Yuxarı

Əli Kərimliyə qarşı gənclik savaşı

Əli Kərimliyə qarşı gənclik savaşı

"Yurd” sədri Əli Kərimli indi də zamanında onun maraqlarından çıxış edən gənclərin, keçmiş "mübarizə yoldaşlarının” hədəfinə gəlib. Onların Əli Kərimliyə qarşı çıxmasının bir çox səbəbi var. Əli Kərimli və digər ənənəvi müxalifət "liderləri” illərdir müxalif cameə adına iddia edir və öz "siyasi gedişləri” ilə müxalifətin vahidlik prinsipini pozur. Bir zamanlar müxtəlif vədlərlə yanlarına cəlb etdikləri şəxslər, özəlliklə də gənc qüvvələr nəticə istəyir. Nəticəsiz siyasətçinin meydanda bundan daha artıq qalmaq çabalarını qəbul etməyən kəsim, xüsusilə də gənclər üçün "Yurd” sədri siyasi mübarizədə müsbət nəticə əldə etmək gücündə olmayan tükənmiş insandır. 

Dəfələrlə ona siyasətdə yeni qüvvələrin yolunu kəsməmək, kənara çəkilmək, zamanının çoxdan çatması barədə təkliflər edilib, ancaq Kərimli buna nəinki müsbət yanaşıb, əksinə, aqressiyalı davranıb. Bu tip təklif verənləri trolları vasitəsilə aşağılayıb, şantaj edib, öz aləmində satqın çıxarıb. Hal-hazırda da Kərimlinin trol şəbəkəsi ona etiraz edənləri hədəfə alıb.

Xatırladaq, hələ 3 il öncə AXCP sədri Razi Nurullayev və cəbhəçilər Əli Kərimlini "bir addım geri çəkil”məsi və siyasətdə yenilikçi qüvvələrə yol açılmasının vacibliyinə inandırmağa çalışdılar. Amma adəti üzrə "Yurd” sədri bu çağırışlara məhəl qoymadı, əvəzində hamını suçladı, böhtan atdı, təhqir maşınını işə saldı. Təəssüf ki, indi Əli Kərimlini ittiham edən həmin şəxslər də o zamanlar onun haqlı olduğunu düşünürdü, "Yurd” sədrinin ittiham maşınının çarxını fırladırdılar. İndi isə görünən odur ki, artıq Əli Kərimlinin "silahdaşları” da böyük səhv etdiklərini anlayıblar. "Yurd” sədri 3 il öncə onların vasitəsilə etdiklərini, indi elə onların özlərinə qarşı edir. İndi həmin qüvvələr Ə.Kərimliyə "get” deyirlər, əvəzində isə söyüşlü, təhqirli cavab alırlar.

Reallıq isə ondan ibarətdir ki, Əli Kərimli müxalifətdə olduqca, narazı xalq bu düşərgədən uzaq gəzəcək. Əslində bunun yalnız bir çıxış yolu var: Əli Kərimlini müxalifətdən dışlamaq. Onun "əbədi liderlik” iddiasına qarşı müxtəif etiraz formalarından istifadə edilməli və ona qarşı ictimai boykot taktikası qurulmalıdır.Bu, məsələnin ancaq bir tərəfidir. 

Əli Kərimli və tərəfdarları isə indiki mərhələdə qızğın savaşa qalxışıblar. Son günlər sosial şəbəkələrdə "köhnə dostlar”ın savaşı getdikcə daha da qızışır. Əli Kərimlini dəstəkləyənlər elə zamanında eyni cinahda "mübarizə” apardıqları adamlarla üz-üzə gəliblər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, bu gün Əli Kərimliyə qarşı çıxanlar bir müddət öncə elə onun qatı müdafiəçiləri idi. Bəs nə dəyişdi? Əslində bu sualın cavabı hər kəsə bəllidir. Dəyişən həmin şəxslərin Əli Kərimlinin istəklərini, etdiklərini indi dərk etmələrindədir. Ümumiyyətlə, Əli Kərimlinin tutduğu xətti başa düşən onun yanında qalmır. 

Siyasi-şərhçi Nəzakət Məmmədovanın da bu məsələyə maraqlı yanaşması var. N.Məmmədova öncə müxalifət daxili proseslərdən danışıb:

"Hazırda müxalifət daxilində parçalanma hiss olunur. Xüsusilə, xaricdə fəaliyyət göstərən və özlərini müxalifət adlandırılan qruplar və onların media rəhbərləri arasında ziddiyyətlər özünü göstərir. "Meydan TV”-nin rəhbəri Emin Milli "Turan TV”-nin rəhbəri Qənimət Zahidi yalnız Əli Kərimlini dəstəkləməkdə, digərlərinə, xüsusən, "Oyan hərəkatı”nın üzvlərinə və rəhbəri Nahid Cəfərova efir vaxtı ayırmamaqda, gənc müxalifətçilərə qarşı ayrı-seçkilik etməkdə ittiham edir. Eyni zamanda, keçmiş konsul Nahid Cəfərov Tofiq Yaqublu ilə debatda Müsavat və Əli Kərimlini gənclərə meydan verməməkdə ittiham edib. Digər tərəfdən, Qənimət Zahid Nahid Cəfərovun təklif etdiyi "Oyan hərəkatı”nın metodlarını nəzərdə tutaraq gizli təşkilatlanma məsələsinin mümkün olmadığını vurğulayıb və buna misal olaraq İŞİD-i nümunə göstərib.Gizli təşkilatlanmanın terrorla müqayisə olunması isə həm "Oyan hərəkatı”nı, həm də onunla həmrəylik göstərən Emin Milli, Həbib Müntəzir və digərlərini qəzəbləndirib. Bununla yanaşı, Qurban Məmmədovun "AzeriFreedom” kanalı açması da digər internet televiziyası açmış şəxslərin, xüsusilə də Qənimət Zahidin narahatlığına və narazılığına səbəb olub. O, müxalif iki müxalif internet kanalın olduğunu deyərək, "AzeriFreedom” kanalını müxalifətyönümlü televiziya kimi qəbul etmədiklərini söyləyib. Qurban Məmmədovun ona dialoq çağırışları da cavabsız qalıb.Sevinc Osmanqızı isə internetdə baş verən texniki qüsurlar üzündən yaranan nasazlıq problemlərini guya hakimiyyətin onun kanalına hücumu kimi göstərməyə çalışıb”.

Ənənəvi müxaliftətdə maliyyə davası

N.Məmmədova hesab edir ki, bu şəxslər maliyyə davası aparır: "Əli Kərimlinin komandası ilə Emin Milli arasında narazılıq ABŞ Konqresinin binasında Helsinki Komissiyası ilə müzakirələrdə klassik müxalifətin marginallaşması ittihamından sonra başlamışdı. Eyni zamanda, xaricdə fəaliyyət göstərən bu müxalif qruplar bir-birini hakimiyyətə işləməkdə ittiham edirlər. Onların arasında birlik və qarşılıqlı etimad yoxdur.Vidadi İsgəndərlinin mühacirlərin qurultayını çağırması deyilsə də, tədbirdə heç də əksər müxalifət görüşlü müxaliflərin iştirakı inandırıcı görünmür. Görünən odur ki, bu insanlar arasında maliyyə davası gedir”.

"Ənənəvi liderlər gənclərə meydan verməlidir”

Sonda Nəzakət Məmmədova ənənəvilərin siyasi səhnədən getməsinin vacib olduğunu vurğulayıb: "Belə bir şəraitdə, xüsusilə illərdir müxalifətə liderlik etdiyini deyən şəxslərin getməsi və yerlərini gənclərə verməsi zamanıdır. Gənclər və daha yaşlı liderlər arasında rəhbər mövqelər uğrunda mübarizə qızışıb. 

Bunun səmərəsiz olduğunu görən, özlərini xaricdəki mühacir müxalifət adlandıranlar çıxış yolunu alternativ televiziya kanalları və hərəkatlar yaratmaqda görürlər. Görünən odur ki, yaxın və orta perspektivdə bunların əsas mübarizəsi öz aralarındakı savaşda geçəcək. Onların bu ambisiyaları isə narzaı elektoratın sağlam müxalifət qüvvəsi kimi çıxış etməyə və hakimiyyətə qarşı birləşməyə? mane olan əsas amillərdən biridir. Daxildəki və xaricdəki özünü müxalifət adlandıran qüvvələr arasındakı maliyyə mübarizəsini görən narazı elektorat isə onlara inanmmamaqda haqlıdır. Özləri birləşə bilməyənlər kimi öz ətrafında birləşdirə bilər ki?!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları