Yuxarı

Türkiyə siyasətində yeni mərhələ: Keçmişlə gələcək çəkişəcək

Türkiyə siyasətində yeni mərhələ: Keçmişlə gələcək çəkişəcək


Qabil Hüseynli: "Davudoğlu islamçı siyasət yürütsə uğur qazana bilməyəcək”


Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu yeni yaratdığı partiyanı rəsmən elan edib. İyul ayında hakim Ədalət və İnkişaf Partiyasından istefa verən Əhməd Davudoğlu yeni siyasi təşkilat yaratmaqla Ərdoğan iqtidarına qarşı rəsmən müxalifətə keçib. Dekabrın 13-də keçirdiyi mətbuat konfransında Ə.Davudoğlu Partiyasının proqramını və rəmzlərini açıqlayıb.
"Ad, loqo və rəng seçimi uğurludur. Yaşıl rəngin həm siyasi, həm də psixoloji önəmi və təsiri var. Gələcək Partiyası AKP-nin ilk dönəminə bənzər şəkildə mühafizəkar, amma azadlıqları önə çıxaran sağ-mərkəzçi cizgidə olacaq. Təqdimat mərasiminin Atatürkün xatirəsinə 1 dəqiqə sükutla başlanması cümhuriyyət dəyərləri ilə barışıq olduqlarını göstərir.
Vitrində parlaq simalar azlıq təşkil etsə də, təşkilat işlərini yaxşı bacaran insanların olması (məsələn, AKP-nin Ankara və İstanbul təşkilatlarının sabiq sədrləri) göstərir ki, Davudoğlu təşkilatlanma işinə ciddi önəm verir.
Qurucular arasında bizim köhnə dostumuz, Türkiyənin Azərbaycandakı səfirliyində 2-ci şəxs olmuş, daha sonra Rusiya və İran kimi önəmli ölkələrdə, eləcə də Avstriyada səfir vəzifəsində çalışmış Ümit Yardım da var. Ümit bəy dünya siyasətini çox yaxşı bilən dəyərli diplomatdır. Diplomatik xidmətdən istefa verib siyasətə qoşulması o deməkdir ki, bu sahədə perspektiv görür. Ona uğurlar arzulayıram”-deyə təşkilat komitəsi adından verilən açıqlamada bildirilir.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu elan edib. Bir müddətdir qurulması gündəmdə olan partiyanın fəaliyyətə başlaması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlanıb. Partiya "Gələcək Partiyası” adlandırılıb. Keçmiş AKP-çilər bu gün partiyanın yaradılması haqda ərizəni Daxili İşlər Nazirliyinə təqdim edib. Nazirliyə sözügedən sənədi Ayxan Səfər Üstün, Səlçuq Özdağ, Fəramuz Üstün, İzzəddin Küçük, Nədim Yamalı ve Yeşim Qaradağ çatdırıb.
Əhməd Davudoğlunun partiya yaratması Türkiyənin siyasi həyatında yeni mərhələnin başlanğıcı hesab edilir. Yaxın vaxtlarda baş nazirin sabiq müavini Əli Babacanın da yeni partiya yaradacağını nəzərə alsaq sağ mərkəzçi düşərgədə iki yeni siyasi qüvvə meydana çıxacaq. Bu isə "Cümhur ittifaqı” üçün ciddi problemə çevrilə bilər. Qarşıdakı növbəti və ya erkən seçkilərdə Davudoğlu ilə Babacanın siyasi ittifaq quracağı da istisna deyil. Onlara Səadət Partiyası da qoşula və beləliklə, daha bir güclü sağ blok formalaşa bilər. Bu partiyaların birlikdə hətta 10 faiz səs alması belə, ölkədə siyasi mənzərənin tamamilə dəyişməsi mənasına gələcək.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Əhməd Davudoğlunun yeni partiya yaratması AKP-nin sosial bazasına təsirsiz ötüşməyəcək: "Əhməd Davudoğlu kifayət qədər nüfuzlu siyasi fiqurdur. AK Partiyaya sədrlik edib, Türkiyədə parlamentar sistemin mövcud olduğu illərdə uzun müddət baş nazir vəzifəsini tutub. Yəni ölkənin icra hakimiyyətinə rəhbərlik edib. Ona görə də ölkədə böyük nüfuzu var. İqtisad elmləri doktoru, professordur. Bir sözlə, cəmiyyətdə müsbət imic formalaşdıra bilib. Onun yeni yaratdığı Gələcək Partiyası adlandırması da maraqlıdır. Yəni Türkiyənin gələcəyi ilə bağlı bir ad seçib. Davudoğlu siyasi uğur qazana bilər. Bu poses AKP-nin sosial bazasına da təsir göstərməyə başlayıb. Artıq AKP-nin İstanbul vilayət təşkilatının keçmiş rəhbəri, keçmiş hərbçilər və elm adamları da yeni partiyanın təsisçiləri arasındadır. Güman edirəm ki, Gələcək Partiyasının nüfuzu artmaqda davam edəcək. Davudoğlunun təbii ki, eks-prezident Abdulla Gül, Əli Babacan və Əhməd Davudoğlunun birlikdə partiya yaratması onlarb üçün daha uğurlu olardı. Amma ayrı-ayrılıqda təşkilatlanmağa qərar verdilər.
Politoloq bildirdi ki, Əhməd Davudoğlu siyasi səhnədə yenidən parlamaq və hakimiyyətə qalib gəlmək üçün ideoloji baxışlarına korrektələr etməlidir. Yəni siyasi islamçılıqdan imtina etməlidir. "Davudoğlu islamçı kəsimə müraciət edən davranışlar nümayiş etdirə bilər. Bu siyasətçiyə xas olan haldır. Amma o, bütövlükdə islamçı siyasət yürüdə bilməz. AKP iqtidarının islamçı siyasət yürütməsi Türkiyəni çox bərbad arzuolunmaz gətirb çıxarıb. Ona görə də Davudoğlu dünyəvi siyasət yürütməyə borcludur. Əks təqdirdə, uğur qazanması çətin görünür”.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları