Yuxarı

Tramp qalmaqalı sona yaxınlaşır: Senat prezidenti məhkəmə qarşısına çıxarır

Tramp qalmaqalı sona yaxınlaşır: Senat prezidenti məhkəmə qarşısına çıxarır

Tramp qalmaqalı sona yaxınlaşır: Senat prezidenti məhkəmə qarşısına çıxarır


Artıq ABŞ Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar Prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.

Bununla da Nümayəndələr Palatasının Prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilib.

Qeyd olunub ki, senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, C. Roberts isə hakim qismində iştirak edəcək. Yekun qərarı senatorlar verəcəklər.

Cebhe.info xəbər verir ki, Nümayəndələr Palatasında impiçment meneceri qrupunun rəhbəri, demokrat Adam Şiff Donlad Trampa qarşı irəli sürülən iki ittihamı oxuyub. Demokratlar Ağ Evin rəhbərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və Konqresin işinə maneə yaratmaqla qanunvericiliyi pozduğunu bildirir. "Donald Tramp prezident səlahiyyətindən sui-istifadə edib”, - A.Şiff belə deyib. 

Onun sözlərinə görə, Tramp Ukrayna hökumətini ABŞ-da qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməyə məcbur edib və bununla da prezident andını pozub. Eyni zamanda Şiff qeyd edib ki, Prezident Tramp ABŞ Nümayəndələr Palatası tərəfindən işin araşdırılmasına mane olub.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Trampın andını pozduğunu, milli təhlükəsizliyə xələl gətirdiyini və ABŞ seçkilərinin bütövlüyünə təhlükə yaratdığını deyib. Nümayəndələr Palatasının spikerinin fikrincə, Demokratların impiçment səsverməsindən sonra təxminən bir ay davam edən fasilə prezident əleyhdarlarına dövlət başçısının qanunu pozduğunu göstərən yeni sənədlər toplamağa imkan yaradıb. Sənədlər Senata, onların surəti isə Prezident Trampın vəkili Rudolf Culianiyə təqdim olunub. Sənədlərdə R.Culianinin Vladimir Zelenskiyə göndərdiyi məktubun nüsxəsi var.

"Prezident Trampın şəxsi nümayəndəsi olaraq, icazəsi ilə və onun adından, gələn bazar ertəsi, 13 may və ya çərşənbə axşamı sizinlə görüşməyi tələb edirəm. 14 may” - həmin məktubda belə yazılıb. Konqresmen Respublikaçılar və Prezident Trampın özü də dəfələrlə şəxsi vəkilinin hərəkətləri barədə heç nə bilmədiyini bəyan edib. Lakin yeni sənədlər Rudolf Culianinin prezidentin adından və icazəsi ilə hərəkət etdiyini sübut edir. ABŞ prezidenti tərəfindən qanunvericiliyin pozulmasının digər bir sübutu Lev Parnas tərəfindən məhkəməyə verilən sənədlər ola bilər.

Parnasın təqdim etdiyi qeydlərdə prezident Zelenskiyə Co Baydenlə bağlı araşdırmalara başladılmasının vacib olduğu yazılıb. Sənədlərdə Parnas və Culianinin istefasını istədikləri ABŞ-ın Ukraynadakı səfiri Meri Yovanoviçi təqib etdikləri də qeyd olunur. Bu nəzarətin kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Ancaq sonradan Prezident Tramp baş verənlərə görə səfir Yiovanoviçi tənqid edərək səfir vəzifəsindən geri çağırmışdı. 

Artıq Prezident Trampa qarşı impiçment proseduru ilə bağlı ttiham qaydasında irəli sürülmüş maddələr səsverməyə çıxarılmaq üçün Senata təhvil verilib. Senatın müvəqqəti sədri Çak Qresli impiçment işi ilə əlaqədar Senatın məhkəməsinə sədrlik edəcək Ali Məhkəmənin sədri Con Robertsin qarşısında and içib. Prosedur qaydalara uyğun olaraq, C.Robertsin özünün səs vermək hüququ yoxdur. Trampın impiçmenti haqqında qərar prosesdə andlılar rolunda çıxış edəcək 100 senator tərəfindən qəbul ediləcək. 

Lakin ekspertlərin fikrincə, rəsmi ittihamları təsdiqləmək qərarı hələ  dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılması demək deyil. Senat Donald Trampın prezidentin səlahiyyətlərindən məhrum edilməsi barədə xüsusi qərar çıxartmalıdır. 

Donald Trampa qarşı ittihamlara baxılmasına yanvarın 21-də başlanacaq. Demokratlar prezidentin Ukraynanı qarşıdakı prezident seçkilərində ehtimal olunan rəqibi Co Baydeni araşdırmaqda və Kiyevə təzyiq göstərmək məqsədi ilə Ukraynaya 391 milyon dollar dəyərində hərbi yardımı dayandırmaqda ittiham edir. 

Xatırladaq ki, 2019-cu ilin iyul ayında D.Trampın Prezident Vladimir Zelenskidən telefon danışığı zamanı Co Baydenin oğlu Hanter Baydenin Ukraynada fəaliyyət göstərən neft-qaz şirkətində yoxlamalar başladılması və ona qarşı cinayət işinin açılmasını tələb etdiyi deyilir. Lakin Prezident Tramp bu ittihamları böhtan və "cadugər ovu”adlandıraraq rədd edib.  

Nümayəndələr Palatasının impiçment barədə qərarı indi əksəriyyəti Respublika Partiyasını təmsil edən Senat tərəfindən təsdiqlənməlidir. Senatda dinləmələrin yanvar ayının sonunda başlayacağı gözlənilir. İmpiçment qərarını qəbul etmək üçün senatorların səslərinin üçdə ikisi lazımdır. Yəni 67 senator Trampın prezidentlikdən uzaqlaşdırılmasının lehinə səs verməlidir. Senatın 100 üzvündən 47 nəfəri Demokratlar Partiyasının üzvüdür. Deməli, müxalifətə Trampın hakimiyyətinə son qoymaq üçün 20 senatorun səsi lazımdır. Əgər demokratlar qeyd edilən sayda dəstək əldə edə bilməsə Tramp prezident postunda qalacaq. Lakin ABŞ tarixində baş verən impiçment qərarlarında üçdə iki həddin keçilməsi halı qeydə alınmayıb. Prezident Tramp partiya üzvlərinin nəzarəti altında olan Senatda impiçment üçün lazımi səslərin toplanmayacağına ümid etdiyini bildirib.

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları