Yuxarı

Əli Kərimlinin köhnə meydanda yeni oyunları

Əli Kərimlinin köhnə meydanda yeni oyunları

Bütün siyasi fəaliyyəti boyu yalnız intriqalarda, partiya və müxalifətdaxili qovğalarda ad çıxarmış "Yurd” lideri Əli Kərimli ənənəsinə sadiqliyini təkrar-təkrar sübut etməkdən usanmır. "İqtidarla mübarizə aparan yeganə şəxs” imici yaratmaq və bu imici saxlamaq üçün özünəməxsus fəaliyyəti ilə seçilən "Yurd” lideri zaman-zaman ayrı-ayrı müxalifət təşkilatlarını hədəfə alıb, parçalamağa çalışıb və beləliklə, müxalifətin birliyinə mane olmaq planını icra edib. Etiraf etmək lazımdır, bu sahədə icraçılıq Əli Kərimlidə heç də pis alınmır, yəqin elə bu səbəbdəndir ki, "Yurd” lideri yenə də "sevdiyi” işin başındadır. 

Əslində bu, həm də onun özünü qoruma instinktidir. Onun üçün müxalifətin güclənməsi, siyasi proseslərdə söz sahibi olması böyük təhlükədir, siyasətin Kərimlinin üzünə birdəfəlik bağlanması, meydandan dışlanması deməkdir, eqoist xarakterli şəxs üçünsə bu qəbuledilməzdir. Əli Kərimli məhz bu xarakterdə olduğundan özündən başqa kimsəyə meydan verməmək üçün lazım gələrsə, hətta ən yaxın ətrafını belə "daş-qalaq” etdirər, o ki qala "ulduzu barışmayıb”, fərqli yollarda yürüyənləri...

"Yurd” sədri ənənəvi müxalifətin parçalanmasında xüsusi olaraq Milli Şura üzvlərindən istifadə edir. Xatırladaq ki, sədri Cəmil Həsənli olsa da, Milli Şura faktiki olaraq Əli Kərimlinin rəhbərliyində fəaliyyət göstərir. Milli Şura üzvləri Əli Kərimlinin göstərişlərini yerinə yetirməklə məşğuldurlar. Milli Şurada təmsil olunan şəxslər ayrı-ayrı partiyaların üzvü olsalar da, "Yurd” sədrinin təlimatları ilə hərəkət etdikləri ortadadır. Əli Kərimlinin budəfəki tapşırığı isə Milli Şuranın üzvü olan şəxslərin təmsil etdikləri partiyaları parçalamaqdan ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi, "Yurd” sədri müxalifətdəki yerini qorumaq üçün partiyaları parçalamağa, iflic vəziyyətinə salmağa məcburdur. 
Bəllidir ki, Əli Kərimlinin "mübarizəsi” heç vaxt birbaşa hakimiyyətə qarşı olmayıb. Əgər belə olsaydı, ölkə üçün əhəmiyyətli siyasi proseslərdə, seçki kampaniyalarında iştirak edərdi. Əslində "Yurd” sədrinin hakimiyyətə də iddiası yoxur, halbuki siyasi proseslərin aktiv iştirakçısı olan hər bir siyasətçi və ya qurum məhz buna görə mübarizə aparır. Əli Kərimli bu cəhətdən də "fərqlidir”, o, bəlkə də siyasi cameədə iqtidara qarşı yox, müxalifətə qarşı savaşan yeganə müxalif siyasətçi olmaq imicini illərdir dəyişmir. Müxtəlif cılız bəhanələrdə seçkiləri boykot edir, rəhbərlik etdiyi təşkilati proseslərdən kənarda saxlamağa çalışır, özündən başqa meydanda kimisə görməyə dözümü yoxdur və hər dəfəsində də bu istəyinə nail olmaq üçün fərqli yollara baş vurur. 

"Yurd” sədri seçkilərdə iştirak etməməklə əslində həm də hansı nüfuza sahib olduğunu gizlətməyə çalışır. Çünki seçki həm də cəmiyyətin rəyini öyrənmək üçün sınaqdır, elə bir sınaq ki, Əli Kərimli ordan üzüağ çıxmayacaq. Ancaq məsələnin görünməyən tərəfləri ilə yanaşı görünən tərəfləri də var ki, bu da hər dəfəsində Əli Kərimlini ələ verir. Qoruduğu şəxsi maraqları, mühacir biznesindən gələn gəlir və ümumilikdə bütün bunları monopoliyada saxlamaq üçün müxalifətdə qalması əsas şərtdir. "Yurd” sədri də əldə etdiklərini saxlamaq üçün müxalifətdə qalmalı, siyasi imicini qorumalıdır. Ona görə də o, bütün fəaliyyəti boyu müxalifətlə mübarizə aparıb, partiyaların parçalanmasına, siyasi gələcəyi olan insanların arenadan kənarlaşmasına çalışıb. Müəyyən dövrlərdə buna nail olması da, onu yeni "mübarizələrə” həvəsləndirib. 

İndi də Kərimli üçün yaxşı fürsətdir, hazırda ənənəvi müxalifət cəbhəsində sular xeyli bulanıqdır. Suları bulandıran maraqlı tərəf yenə də "Yurd” sədridir. Əli Kərimli yenidən gündəmə gəlmək, ənənəvi müxalifətdə vahid lider obrazı yaratmaq üçün köhnə qayda ilə yeni prosesə start verib və prosesin "müsbət” nəticələnməsi üçün Milli Şura üzvlərindən özünəməxsus məharətlə istifadə edir.

Yayılan məlumatlara görə, Əli Kərimli bir neçə partiyada pozuculuq işlərinə başlayıb. Və bu artıq bir sıra partiyalarda hiss olunur. Qeyd edək ki, narazılıqlar fonunda özünü göstərən daxili savaş "Yurd” sədrini planlarına uyğun şəkildə cərəyan edərsə, bu, ənənəvi müxalifətdə yeni parçalanmalara rəvac verəcək. Bu isə onsuz da xalqın etimadını böyük ölçüdə itirmiş müxalifət üçün daha bir ağır zərbə olacaq. "Yurd” sədrinin missiyasının biri də məhz bu-xalqın müxalifətə olan inamını itirməsinə xidmət olduğundan bu cür gedişlərin sonunu təsəvvür etmək çətin deyil. Eyni ssenari ilə qurulmuş oyunun yenə də eyni nəticələri verəcəyi istisna olunmur.

Təbii ki, prosesin nə ilə bitəcəyi ümumilikdə müxalifət cameəsi üçün önəmlidir. Əli Kərimli ənənəvi müxalifət partiyaları daxilində təxribat və pozuculuq işlərini "uğurla” başa çatdırıb düşərgədə vahid liderlik mövqeyini daha da möhkəmləndirməyi düşünür. "Yurd” sədrinin bu planının zərəri isə hər zaman olduğu kimi xalqa və ənənəvi müxalifətə hələ də ümid bəsləyən sıravi üzvlərə dəyəcək. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları