Yuxarı

"Deputatların çoxu siyasi səhnədən silinmiş oliqarxların kölgəsi idi”

"Milli Şuranın "nağılları” keçərli deyil”

Natiq Cəfərli: "Vurulmuş” məmuru  sıramıza qəbul etmirik”


Ölkənin siyasi gündəminin əsas mövzusu gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləridir. Cebhe.info saytı və "Cümhuriyət” qəzeti partiya sədrləri, tanınmış siyasətçilər, ictimai xadimlərlə aktual mövzuların müzakirəsini davam etdirir. Növbəti qonağımız ReAl Partiyası sədrinin müavini Natiq Cəfərlidir. N.Cəfərli ilə ölkədəki son ictimai-siyasi durumu, növbədənkənar parlament seçkilərini və müxalifətdaxili məsələləri müzakirə etdik.

"Keçən ilin sentyabrından seçkiyə hazırlaşırdıq”

-Natiq bəy, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini öncədən də deyirdiniz, hətta seçkilərə hazırlaşdığınızı bəyan etmişdiniz. Növbədənkənar seçkiləri şərtləndirən amillər nə idi?
-Hakimiyyətin icra qolunda dəyişikliklər bir neçə ay öncədən sürətlənməyə başladı. Əvvəlcədən də müəyyən addımlar atılırdı. Amma son aylar, əsasən, payızın ilk iki ayında çox ciddi hadisələr baş verdi. Bu dəyişikliklərin kontekstində qanunvericilik hakimiyyətinin də dəyişməsi daha da aktuallaşdı. Çünki obrazlı ifadə etsək, qanunverici hakimiyyətdə təmsil olunan deputatların çoxu artıq siyasi səhnədən silinmiş məmurları, oliqarxların kölgələri idi. Parlamentdə sanki onların ruhları kimi dolaşırdılar. Bu da müəyyən problemlər yarada bilərdi. Çünki "vurulan” məmurların hansı addımları atacağını öncədən bilmək mümkün deyil. Parlamentin konstitusiyaya görə çox ciddi səlahiyyətləri var. Bizdə deputatlar bu günə qədər özləri seçilmədiyi üçün öz səlahiyyətlərindən istifadə edə bilmirdilər. Hətta absurd müraciətlər olurdu ki, onlardan biri də deputatların maaşlarının artırılması ilə bağlı Prezidentə müraciət etmələri idi. Halbuki qanunverici təşəbbüs özlərindədir. Yəni özləri yığışıb öz maaşlarını artıra bilərlər.  Erkən seçki  ehtimalının çox yüksək olduğunu nəzərə alaraq, keçən ilin sentyabrından hazırlıq prosesinə start vermişdik. Həm yerli təşkilatları, həm namizədlərin gücləndirilməsi istiqamətində işlər aparırdıq. Əsas məşqimiz keçən il 40 min imza təşəbbüsümüz oldu.
Bu seçkilər hakimiyyət üçün də ciddi bir imtahandır. Ona görə də biz burada iştirakla bağlı qərar verdik. Artıq 43 dairədən namizədlərimiz müəyyənləşib, amma ötən gün yeni bir təşəbbüslə də çıxış etdik. Əslində bu da 2 aydır müzakirə olunan və görüşlərin nəticəsində yaranan bir formadır. ReAL ölkədə seçki prosesində ilk dəfə olaraq siyasi partiya ilə müstəqil namizədlərin bir blokunu qurmağa çalışdı. Artıq ötən gün bunun təməli qoyuldu. Elan olunan "ReAL Cümhuriyyətçilər” İttifaqı partiya üzvləri ilə paralel cəmiyyətdə sözü, nüfuzu, şəxsi baxışlarına hörməti olan insanların həmin koalisiyaya cəlb olunması nəticəsində seçkilərə marağın artırılmasına çalışırıq.

"Boykotun ciddi nəticəsini görməmişik”

-Öncəki seçkilərlə indiki seçkiləri müqayisə etdikdə, müxalifətin daha çox aktivlik nümayiş etdirdiyini görürük. Yalnız Milli Şura boykot qərarı ilə çıxış edib. Ümumiyyətlə, seçkidə iştirak və boykot müxalifətə nə qazandırır?
-Boykotla bağlı həm hüquqi, həm siyasi qiyməti dəfələrlə bildirmişik. 2018-ci il prezident seçkilərində boykota gedərkən, həmin tərəfin ən böyük tezisi, "Biz boykota gedəcəyik və hakimiyyətin beynəlxalq aləmdə legitimliyi ilə bağlı suallar yaranacaq”dan ibarət idi. Amma nə baş verdi? Aprelin 11-də prezident seçkiləri keçirildi, may, iyun, iyul, avqust ayında Avropanın ən vacib 5 ölkəsinə ya Azərbaycan Prezidentinin səfəri oldu, ya da onlar Bakıya gəldi. Azərbaycan Prezidenti Londona səfər etdi, müqavilələr imzaladı. Dövlət başçısı Tereza Mey tərəfindən qəbul olundu. Ondan sonra Brüsselə səfər etdi, müqavilələr imzaladı. Makronun, Merkelin Azərbaycana səfəri oldu. İtaliya Prezidenti Azərbaycana səfər etdi. Yəni beynəlxalq legitimliklə bağlı Milli Şuranın dediyi nağıllar keçərli deyil. Seçkilərdə iştirakın belə üstünlükləri var. Fəlsəfi olaraq da sonda belə bir sual verim. Siyasi partiya bəs nə işlə məşğul olmalıdır? Seçkilərə getməlidir, seçkilərə hazırlaşmalıdır. Əgər seçki yolunu tanımırsınızsa, o zaman partizan dəstəsi elan edin, başqa mübarizə üsulları seçin. Amma özünüzə siyasi partiya deyirsinizsə, siyasi partiya mütləq seçkilərdə iştirak etməlidir.

"”Yurd” dan istefalar zamanı çox böyük qarayaxma kampaniyaları olurdu”

-Natiq bəy, çox maraqlıdır ki, ReAL partiya olaraq son 5-6 ayda sırf qalmaqallarla gündəmə gəldi. Azər Qasımlı istefa verdi. Erkin Qədirli ilə bağlı problemlər gündəmə gəldi. Sosial şəbəkələrdə ittiham olundunuz. Milli Şura sizi hakimiyyətə işləməkdə ittiham etdi.
-Əslində bu, ilk dəfə deyil. Milli Şuranın və ənənəvi müxalifətin ReAL-a qarşı hücumları dəfələrlə olub. Ən genişmiqyaslı hücum isə Erkin Qədirli ilə mənim Brüssel səfərim zamanı oldu. Çox həyasızcasına hücum başladıldı ki, guya bizi hakimiyyət göndərib. Həmin anda Brüseldə ReAL-ın İdarə Heyətinin üç üzvü-Erkin Qədirli, Rəsul Cəfərov və mən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, bir də Avropa nın 4 komissarlığı var idi. Avropa komissarlığı həm xarici işlər naziri, həm də ReAL üzvləri ilə görüşdü. Milli Şurada sanki belə bir təsəvvür yarandı ki, Avropa Birliyi, Azərbaycan hökuməti və ReAL yeni bir siyasi situasiya qurur və bunlar "ofsaytda” qalıb. Bunlar da həmin danışıqlarda iştirak etmədiklərinə qıcıq olduqları üçün belə bir kampaniya başlatdılar. Bu, ilk deyil, əminəm ki, son da olmayacaq. Xatırlayırsızsa, istər Müsavatdan, əsasən də, "Yurd” dan istefalar olarkən çox böyük qarayaxma kampaniyaları olurdu. Bir-birini söyür, təhqir edir, "hakimiyyətə satıldı” kimi damğalar vururdular.

"Erkin Qədirli danışıb deputat olmaq istəsəydi, çoxdan olardı”

 -Sosial şəbəkədə iddia olunur ki, guya  "Erkin Qədirli razılaşdırılmış şəkildə parlamentə gedir”. O cümlədən, sizin haqqınızda da belə deyirlər...
-Deməli, bizim potensialımız var ki, seçkiləri uda bilərik. Seçkiləri udmağımız isə heç kimdə sual doğurmayacaq. Udduğumuz seçkilərdə isə qazandığımız mandat uğrunda sona qədər mübarizə aparacağıq. Erkin Qədirli bir fenomendir, Azərbaycanda nadir insanlardan biridir. Erkin Qədirli danışıb deputat olmaq istəsəydi, indi ən azından 15 illik deputat idi. Erkin Qədirlidən yaxşı namizədləri varmı  parlamentdə təmsil olunsun? Özüm dəfələrlə şahidi olmuşam ki, deputatlar, məmurlar iştirak etdiyi konfransda ağızlarını açıb Erkinə qulaq asıblar.

 "Fraksiya qazanmaqla bağlı hədəfimiz var”

-ReAL parlament təmsilçiliyini qazanarsa, partiya üçün nə dəyişəcək?
-Çox şey dəyişəcək. Biz əslində, seçkidə fraksiya qazanmaq üçün gedirik. ReAL-ın parlamentdə təmsilçiyi ölkənin xeyrinədir. Birincisi, siyasəti artıq düşmənçilikdən çıxarıb sivil müstəviyə qaldırmaq lazımdır. Müxalifətlə iqtidar düşmən deyil, rəqibdir. Uzun zamandır ki, müxalifət və iqtidar biri-birini düşmən görüb. Milli Məclisdə təmsilçilik sayla deyil, nüfuzla ölçülür. Elə situasiya yarana bilər ki,  o məşhur "IV mikrafon” effektini təkrar yaşayarıq. Vaxtı ilə 25 nəfərlik bir qrup 365 nəfərlik parlamentdə dediyini keçirirdi.

"Bizdə köhnə müxalifət var”

-Hazırda müxalifət sivil və radikal olaraq iki hissəyə bölünüb və bir-biri ilə mübarizə aparır. Necə düşünürsüz, müxalifət niyə biri-biri ilə mübarizə aparır?
-Əslində, bu, normal bir prosesdir. Sadəcə olaraq, Azərbaycanda ideoloji müxalifətçilik olmayıb. Şəxslər ətrafında qurulan partiyalar olub. Müxalifətin rəqib olması normaldır, amma ideoloji rəqib olması yaxşıdır. Ənənəvi müxalifətin səsləndirdiyi fikirlər isə ideoloji deyil, şəxslər təhdid və təhqir üzərində qurulub. Bunun adı radikal müxalifət də deyil. Sadəcə,  köhnə müxalifətdir. Çünki dünya, ölkə dəyişib, müstəqillikdən artıq 28 il keçib. ReAL-ı ana müxalifət kimi görən və gözdən salmağa çalışan şəxslər, partiyalar var. Amma bir şeyi anlamırlar ki, biz istəmirik  digər siyasi qüvvələr sıradan çıxsın. Amma o insanlar nədənsə düşünürlər ki, əgər ölkədə siyasi elitanın dəyişməsi prosesi baş verirsə, bunun bir qolu da gəlib onları tutacaq və bir müddət sonra doğrudan da marginallaşmış təşkilata çevriləcəklər.
Biz ReAL-a qarşı olan basqıların heç 5 faizini belə  ictimailəşdirməmişik. ReAL-ın İdarə Heyətində bir Erkin Qədirli həbsdə olmayıb, onu da utandılar tutmağa. Çünki 16 il hüquqdan dərs deyib, bu gün hüquq-mühafizə orqanlarının yarıdan çoxu Erkinin tələbələridir. ReAL sədri  5 il 8 ay həbs yatıb. 26 dəfə mən Ağır Cinayətlərlə Mübarizə İdarəsində dindirilmişəm, istintaq altında olmuşam. Bir dəfə bununla bağlı nə sosial şəbəkədə, nə mətbuatda məlumat vermişəm. Çünki onsuz da bu basqılar var, insanları daha çox qorxutmaq nəyə lazımdır? Amma ənənəvi müxalifətin böyük əksəriyyəti bu tipli məsələləri ictimailəşdirməklə siyasət kimi təqdim etməyə çalışırlar.  

"ReAL "vurulmuş” məmurları sıralarına qəbul etmir”

-Zamanında hakimyyətdə təmsil olunan şəxslər indi müxalifətin tədbirlərində başda otuzdurulur. Əli İnsanov və Gültəkin Hacıbəyli təcrübəsi var. Buna münasibətiniz necədir?
-ReAL bu günə qədər heç bir "vurulmuş” məmuru öz sıralarına qəbul etməyib. Müraciətlər isə onlarla olub. Hətta digər müxalifət partiyalarından küsüb gələnləri belə qəbul etməmişik. Çünki biz "küsəyənlər klubu” deyilik. Ona görə də keçmişdə hakimiyyətdə təmsil olunan və hətta müxtəlif qanunsuzluqlarda, korrupsiyada əli olan insanların tövbə etməsinə, bundan peşmançılıq çəkməsinə inanaram, amma onlarla bir siyasət qurmaq, ölkənin gələcəyini onlarla dizayn etmək məsələsində biz yoxuq.

"Seçkilərdə partiyalarla əməkdaşlıq etməyi düşünürük”

-Natiq bəy, yenidən seçkilərə qayıtmaq istəyirəm. Dairələrdən müxalifət  namizədlərinin "toqquşmaması” üçün  digər partiyalarla məsləhətləşmələr aparmısınızmı?
-Bir neçə belə görüşümüz olub.  Arif Hacılı ilə görüşdə qərara gəldik ki, güclü namizədlərin toqquşmaması üçün əlimizdən gələni edək. Birgə müşahidəçiliklə bağlı da ilkin razılaşmamız da var. Bir neçə gün əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadə də bizim ofisə gəlmişdi. Onunla ilkin razılaşmamız o oldu ki, İqbal Ağazadənin özünün namizəd olduğu dairədən bizim namizədimiz olmayacaq.
Vilayət Muxtar







Həftənin ən çox oxunanları