Yuxarı

Siyahıdakı "mən”: Ənənəvi müxalifətin "mübarizə sevgisi”nin səbəbi

Siyahıdakı

Azərbaycanda baş verən siyasi prosesləri izlədikcə, siyasətlə məşğul olduğunu iddia edənlərin indiyə qədərki xalqı və özlərini inandırmaq çabaları qarşısında sadəcə, susmaqdan başqa yol qalmır. Siyasətçi olduğunu iddia edib siyasi proseslərə yön vermək kimi bir niyyət və qüvvəsi olmayan bu şəxslər üçün siyasət meydanı sadəcə məşğuliyyətdir, dolanışıq yeridir, qazanc gətirəcək sahədir. 

Bundan başqa, zatən bir iddiası olmayanlar üçün siyasətdən getmək qazancdan məhrum olmaq deməkdir ki, bunu da siyasəti artıq işinə çevirənlər üçün yolverilməzdir.

Əgər belə olmasaydı, ənənəvi müxalifət indiyə qədərki məsuliyyətsizliyi, yarıtmazlığı ilə ancaq xalqın etimadını itirib hakimiyyətin "əlinə oynadığını” fərq edər, bununla da kifayətlənməyib çıxışlarının başında da, sonunda da "xidmətə” görə minnət vurduqları vətənə və millətə nəhayət ki, bir xeyirlərinin dəyməsini təmin etmiş olardılar. Amma yox, bunu etmək üçün bu vətəni də, bu milləti də yetərincə olmasa da, bir azca sevmək lazımdır. Onu öz ambisiyalarından, eqosundan üstün tutmaq, ona xidmət etməyin ən böyük siyasət olduğunu düşünüb zamanında getməyi bacarmaq... Artıq illərdir ki, müxalifətdə gün keçirib (məhz gün keçirib-müəllif) günü günə calayanlar üçün getmək ən qəbuledilməz variantdır. Bu, ambisiyaları iddiaları və potensiallarından böyük olanların baş vurmalı olduğu ən son yoldur. Necə ki, artıq onilliklərdir ambisiyalarının boynuna bir ip keçirib o meydan sənin, bu meydan sənin stadionları dolaşdırır, tribunalara dartıb çıxarır, nəticəsiz mübarizədə xərclədikcə üzərinə yenisini əlavə edib mikrafondan dördəlli yapşırlar.

Sədəməsi isə mübarizəyə və xalqa, siyasi proseslərin sonucu olaraq ölkənin inkişafına dəyir. Qazanan yenə özləri və "əlinə oynadıqları” hakimiyyətdaxili bəzi qüvvələr olur. O qüvvələr ki, onları himayə edir, lazım gələndə meydana buraxıb kənardan tamaçasına dayanır, lazım gələndə gücləndirmək üçün mənbələr tövsiyə edir. Son olaraq xalqda mübarizəyə olan inamı sarsıltmaq yox, təməlli yox etmək üçün qurulan bu oyunda qazanan yenə də özünü "müxalif” adlandırmaqdan başqa siyasi zövq mənbəyi olmayanlardır. Meydanda hansisa başqa, fərqli, yenilikçi siyasi gücün olmasına dözümsüzlük nümayiş etdirəcək qədər "eqo”lu olan ənənəvi müxalifət başbilənləri üçün yoldan çəkilməyin zamanı artıq çoxdan çatıb. Bunu ətraflarında qalan azsaylı dostları da, mitinqlərdə hər dəfə azalan sayları da, hətta çoxsaylı "fake” profillərə baxmayaraq çoxalmayan "like”ları da, ən əsası isə özləri də bilir. Ancaq bildiklərinin bir ucundan tutub doğruya qədər getməkdənsə, susub "müxalifət oyununa” davam etməyə üstünlük verirlər.

Bu oyundan qazandıqlarını çıxıb gedəndə qazana bilməyəcəkləri üçün meydanı başqalarına, layiqli olanlara, xalq qarşısında gözükölgəli olmayanlara, xəyanət yolunu tutmayanlara buraxmayacaq qədər eqo nümayiş etdirirlər. Onlar üçün ölkənin və millətin gələcəyinin heç bir əhəmiyyəti yoxdur - bu meydan boşdur, narazı kütlələri də özlərindən üz çevirib ümidsizliyə doğru yuvarladıblar, qazancları ancaq şəxsi zəmindədir, öz ciblərində, öz bank hesablaırndadır. Ənənəvi müxalifət üçün xalq da, millət də, siyasi mübarizə də, iqtsadi azadlıq da, lap elə söz və ifadə azadlığı da hər şeydən sonra gəlir. Bütün siyahıların başında ancaq özləridir, öz çoxillik "təcrübələri” və əldən verməyəcəkləri imkanları ilə. Onlar təcrübə də olmasa, imkan qazandıran bir şeydən (adını mübarizə qoysalar da- müəllif) öz xoşlarına əl çəkmək üçün həm də iradə sahibi olmalıdırlar. 

Elnarə Kərimova





Həftənin ən çox oxunanları