Yuxarı

Koronavirus peyvəndi: Putinin, yoxsa xalqın xilaskarı?

Koronavirus peyvəndi: Putinin, yoxsa xalqın xilaskarı?

Koronavirus peyvəndi: Putinin, yoxsa xalqın xilaskarı?

Rusiyada ilk olaraq COVID-19 vaksinin qeydiyyatdan keçməsi dünyada müxtəlif fikirlərə səbəb olub.

Dərman ixracında bir sıra ölkədən çox geridə olan Rusiyanın belə bir uğura malik olması, bir sıra siyasətçiləri düşündürüb. Hətta Almaniya dövləti də Rusiyada kəşf olunan vaksin üzərində kifayət qədər araşdırma aparılmadığı qənaətindədir. Lakin Vladimir Putin vaksinin öz qızına tətbiq edildiyini də bildirib. Ekspertlərin əksəriyyəti isə Rusiyanın vaksin məsələsinin bir siyasi addım olduğunu düşünürlər.

Çünki reytinqi düşmüş Putin və sosial problemlərlə dolu Rusiya üçün hansısa siyasi göstərişə ehtiyac var.

Politoloq Natiq Miri "Cümhuriyət"ə açıqlamasında Rusiyanın vaksin kəşfi xəbərinin siyasi şou olduğunu deyib:

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da COVID-19 əleyhinə vaksinin hazırlanmasının hələlik mümkün olmadığını deyib. Çünki COVID- 19 zamanla mutasiyaya uğrayır. Mutasiyaya uğramış virus müxtəlif insanlarda fərqi simptomlarla müşahidə olunur. Ona görə də bir vaksin COVID-19-un mutasiyaya uğramış bütün şəkilləri üçün keçərli ola bilməz. Mutasiyaya uğramış virusların tərkibləri dəyişir. Ona görə də Rusiyanın vaksin kəşfi siyasi hadisə kimi dəyərləndirilir. Digər tərəfdən, Rusiyada sözügedən vaksinin tətbiqinə kütləvi şəkildə başlanmasa da, Putin bu məsələni tələsik açıqladı. Vladimir Putinin, vaksinin qızına tətbiq edilməsi ilə bağlı açıqlaması da məsələnin ciddiyyətindən daha çox "siyasi şou"ya bənzədiyini göstərir. Dünya siyasətçilərinin əksəriyyəti də bu fikirdədir.

Siyasilər bu addımın Rusiyanın reytinqinin yüksəldilməsinə və Putinin müsbət imicinin formalaşdırılmasına xidmət etdiyini iddia edirlər. Dünyanın bir çox ölkəsi, ABŞ, Çin, Türkiyə, İngiltərə və digərləri vaksinlə bağlı ciddi araşdırmalar aparır. Türkiyədə vaksinin yaxın zamanda hazır olacağı ilə bağlı informasiyalar da var. Bu vaksinlər digər dövlətlərin istehsalından fərqli olara burun yolu ilə qəbul olunan peyvəndlər kimi hazırlanacaq. Türkiyədə bu formalı vaksinin daha təsirli olacağı haqqında da artıq qəti fikirlər var. Rusiyanın birdən- birə vaksin hazırladığını elan etməsi dünya dövlətləri tərəfindən birmənalı formada qarşılanmadı. Peyvəndləri uzun müddət gizlətmək mümkün deyil. Ona görə də vaksin təstiq olunandan sonra onun mutasiyaya uğramış virusun digər şəkillərinə münasibəti necə olacağı araşdırılacaq. Rusiyada çox ciddi dezinformasiya institutu var. O, xüsusi xidmət orqanlarının nəzdində fəaliyyət göstərir. Bu qurum istənilən dövlət haqqında dezinformasiya yaya bilir. Ona görə də Rusiyanın peyvənd haqqındakı fikirləri dünya dövlətləri tərəfindən ciddi qarşılanmadı. Onların da haqlı olduğunu düşünürəm".

Ekspert əlavə edib ki, Rusiya vaksini tapsa da digər dövlətlər işlərini davam etdirəcəklər:

"Rusiyanın bu addımı digər dövlətlərin COVID-19 çalışmalarına heç bir təsir göstərməyəcək, onları durdurmayacaq. Çünki mutasiyaya uğramış virusun sabah hansı şəkli ilə qarşılaşılacağı bilinmir. Ayrıca, bu məsələlərin iqtisadi, maliyyə tərəfi var. Çünki vaksini kim daha tez kəşf edərsə, onu digər dövlətlərə satıb pul qazanacaq. Bu böyük maliyyə gəliri deməkdir. Ona görə də vaksinlə bağlı araşdırma aparan dövlətlərin heç birinin dayanacağını sanmıram. Hər dövlət vaksin kəşfində önə düşmək istəyir. Yaxın aylarda vaksinin hazır olacağı ilə bağlı xəbərlər də var. Ayrıca, müxtəlif dövlətlərdə hazırlanan vaksinlərin tərkibləri eyni olmaya da bilər. Çünki hər ölkədə mövcud şəklindən asılı olaraq virusa yanaşma fərqli ola bilər. Vaksini kəşf edəcək ölkə, öz təminatından sonra onu xaricə satmaqla milyardlarla pul qazanacaq. Bu həm də iqtisadi, maliyyə baxımından ölkələrin maraqlarına xidmət edəcək".

Əli Bədir





Həftənin ən çox oxunanları