Yuxarı

Conson "Brexit”ə "yaşıl işıq” aldı

Conson


Elşən Manafov: "Böyük Britaniyanın Avropa Birliyindən çıxma prosesi sürətləndiriləcək”

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkiləri hakim Mühafizəkar Partiyasının qələbəsi ilə yekunlaşdı. Məlum olduğu kimi, Mühafizəkarlar Partiyası İcmalar palatasında 368, Leyboristlər isə 191 mandat alıb. Müxalif partiyanın seçkilərdən əvvəl mandatlarının sayı isə 262 idi. Növbəti mərhələdə hakim partiya hökuməti formalaşdıracaq. Məlum olduğu kimi, krallıqda növbədənkənar seçkilərin keçirilmə zərurəti "Brexit” düyünün açılmaması səbəbindən otraya çıxmışdı.
"Brexit”ə nail ola bilməyən sabiq baş nazir Tereza Meyin istefa verməsi və bu kürsünü Boris Consonun tutması da vəziyyəti dəyişmədi. Buna görə də, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında inad edən hökumət növbədənkənar seçkilərə getdi. Mühafizəkarların qələbə çalacağı gözlənilən idi və bu partiyanın şansı sosioloji sorğularda da yüksək qiymətləndirilmişdi.
Qeyd edək ki, hökumətin mövcud saziş layihəsini dövlət maraqlarına zidd hesab edən Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin seçkilərdə partiyanın məğlubiyyəti ilə barışa bilməyərək, istefa vermək qərarına gəldiyini açıqlayıb. Amma hələ ki, istefasının dəqiq vaxtı ilə bağlı məlumat verməyib.

Beləliklə, növbədənkənar seçkilərin keçirilməsi və Mühafizəkarların parlamentdə üstünlük təşkil etməsi "Brexit” düyününü açacaqmı? Böyük Britaniya hökuməti 3 ildir ki, üzərində çalışdığı layihənin - Birləşmiş Kralığın Avropa Birliyinin tərkibindən çıxması reallaşdıra biləcəkmi?
Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mühafizəkarların növbədənkənar seçkilərdə qələbəsi hökumətin maraqlarına cavab verir: "Tereza Meyin istefasından sonra mühafizəkarların seçkilərdə uduzmaq ehtimalı böyük idi. Bu da "Brexit”lə bağlı layihənin Britaniyanın maraqlarına cavab verməyən müstəvi üzərinə keçəcəyi ilə bağlı idi. Doğrudur, ölkə əhalisinin böyük əksətiyyəti ötən referendumda səs verərək, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının lehinə səs vermişdi,  amma məsələ burasındadır ki, Böyük Britaniya 4 krallıqdan ibarətdir. Uels və İrlandiyanın mövqeyi fərqlidir. Xüsusən Şimali İrlandiyanın Böyük Briyaniya ilə münasibətlərində məlum problemlər həmişə yaşanıb. Digət tərəfdən, Birliyin tərkibindən çıxacağı təqdirdə Böyük Britaniyanın təxminən 400 milyard dollardan artıq ziyana düşəcəyi ilə bağlı ekspert açıqlamaları var. Bununla belə mühafizəkarlar hökuməti  nəyin bahasına olursa, olsun Böyük Britaniyanı Avropa Birliyinin tərkibindən çıxmasını istəyir. Seçkilər isə onların ümidlərini doğrultdu. Əlahiddə hadisə baş verməyəcəyi təqdirdə onların bir neçə müddət üçün hakimiyyətdə qalacağı istisna deyil”.
Parlament seçkilərinin leyboristlərin mövqeyinə zərbə olduğunu deyən politoloq partiya liderinin istefa verəcəyini istisna etmir: "Leyboristlərin, liberalların seçki ilə bağlı gözləntiləri özünü doğrultmadı. Hər halda, təşkil olunacaq hökumət sırf mühafizəkarlardan ibarət olacaq. Bu hökumətin koalision hökumət olacağını gözləmək doğru olmaz”.
Elşən Manafov qeyd etdi ki, Boris Conson hökumətinin növbədəbkənar seçkilərə getməkdə məqsədi Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı prosesləri sürətləndirmək idi: "Seçkilərin nəticələrindən, yanvar ayında Avropa Birliyi ilə aparılan danışıqlardan sonra Conson hökuməti Böyük Britaniyanın Avropa Birliyindən çıxma prosesini sürətləndirəcək. Avropa Birliyi ilə aparılan danışıqlarda mühafizəkar hökuməti çalışacaq ki, Böyük Britaniya daha az ziyanla Birliyin tərkibindən çıxsın, ən azı qarşılıqlı maraqlar gözlənilsin. Növbədənkənar parlamentə getməkdə də məqsəd Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına nail olmaq üçün əhalinin dəstəyini qazanmaq idi”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları