacaq? - SEÇKİ MÜZAKİRƏSİ

Hazırda Milli Məclisdə boş qalan 8 mandat yeri var. Milli Məclisdə bəzi rayonlar üzrə boş qalmış deputat yerlərinin olması həmin yerlərə seçki keçirilməsi barədə müzakirələr yaradıb. Məlumatlar dolaşır ki, payızda boş qalmış deputat kürsülərinə seçki keçiriləcək. 

Məlumat üçün qeyd edək ki, prezident seçkilərindən sonra ölkə başçısının sərəncamı ilə daha 2 deputat yeni hökumətin tərkibində yer aldı. Bununla da Milli Məclisdə boş yerlərin sayı 8-ə çatdı. Bundan əvvəl Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olundu. Ardınca deputat Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, deputat Fuad Muradov isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyinat aldı. Deputat Muxtar Babayev isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin edildi.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verildi. Bir müddət əvvəl isə  71 yaşlı millət vəkili Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişdi. 

Parlamentdə boş qalan yerlərə seçkilər keçirilməsi müzakirə olunurmu?

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli Cebhe.info-ya açıqlamasında məsələ barədə xəbərsiz olduğunu deyib. O, qeyd edib ki, ümumiyyətlə parlementdə neçə yerin boş qalması və  Mərkəzi Seçki Komissiyasının bununla bağlı hər hansı qərar qəbul etməsindən məlumatsızdı. 

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları