Yuxarı

İran rejimi türkdilli kitablardan da qorxur: "Çap etdirdiyimiz nəşrləri Güneyə keçirə bilmirik”

İran rejimi türkdilli kitablardan da qorxur:

İran rejimi türkdilli kitablardan da qorxur:

İranda qeyri-fars millətlərinə, xüsusən Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti davam edir.

Yeni çəkilmiş və kifayət qədər populyarlıq qazanmış "Atabay” filminin ssenari müəllifi və aktyoru Hadi Hecazifər hücumlara məruz qalıb. Fars millətçiləri onu millətçilikdə suçlandırıb. Filmin təqdimat mərasimində farsdilli jurnalist Əmir Fərz İlahi irqçi açıqlamalara yol verərək "Atabay” filmini hədəfə alıb. O bildirib ki, İranın rəsmi dili fars dilidir, kimsənin türk dilində film çəkmək hüququ yoxdur. Hadi Hicazifər ona sərt cavab verib. Bildirib ki, əksinə, jurnalistin fikirləri faşizmə xidmət edir.

"Sən və kimsə türk dilini təhqir edə bilməz. Ölkə konstitusiyasına əsasən türk dili ölkədə tədris olunmalıdır”-deyə, Hadi Hicazifər bildirib.

Maraqlıdır, güneyli kino xadimlərinin, yazarların ana dilində yaradıcılığına başqa ölkələrdə, Türkiyədə, Azərbaycan Respublikasında şərait yaradılırmı? Bakıda güneyli müəlliflərin əsərləri çap edilirmi?

"Cümhuriyət”ə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Güneyə diqqətin az olmasından şikayətlənib:

"Burada Cənubi Azərbaycandan nə kitab çap olunursa, hamısını öz maaşımız hesabına edirik. Heç bir maddi dəstək yoxdur. İndiyə kimi Cənubi Azərbaycan şairlərinin 35 kitabını çap etdirmişəm. Bunların hamısı şəxsi vəsaitimiz hesabına başa gəlib. Digər bir problem odur ki, özümüz nəşr etdirsək də, bunların heç biri rəsmiləşdirilməyib. Yəni mən deyərdim ki, bu gün Cənubi Azərbaycan məsələsi tamamilə diqqətdən kənardadır. Bu işlərin görülməsi üçün bir sistem qurulmalıdır. Mən milli təəssübkeşlik hissi ilə kitablar nəşr etdirsəm də, burada mənə qarşı çıxanlar da var. Onların içində yazıçı da var, jurnalist də var. Yəni üzümüzə baxa-baxa düşmənlik edirlər. Onlar olmasaydı, bu gün mən çox böyük işlər görə bilərdim. Amma bizi dəstəkləyənlər də var. Şəxsi büdcəmiz nə qədər imkan verirsə, o qədər nəşr edirik”.

Sayman Aruz deyib ki, Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı katibliyi yaradılmalıdır:

"Biz dəfələrlə müraciət etmişik ki, Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı katibliyi yaradılsın. Xalq şairi Sabir Rüstəmxanlı da bu barədə müraciət edib. Bu katibliyin indiyə kimi yaradılmamasına əsaslı bir səbəb göstərilmir. Düşünürəm ki, sədrimiz Anar müəllim də bu katibliyin yaradılmasına etiraz etmir. Amma Anar müəllimin də, Fikrət Qocanın da bu məsələyə diqqət ayırmasına baxmayaraq, hələ ki, bu mümkün olmayıb. Ümid edirəm ki, Yazıçılar Birliyinin qurultayında bu məsələyə baxılacaq və müsbət həllini tapacaq. Bu gün Milli Məclisdə Cənubi Azərbaycandan da bir millət vəkili yoxdur. Parlamentdə rusların, yəhudilərin təmsilçiləri var. Düşünürəm ki, Cənubi azərbaycanlıların da təmsilçisi olmalıdır. Biz 1918-ci ildə Cənubi Azərbaycanda 500 min azərbaycanlıya ermənilər tərəfindən soyqırım edildyini biz unuduruq”.

Sayman Aruz İran gömrüyündən Azərbaycan dilində kitab keçirməyin çox çətin olduğunu deyib:

"İran gömrüyündən nə Şimali Azərbaycandan Cənuba, nə də əksinə kitab keçirmək olmur. Hamısını gömrükdə saxlayırlar. Bu həmişə belə olub. Ən çox 3-5 kitab keçirmək olur. Qalanlarını isə gömrük məntəqəsində müsadirə edirlər”.

Əli Bədir





Həftənin ən çox oxunanları