Yuxarı

Ölkələr korrupsiya bataqlığına necə düşür?

Ölkələr korrupsiya bataqlığına necə düşür?


Ölkələr korrupsiya bataqlığına necə düşür?

Korrupsiya, "çirkli pulların yuyulması” demək olar ki, bütün dünya ölkələrində ən ciddi problem kimi qəbul olunur. 

Ölkələrdə müxtəlif mübarizə üsulları tətbiq olunsa da, bu kimi neqativ halların qarşısını almaq mümkün olmur. Maraqlı məqam isə ondadır ki, tətbiq olunan mübarizə tətbirlərinə rəğmən, korrupsiyanın miqyası nəinki azalmır, hətta daha da genişlənir. Son olaraq dünyanın məşhur reytinq şirkəti olan "Transparency International” təşkilatı dünya ölkələrində korrupsiya hesabatları çərçivəsində ABŞ-da korrupsiyanın rekord həddə çatdığı haqqında hesabat yayıb. Təşkilatın son hesabatında 2019-cu ildə ABŞ-da korrupsiyanın 1995-ci ildən bəri ən yüksək həddə çatdığı bildirilir. 

Qeyd edək ki, 2012-ci ildən bəri "Transparency International” ölkələrdə korrupsiyanın səviyyəsini  100 ballıq sistemlə qiymətləndirir. 100 balın olması korrupsiyanın olmamasını göstərir və ən şəffaf ölkə anlamına gəlir. 2019-cu il üzrə hesabata görə, ABŞ-da korrupsiya göstəricisi 69 baldır. Bu kifayət qədər yaxşı olsa da, ABŞ-ın özü üçün pis göstərici sayılır. Bu göstərici ilə ABŞ dünyada korrupsiyanın azlığına görə 23-cü yeri tutur.  

Ümumiyyətlə, hesabatda göstərilir ki, 2019-cu ildə Böyük 7-lik ölkələrində korrupsiyanın səviyyəsi artıb və hökumətlərin korrupsiya ilə mübarizəsi heç də həmişə nəticə vermir.

Ölkələr niyə korrupsiya girdabına necə düşür?

Asan qazanc, "çirkli pulların yuyulması”, biznesdə rəqabətsizlik, oliqarxiya sistemi, qanundan boşluq və sairə kimi amillər ölkələri bu bataqlığa yuvarlanmasına zəmin yaradır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, qulluq mövqeyindən şəxsi maraqlar üçün istifadə etmək korrupsiyadır. Ona görə də burada cavab ümumidir:

"Ölkələrdə transmilli şirkətlər, iri koorpirasiyalar var ki, onlar müəyyən lobbi, nüfuz dairələri yaradır, parlamentləri, hakimiyyətləri ələ alır. ABŞ-ı götürsək, orada lobbiçilik haqqında qanun var. Bu proses də o qanun çərçivəsində tənzimlənir. Bu reytinqlərdə artma da olur, azalma da. Amma ümumi olaraq belədir ki, bütün dünyada biznes bu işə meyillidir. Əgər qanunvericilikdə və ya hardasa boşluq görürsə, orada korrupsiya hüquqpozmalarına yol verir. Elə ölkələr var ki, məsələn Yeni Zellandiya, İsveç kimi ölkələrdə şəffaflıq o qədər yüksək səviyyədədir ki, orada bunu etmək mümkün olmur. Ona görə yox ki, onlar etmək istəmir, sadəcə etmək mümkün deyil. Amma Çin, ABŞ nə qədər sərt görsə də, korrupsiyanın səviyyəsi yüksəkdir”.

"Çirkli pulların yuyulması”na gəlincə isə S.Məmmədov bildirib ki, bunun qarşısını almaq mümkün deyil: 

"Çirkli pulların yuyulması” ilə bağlı BMT-nin xüsusi olaraq konvensiyası var. Bu, qlobal məsələdir. Xüsusilə də internet kommunikasiya texnologiyaların inkişafından sonra bunun qarşısını almaq mümkün deyil. Böyük ofşor zonalar var və orada bu cür fəaliyyətlər üçün geniş imkanlar yaradılır. Ofşor zonalar yalnız mənfi məsələdir, onun xeyli sayda müsbət tərəfləri də var. Eyni zamanda ofşor zonalar, vergi, maliyyə nəzarəti zəif olan ölkələr vasitəsilə çirkli pulların yuyulması hər zaman baş verir. "Çirkli pulların yuyulması”nın "legitim” yolları da var. Məsələn, kazinolar və digər bu kimi vasitələrlə də bu işi görürlər. Yəni müxtəlif vasitələr var ki, çirkli pulların yuyulmasına nəzarət etmək olmur. "Çirkli pulların yuyulması” dünyada ən geniş istifadə olunan texnologiyadır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları