Yuxarı

Yarışmadan uduzan Əli Kərimli: "Yurd” sədri müxalifətə qazdığı quyuya özü düşdü

Yarışmadan uduzan Əli Kərimli:

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb. Müxalifət cəbhəsi də seçkiylə bağlı mövqeyini demək olar ki, müəyyənlşdirib və hətta seçkiyə gedəcək partiyaların siyahısı da məlumdur. AXCP, ReAL, Müsavat başda olmaqla müxaliflər növbədənkənar seçki yarışına qatılmaq barədə qərarını verib. Əli Kərimlinin rəhbərliyindəki "Yurd” və Milli Şura isə həmişəki kimi bu dəfə də müxalif cəbhənin birləşmə mümkünlüyünə qarşı dirəniş göstərdi, buna nail oldu. Məhz Əli Kərimlinin diktəsi ilə Milli Şura seçkini boykot barədə qərar qəbul etdi. Beləliklə də, narazı kəsimin budəfəki seçki şansından birgə istifadə imkanı heçə endirildi. Halbuki, seçki elan edildikdən sonra Arif Hacılının təşəbbüsü ilə  Müsavat Partiyasının qərargahında müxalifətin birgə müzakirəsi təşkil olunmuş və yekun qərar üçün daha bir həftə müddət ayrılmışdı.
Bir çoxları bu müzakirələrin müxalifət düşərgəsinin seçkiöncəsi topralanması, qüvvələrin birləşdirilməsi və eyni mərkəzdən idarəsi ilə bağlı qərar qəbul ediləcəyinə inansalar da, Əli Kərimlinin də dəvətli olduğu bir toplantıdan belə qərar çıxmayacağını əvvəlcədən söyləmək mümkün idi. Gözlənilən oldu və Kərimli iclasa da, sonrakı müzakirələrə də qatılmayaraq boykot qərarında israr etdi.  Müxalifət düşərgəsinin növbəti dəfə seçkiyə qatılmadan uduzmasını təmin etməyə çalışan "Yurd” sədri bu dəfə təsir dairəsinə Milli Şuradan başqa kimsəni sala bilmədi. Milli Şura, başqa sözlə desək, Əli Kərimli boykot qərarı ilə meydanda tək qaldı, halbuki siyasətdə yarışmadan uduzmaq ən böyük məğlubiyyət hesab olunur. Kərimli seçkinin müxalifət üçün nəticəsizliyindən bəribaşdan bu qədər əmin olsaydı belə, müxalifətin "əlini gücləndirmək” üçün seçkidən sonrakı mərhələlərdən istifadəyə cəhd etməli idi. İndi Milli Şura Əli Kərimlinin diktəsi ilə deyir ki, seçkilərin nəticəsinə inanmır. Seçiyə qatılmadan, namizəd olmadan, seçki prosesi aparmadan onun nəticəsindən hansı məntiqlə və nəyə əsasən danışmaq, narazı qalmaq olar? Siyasətdə təxminlər yox, gerçəklik əsasdır və hətta Əli Kərimlinin belə arxayın olduğu heç bir beynəlxalq təşkilat seçkiyə qatılmayan namizədin etirazına, iddialarına ciddi yanaşası deyil. Əli Kərimli təkcə özünü yox, bütünlüklə müxalifəti həm də bu imkandan məhrum etməyə çalışırdı, ancaq bu dəfə alınmadı. Halbuki ayrı-ayrı partiyalarda təmsil olunmayan, amma müxalif düşüncəli tanınmış şəxsləri bir araya gətirib, bir platforma altında toplayaraq seçkiyə getmək, dəstək vermək və hətta qazanmaq mümkün idi.
"Yurd” sədrinin uzun illərdir ki, müxalif cameədə oynadığı oyunları, qurduğu planları həmin cameədə bilməyən yoxdur və əgər bununla bağlı indiyədək kimlərsə susubsa, sırf siyasi etika xatirinə danışmayanlardır. Amma danışmamaq bilməmək deyil və Kərimli də yeni planlar qurmazdan əvvəl bu planları kimlər üçün hazırlayacağını da o cameədə çoxları bilirdi. Buna görə də çox keçmədən Əli Kərimli düşərgəsinin budəfəki seçkilərə qatılmaqla ölkədəki dəyişiklik cəhdlərindən yararlanmağa çalışanların "satqın” elan etməsinə də şahid olacağımız gözləniləndir. Siyasi mübarizəsini  əsasən hakimiyyətə qarşı yox, müxalifətə qarşı aparan və məhz bu cəbhədə qələbə qazanmağa ümidli olan Əli Kərimli bu dəfə uduzdu.   
Müxalifəti seçkidən məhrum etmək cəhdləri, hikkəsi, eqosu təmin olunmadı. Müxalifət yaranmış fürsətdən istifadəyə dair doğru qərar verdi, proseslərin sonrakı inkişafından asılı olmayaraq, siyasətdə varlığın təsdiqi seçkidən, səsvermədən keçir. Müxalifət indi bu qənaətdədir. Kərimli ilə üst-üstə düşməyən bu düşüncəyə görə qısa zamanda "xalq düşməni” çıxarıla da bilərlər, amma "Yurd” sədrinin təlimatı ilə hərəkət edən azsaylı qüvvələrin bundan sonra nəyisə dəyişə biləcəyi ehtimalı yox dərəcəsindədir. 2020-ci il parlament seçkisinin nə ilə nəticələnəcəyinə, kimin parlamentə mandat qazanacağına, müxalifəti təmsil edən şəxslərdən kimlərin deputat seçiləcəyinə dair proqnoz vermək mümkün deyil. Söylənilməsi hələlik  mümkün olan yeganə nəsnə müxalifətin bu dəfə  Əli Kərimlinin qazdığı quyuya düşməməsidir.
Elnarə Kərimova





Həftənin ən çox oxunanları