Yuxarı

Qarabağ nizamlanmasında yeni format: Türkiyə vasitəçi ola bilərmi?

Qarabağ nizamlanmasında yeni format: Türkiyə vasitəçi ola bilərmi?

Qarabağ nizamlanmasında yeni format: Türkiyə vasitəçi ola bilərmi?


Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüzünə, Azərbaycanın yüksək rütbəli hərbçiləri də daxil olmaqla 11 hərbçinin, 1 mülki vətəndaşın qətlə yetirilməsinə ATƏT-in Minsk Qrupu yenə də yumşaq reaksiya verdi.

Qurum tərəfləri danışıqlar masasına çağırıb. Xatırladaq ki, ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını qınayan bəyanat yayıblar. Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər:

"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya xətlərindən istifadə etməyə çağırırlar".

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar. NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da Minsk Qrupunu eskalasiyanın qarşısını almaq iatiqamətində fəaliyyətə səsləyib:

"NATO Azərbaycan-Ermənistan sərhədindəki ağır texnikanın tətbiq olunduğu və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyir. NATO Minsk qrupunun həmsədrlərini tərəflər arasında gələcək eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırır"

.Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, xüsusilə təcavüzkar tərəflə təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymamsı ölkəmizin Qrupun vasitəçiliyindən imtinasına əsas verir.

Onu da qeyd edək ki, Azərbaycanın Minsk Qrupundan imtinası ilə bağlı çağırışlar illərdir ki, müxtəlif siyasi təbəqələr tərəfindən səslənməkdədir.ATƏT-in Minsk Qrupundan imtina edilməklə, Türkiyənin münaqişənin həllində vasitəçiliyinin təmin olunması mümkündürmü?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hələ də beynəlxalq təşkilatlardan ədalət gözlənilməsini yanlış hesab etdiyini bildirib:

"Füzulu rayonunda evlər bombalanan, 2 yaşlı kiçik qız uşağı, nənəsi ilə birlikdə qətlə yetirilən zaman da sənədlər toplandı və beynəlxalq təşkilatlara göndərildi. Nəticədə ermənilərə "gözünün üstündə qaş var” - deyən olmadı.Bundan sonra da olmayacaq.Təəssüf ki, bu gün yenə də həmin mənzərə, beynəlxalq təşkilatlardan ədalət gözləntisi mənzərəsi var. Yanlış olan budur.Biz bunu 28 ildir ki, müşahidə edirik.Düşünürəm ki, bu məsələlərdən əl çəkmək lazımdır.Azərbaycan parlamentində bəzi təyinatlı deputatlarda da xalqı qorxutmaqla məşğuldurlar.Erməni təxribatının qarşısı alınıb, düşünürəm ki, bunu artıq Qarabağ cəbhəsinə transfer etmək lazımdır.10 minlərlə insan da küçəyə çıxıb, hakimiyyətə, orduya dəstək göstərdi”.

Natiq Miri hesab edir ki, Azərbaycan birmənalı olaraq ATƏT-in Minsk Qrupundan imtina etməlidir:

"28 ildir ki, həmsədr institutu ATƏT-in Minsk konfransı qarşısında hesabat vermir. Həmsədrlər institutundan da soruşan yoxdur ki, niyə ortada siyasi nəticə yoxdur.BMT Minsk Qrupuna mandat verən zaman qurumun 4 qətnaməsinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.Ermənilərin etdiyi bütün təxribatlara baxmayaraq, münaqişə tərəfləri arasında hələ də bərabərlik işarəsi qoyulmaqdadır.Ən böyük ədalətsizlik budur. Beynəlxalq təşkilatlar da daxil bütün qlobal güclər bilirlər ki, iyulun 12-dəki hadisələr erməni təxribatı ilə başlayıb və nəticədə Azərbaycanın general, polkovnik səviyyəsində itgisi var. Amma hələ də ATƏT-in atəşkəsin dərhal təmin olunması çağırışı var və Ermənistanı qınayacaq bir cümlə belə yoxdur. Belə bir xristian həmrəyliyinə xidmət edən və dişsiz qurumun fəaliyyətinə ehtiyac yoxdur”.

Politoloq deyir ki, postsovet ölkələrində yaranan digər münaqişələrin həlli üçün də bu cür formatlar yaradılıb, amma heç bir münaqişədə on illərdir ki, irəliyə doğru bir addım atılmayıb:

"Rusiyanın da iştirakçısı olduğu bu cür formatlar heç zaman işləməyəcək. Çünki Rusiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olduğu üçün veto hüququndan həmişə istifadə edib. Azərbaycan kimi işğala məruz qalan ölkələrin taleyi Rusiya kimi təcavüzkar ölkələrin bir barmağının işarəsindən asılı vəziyyətə salınıb.Biz bunu Gürcüstanda, Ukraynada da görürürk.Krımı və ya Donbası Ukraynaya qaytara bildilərmi - bu heç bir zaman baş verməyəcək”.

Natiq Miri hesab edir ki, Minsk Qrupu formatından imtina ediləcəyi təqdirdə hər hansı formatın yaranmasına ehtiyac yoxdur:

"Azərbaycan bəyan etməlidir ki, BMT-nin ona verdiyi torpaqlarını azad etmək hüququnu özündə saxlayır. Bunu beynəlxalq tribunadan elan etmək, bütün beynəlxalq təşkilatlara ultimatum formada göndərmək lazımdır.Liviyada məgər hansısa format var. Hər hansı formatın yaranmasındansa, Türkiyə ilə hərbi saziş bağlanılmalıdır, bundan sonra Türkiyənin Naxçıvanda hərbi hava qüvvələrindən ibarət qruplaşmasının yerləşməsinə ehtiyac var. Çünki Naxçıvanın təhlükəsizlik məsələsində Türkiyə qarant verən ölkə kimi çıxış edir.Ermənistan da Naxçıvana olan ərazi iddialarını gizlətmir.Türkiyə ilə birgə ildırım sürətli hərbi əməliyyatlara başlamaq lazımdır, amma Ermənistan sərhədində deyil, Qarabağ cəbhəsində.Bütün beynəlxalq sənədlərdə bu cəbhədə Azərbaycan haqlı durumdadır.Yalnız bu yöndə fəaliyyət göstərilməlidir. Proses yenidən dayanacaqsa, bu Azərbaycan xalqına xəyanət olacaq. İndi həm diplomatik, həm siyasi, həm də hərbi cəhətdən hərəkətə keçmək zamandır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları