Yuxarı

Rusiyada "inqilab rüzgarı": Putini gözləyən böyük sınaq

Rusiyada

Rusiyada "inqilab rüzgarı": Putini gözləyən böyük sınaq


Rusiyanın Xabarovsk vilayətində minlərlə insan etiraz aksiyası keçirib.

Onlar "azadlıq” şüarları səsləndiriblər.Xabarovsk qubernatorluğunun qarşısında aksiya təşkil edən nümayişçilərin sayı getdikcə artır.

Aksiya bütün Rusiya ərazisinə yayıla bilərmi?

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, etirazçıların bu addımı Xabarovskda yaşayanların yalnız sosial problemləri ilə əlaqədar deyil, eyni zamanda vilayət qubernatoru Sergey Furqalın həbsi ilə də bağlıdır:

"Xabarovskda belə bir aksiyaların başlanacağı gözlənilən idi.Liberal Demokrat Partiyası belə bir aksiyaların olacağı haqqında mərkəzi hakimiyyəti xəbərdar etmişdi. O cümlədən partiyanın lideri Vladimir Jirinovski bəyan etmişdi ki, əgər Kreml Xabarovsk vilayətinin qubernatorunun vəzifədən kənarlaşdırılması ilə bağlı qəbul etdiyi qərara yenidən baxmasa, həmin əyalətin əhalisi bu məsələyə münasibətini ortaya qoyacaq. Bundan əlavə Liberal Demokrat Partiyası bütün heyəti ilə parlamentin tərkibindən çıxacaq.Beləliklə də, parlamentin qəbul etdiyi qərarları boykot edəcək və ya bu təqdirdə parlamentin legitimliklə bağlı məsələ də sual altında qalacaq.Vladimir Jirinovski bir qayda olaraq Qərblə münasibətlərə Kremlin prizmasından baxan siyasətçidir.Amma nəzərə alsaq ki, Jirinovskinin İslam dünyasında nüfuzu var və Rusiyada da elektoratın müəyyən bir hissəsi onun seçiciləridir, bu hadisə Kremldə birbaşa təsir kontekstində qəbul olunmalıdır.Etirazçıların bu addımı Xabarovskda yaşayanların yalnız sosial problemləri ilə əlaqədar deyil, eyni zamanda vilayət qubernatoru Sergey Furqalın həbsi ilə də bağlıdır. Rusiya hökuməti Sergey Furqalı vəzifəsindən sui-istifadə etməkdə və Kremlə yaxın olan bir iş adamının ortadan götürülməsində birbaşa iştirakı olmaqda ittiham edir. Məsələ bundadır ki, təkcə liberal demokratları deyil, kommunist partiyasını bölgələrdə təmsil edən qubernatorların vəzifədən kənarlaşdırılması ilə bağlı məsələlərə siyasi təzyiq kimi baxırlar. Jirinovski özü bir çox hallarda Rusiyanın Dövlət Dumasına seçkilərdə ölkənin məşhur iş adamlarını partiyasının siyahısına daxil edirdi. Baxmayaraq ki, həmin şəxslərin partiyada heç bir fəaliyyəti yox idi. Amma Rusiyada proporsional seçki üsulu olduğu üçün oliqarxlarla birgə seçkilərə gedilməsi, deputat mandatının bəri başdan təmin edilməsi demək idi. Jirinovskinin müəyyən mənada Kremldən inciməyə haqqı da var. Çünki Jirinovski birmənalı şəkildə Ümumrusiya siyasi partiyası olan "Yedinaya Rossiya"nın bütün layihələrini dəstəkləyirdi. Daha az tənqidi rakurslardan çıxış edirdi. Qərbə münasibətdə, xüsusən də ABŞ-ın yeni dünya nizamı ilə bağlı siyasətinə qarşı Jirinovskinin fikri Kremlin fikri ilə üst-üstə düşürdü.İndi isə Jirinovski kimi bir adamın yaxınının vəzifədən uzaqlaşdırılması təsirsiz ötüşməyəcək.Ona görə düşünürəm ki, bu sosial mahiyyət kəsb edən aksiyalar olsa da, etirazların arxasında məlum partiyanın korporativ maraqları dayanır”.

Ekspert aksiyaların arealının böyüyə biləcəyini də qeyd edib:

"Liberal Demokratların olduğu bölgələrdə aksiyaların yayılacağını istisna etmirəm. Amma bu da həmin qubernatorların münasibətlərinin Kremllə hansı müstəvi üzərində olmasından asılı olacaq.Bütün qubernatorların birmənalı şəkildə Jirinovskini dəstəkləyəcəkləri də inandırıcı deyil.Çünki həmin qubernatorların bu addımı atacaqları halda Sergey Furqalla eyni aqibəti yaşıyacaqları məlumdur.Amma hesab edirəm ki, bu aksiyalara Navalnı kimi müxalifətçilər dəstək versələr, onların böyüməsi mümkündür. Lakin sistem müxalifəti sözdə bir şey deyib, əməldə fərqli iş tutsalar, Kremlin aksiyaçıların irəli sürdüyü bir neçə istəyi yerinə yetirməsi kifayətdir ki, etirazlar yatsın”.

Əli Bədir





Həftənin ən çox oxunanları