Yuxarı

Ən uzun Qarabağ danışıqları: "Ermənilər torpaqları qaytarır, ya yox…” - Tofiq Zülfüqarov

Ən uzun Qarabağ danışıqları:

Ən uzun Qarabağ danışıqları:

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesində son günlər diplomatik fəallıq müşahidə olunur.

Yanvarın 28-30-da İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xairici işlər nazirlərinin görüşü keçirilib. Siyasi müşahidəçilərin fikrincə, danışıqların 10 saata yaxın davam etməsi müzakirələrin gərgin keçdiyini göstərir. Yəni masadakı təkliflərlə bağlı münaqişə tərəfləri arasında fikir ayrılığı qalmaqda davam edir. Buna baxmayaraq, vasitəçilər görüşdən sonra yaydıqları birgə bəyanatda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşünü müsbət qiymətləndirib.

"Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər; nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri.

Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin iştirakı ilə görüşməyə razılaşıblar” - bəyanatda belə qeyd edilir.

Yanvarın 30-da, yəni Cenevrədə xarici işlər nazirlərinin bir araya gəldiyi vaxtda Fransa və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı Dağlıq Qarabağ problemini müzakirə etməsi diqqəti cəlb edir. Çünki münaqişənin nizamlanması prosesində xeyli müddətdir müşahidə olunan siyasi passivlik fonunda Emmanuel Makronun bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi diplomatik səylərin artırılması kimi dəyərləndirilə bilər.

Ancaq siyasi ekspertlər hesab edir ki, beynəlxalq ictimaiyyətin, o cümlədən Fransa Ermənistana təzyiqləri artırmasa, münaqişənin həllində irəliləyiş baş verməyəcək.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya bildirib ki, Azərbaycan ümidini yalnız danışıqlara bağlamamalı, işğal olunmuş əraziləri güc yolu ilə azad etmək hüququndan istifadə etməlidir. Eyni zamanda, diplomat qeyd etdi ki, Azərbaycan parlamentinin münaqişənin həlli prosesində rolu təmin edilməlidir:

"Cenevrə danışıqlarını təhlil etməzdən öncə Paşinyanın verdiyi bəyanatları yada salmalıyıq. Onun son açıqlaması ötən il verdiyi bəyanatların bir növ təkrarıdır. Paşinyan danışıqlarda bu və ya digər ərazilərin qaytarılması məsələsini müzakirə etmədiklərinə işarə edir. Bu bəyanat danışıqlarda iştirak edən Minsk Qrupu həmsədrləri, Ermənistan və Azərbaycan üçün bir növ çərçivə yaradır. Digər tərəfdən, o masanın üstündə olan sənədləri açıqlayıb. Ermənilər bu və ya digər yollarla müzakirə olunan təklifləri çoxdan açıqlamaq istəyirdilər. Azərbaycanın indiyə qədər bu məqamları açıqlamaması səhvdir. Orada Azərbaycanın xeyrinə bəzi məsələlər olsa da, milli maraqlarımıza uyğun olmayan təkliflər də həddindən artıq çoxdur. Amma hamı başa düşürdü ki, İsveçrədə aparılan danışıqların məntiqi mənası Azərbaycan üçün itib. Əgər ermənilər işğal olunmuş əraziləri qaytarmaq istəmirsə, deməli bu məsələ müzakirə olunmur. O halda, Azərbaycanın danışıqlara marağı da qalmır.

İkincisi, 1992-ci ildə yaradılmış Minsk Qrupunun əsas vəzifəsi İşçi Qrup kimi ərazilərin azad olunması məsələsi ilə məşğul olmaqdır. Amma bu danışıqlardan sonra Minsk Qrupunun fəaliyyəti sıfra enib. Hamı başa düşür ki, danışıqlar imitasiya xarakteri daşıyır və işğal olunmuş ərazilərin qaytarılmasına kömək etmir. Moskva və Rusiyanın xarici işlər naziri Lavrov imitasiya xarakterli danışıqların davam etməsini istəyir. Əgər danışıqlar nəticə vermirsə, Azərbaycan xalqı da seçim qarşısında qalır. Torpaqlar azad edilmirsə, etnik təmizləməyə məruz qalan yüz minlərlə soydaşımız öz evlərinə qayıda bilmirsə, deməli Azərbaycan BMT-nin nizamnaməsinə və öz konstitusiyasına uyğun olaraq, güc tətbiq etməklə işğalçını öz ərazisindən çıxarmalı idi. Bu seçimin ictimaiyyət qarşısında aktuallaşmasına mane olmaq üçün imitasiya danışıqları davam etdirilir. Amma müzakirə olunan sənədlər Paşinyan tərəfindən açıqlandıqdan və bəyanat səsləndikdən sonra Azərbaycan xalqı dilemma qarşısında qalıb. Hamı deyir ki, əgər danışıqlar mənasızdırsa, Ermənistan torpaqları geri qaytarmırsa, o zaman bu danışıqlardan imtina etməliyik. Çünki məqsədimiz ərazilərin azad olunması və Azərbaycanın suverenliyinin bərpa olunmasıdır. Ona görə də Paşinyanın naziri İsveçrə danışıqlarında işğal olunmuş torpaqların qaytarılmasını müzakirə edəsi deyil. Bu imitasiyanın davamlılığını təmin etmək və inandırıcı görünməsi üçün onlar əsas iki elementi təkrarlayıblar. Birincisi, guya ki, vacib məsələlər müzakirələr olunub. İkincisi, danışıqlar konfidensial şəkildə davam etdirilməlidir. Paşinyan da bu teatrın davam etməsinə imkan versin. Ancaq hamı bu təklifin gülünc olduğunu başa düşür. Bu, onkoloji xəstəyə sağalmaq üçün aspirin verməyə bənzəyir. Belə vəziyyətdə, KİV nümayəndələrinin, müəllimlərin, həkimlərin, kim olursa-olsun qarşılıqlı səfərləri müsbət nəticə verməyəcək və siyasi manevr məqsədi daşıyır. Belə olan təqdirdə, Azərbaycan nə etməlidir?

Birincisi, nazir İsveçrədən qayıdan kimi Azərbaycanın mövqeyini və orada gördüyü vəziyyəti tam açıq şəkildə xalqa bildirməlidir. Bizi bir sual maraqlandırır. Ermənilər Azərbaycan torpaqlarını azad edir, ya yox? Elmar Məmmədyarov bu suala qısa və konkret cavab verməlidir. İkincisi, Azərbaycanın daxili siyasətində çox vacib proseslər gedir, Milli Məclisə seçkilər keçirilir. Mən şəxsən bir vətəndaş kimi öz səsimi Qarabağ məsələsinə dair birmənalı və məni qane edən bəyanatlar verən namizədə verəcəm. Üçüncüsü, hesab edirəm ki, Milli Məclis seçildikdən sonra iqtidar, müxalifət və bitərəflərlə birlikdə Qarabağ məsələsinə dair qrup, yaxud fraksiya yaradılmalıdır. Həmin fraksiyanın fəaliyyəti Qarabağın azad olunması məsələsi ilə məşğul olmaqdan ibarət olmalıdır. Milli Məclis fəaliyyətə başladıqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etməlidir. Bu məsələdə Azərbaycan hökumətinin atdığı addımlar ictimaiyyətin dəstəyi ilə daha da gücləndirilməlidir. Ermənistan tərəfi həmişə bu üsuldan istifadə edir. Ona görə də Azərbaycan da bu vasitəyə əl atmalıdır”.

Tofiq Zülfüqarov bildirib ki, Fransa Prezidentinin Dağlıq Qarabağ probleminin həllinə müzakirələri erməni icmasının maraqlarının müdafiəsinə xidmət edir. Çünki Fransada yaşayan 600 min nəfərə yaxın erməninin səsi E.Makron üçün vacib siyasi əhəmiyyət daşıyır:

"Əgər Makron doğrudan da sülh istəyirsə, o zaman gedib Paşinyanla danışsın. Çünki işğal olunumuş ərazilər qaytarılmasa, sülh mümkün deyil. İctimaiyyətin Milli Məclis vasitəsilə öz mövqeyini beynəlxalq aləmə çatdırmalıdır ki, bu Azərbaycan Prezidenti ilə yanaşı, parlamentin, seçilmiş xaqın da mövqeyidir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları