Yuxarı

ABŞ cazibəsini itirir: Demokratiya mərkəzi Avropaya köçür?

ABŞ cazibəsini itirir: Demokratiya mərkəzi Avropaya köçür?

ABŞ cazibəsini itirir: Demokratiya mərkəzi Avropaya köçür?

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrel qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi səbəbi ilə yaranmış vəziyyətə münasibət bildirərək, ABŞ-da dinc etirazçıların tələblərini haqlı hesab etdiyini açıqlayıb.

C.Borrel qeyd edib ki, bu hadisə hüquq-mühafizə orqanları əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir.

Maraqlıdır, demokratiyanın beşiyi ABŞ-dır, yoxsa Avropa?

"Cümhuriyət”-ə açıqlamasında politoloq Qabil Hüseynli demokratiyanın mərkəzinin Avropa olduğunu deyib:

"Mənim zənnimcə, mədəniyyətin mərkəzi və ən inkişaf etmiş nöqtəsi Avropa olduğu kimi, demokratiya və insan haqlarının da mərkəzi, inkişaf tapdığı və inkişaf etməyə davam etdiyi mərkəz də oradır. Avropa ölkələri bir çox məsələlərdə ABŞ-a nümunə ola bilər. Avropa həm siyasi liberalizm baxışlarına görə, həm maddi firəvanlıq səviyyəsinə görə, həm də ki, insan haqlarına ciddi sürətdə riayət edilməsi baxımından fərqli bir səviyyədə olduğunu sübut edib. Amerika özünü "demokratiya cənnəti” və ya "demokratiyanın cəbbəxanası” hesab edir. Amma bəzi məqamlarda Birləşmiş Ştatlar ölkədə insan, xüsusi ilə qaradərili haqlarının pozulmasına görə vətəndaşların etirazlarına çox kobud yanaşır. Bu eyni zamanda seçkilər ərəfəsində olmasına baxmayaraq, aksiyaların yatırılmasında yalnız polisin deyil, Milli Qvardiyanın da köməyindən istifadə edilir. Bu gün də Amerikada bir qaradərilinin ölümü ilə başlanan çox ciddi qarşıdurma formalaşıb. Bu etirazlara yalnız qaradərililər deyil, ağdərililər, Demokrat Partiyasının siyasi mənsubları, xüsusi ilə Trampın əleyhdarları da qatılıb. Hətta bu məsələ ilə bağlı Demokratlar Konqresdə məsələ qaldıraraq Trampı ittiham ediblər. Nəticə etibarı ilə proseslər ciddiləşib və sürətlənib. Tramp da bu çıxışların genişlənməsindən ciddi narahat olub və bəzi vəziyyətlərdə cavab reaksiyası göstərə bilmir. O gah insanların dini hislərinə müraciət edərək "Bibliya”nı əlinə götürüb insanlardan sabitliyə riayət edilməsini tələb edir, gah da polisin köməyi ilə Milli Qvardiya nümayəndələrini göndərir və güc tətbiq edir. Bunlar ölkədə vəziyyətin ağırlığını, həm də bu ağırlığın siyasi rəqabət meydanına yürüdüyünü də göstərir. Artıq Trampın reytinqində kəskin azalmalar müşahidə olunur və o, bundan çox narahatdır, vəziyyəti nəzarət altına almaq istəyir. Bunlar isə hələ ki, heç bir nəticə vermir. Belə görünür ki, noyabrda prezident seçkilərinə qədər Amerikada oxşar vəziyyətlər tez-tez və dövrü olaraq baş verəcək”.

Politoloq qeyd edib ki, Corc Floydun öldürülməsindən daha çox pandemiyanın təsirləri Trampın reytinqinə daha ağır zərbə vurur:

"Fikrimcə, qaradərilinin öldürülməsi ilə başlanan etirazlardan daha çox, pandemiya nəticəsində ABŞ-da yaranmış gərgin vəziyyət Trampın reytinqinə ağır vurur. Yüz minlərlə insanın ölümü Trampın mövqeyinə daha böyük zərbə vurur. Qaradərilinin ölümü isə öz irqindən olanlar arasında daha ciddi qarşılanır və tək-tək ağdərililər də bu etiraza qatılır. İrqi ayrı-seçkiliyin ənənələri Amerikada hələ də yaşamaqdadır. Üstəlik də, qaradərililər kriminal aləmin inhisarçıları kimi tanınırlar. Onlar çox zaman silahlı gəzdikləri üçün qaradərililərə qarşı cəmiyyətdə özünüqoruma instinkti formalaşdırıb. Bu etirazlardan Trampın əleyhdarları və oliqarxlar istifadə edəcək. Çünki onlar Trampdan narazıdırlar. Pandemiya Tramp üçün daha ağır və Amerika cəmiyyəti üçün daha ağrılı mövzudur. Əgər sentyabrda keçirilməsi nəzərdə tutulan "G-7 zirvə toplantısı”-na qədər Tramp Çinə qarşı qaldırdığı təzminat iddiasının həllinə nail ola bilsə, ola bilər ki, pandemiyanın zərərləri ilə bağlı ictimai rəydə yaranmış neqativləri minimuma endirə bilsin. Əgər bu baş verməsə, pamdemiya Trampı "yeyəcək”. Yəni hakimiyyətinin sonunu gətirəcək. ABŞ pandemiyaya görə Çindən 4 trilyon dollardan çox təzminat tələb edir. Çin isə bu məsələdə özünü günahkar hesab etmir və bu fikirləri rədd edir. Hətta Amerikanın özünü bu məsələdə ittiham edir. Çin dünyada özünü qeyri-konstruktiv mövqeyi ilə tanınır. 4 trilyon dollar Çinin çökməsi və məhv olması deməkdir. Ona görə də Çinin bu təzminatı ödəyəcəyini düşünmürəm”.

Əli Bədir





Həftənin ən çox oxunanları