Yuxarı

Kremli qəzəbləndirən layihə: Tovuz təxribatında daha bir iz

Kremli qəzəbləndirən layihə: Tovuz təxribatında daha bir iz

Kremli qəzəbləndirən layihə: Tovuz təxribatında daha bir iz

Rusiyanın dövlət qaz şirkəti olan "Gazprom” 2020-ci ilin birinci yarısında Avropaya 78,9 milyard kubmetr təbii qaz ixrac edib.

Xəbər verildiyi kimi, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz azdır. Belə ki, Qərbi Avropaya qaz ixracatı göstərilən müddət ərzində 17 faiz azalaraq 60 milyard kubmetr, Türkiyəyə hətta 70 faiz azalaraq 4,7 milyard kubmetr, Mərkəzi Avropaya 15 faiz azalaraq 17,7 milyard kubmetr, MDB ölkələrinə də 15,8 faiz azalaraq 14,73 milyard kubmetr təşkil edib. Eyni zamanda bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 645,81 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur. Bu ilin aprel ayında Azərbaycan 916,57 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 34,8%-i). İkinci yerdə 470,33 mln. kubmetrlə Rusiya qərarlaşıb. Bəzi ekspertlər 12 aprel Tovuz olaylarının Rusiyanın göstərişi ilə Ermənistan tərəfindən törədilməsinin bir səbəbini də məhz bununla əlaqələndirirlər. Onlar hesab edirlər ki, Azərbaycan Avropaya və Türkiyəyə qaz ixracında xeyli irəlilədiyi üçün Rusiya bu addımı atıb.

Politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, dövlətimizə qarşı Tovuz təxribatının bir səbəbi də Azərbaycanın iqtisadi layihələrinin inkişafı və genişlənməsidir:

"Azərbaycan Avropaya maye qaz ixracında Rusiyanın ciddi alternativinə çevrilib. Bu ilin sonunda "Şahdəniz-2” yataqlarının da istismara veriləcəyi gözlənilir. Bundan başqa sovet dövründə kəşf edilmiş, amma qazıntı aparılmamış Qarabağ kondensant yatağı var. Onun da istismarı üçün bir neçə gün öncə cənab prezidentin iştirakı ilə qazma qurğuları həmin əraziyə göndərildi. Belə ehtimal olunur ki, "Şahdəniz- 2” yatağının istifadəyə verilməsindən sonra Azərbaycanın xarici bazarlara göndərəcəyi qazın miqdarı 10 milyard kubmetrdən 32 milyard kubmetrə yaxınlaşacaq. "Şahdəniz- 2” layihəsinin işə düşməsindən sonra Azərbaycanın xaricə qaz ixracı, Rusiyanın qaz ixracının təxminən yarısına bərabər olacaq. Rusiya ilə Türkiyə arasındakı qaz alış- verişinə gəldikdə isə Türkiyə əvvəldən imzalanan sazişdə bəyan etmişdi ki, gələcəkdə qaz qiymətlərinə baxıla bilər və onun qiyməti neftin qiymətinə uyun olaraq tarifləndirilə bilər. Amma Rusiya Türkiyəyə satdığı qazın qiymətində endirim etmədi. Müqavilənin də vaxtı bitib. Yəni tərəflərdən biri razı olmasa müqavilə keçərsizdir. İndi Türkiyəyə ən çox qaz ixrac edən ölkələrdən biri Azərbaycandır. Türkiyə Azərbaycandan qazı Rusiyadan aldığından ucuz əldə edir.

Əgər Rusiyadan 350 dollara alırdısa, Azərbaycandan 150 dollara alır. Yəni arada xeyli fərq var. Eyni zamanda Azərbaycanın göndərdiyi qaz, qardaş Türkiyənin bu tələbatını demək olar ki, ödəyir. "Şahdəniz- 2” layihəsi işə düşəndən sonra da Türkiyə bizdən istədiyi qədər qaz ala biləcək. Tovuz hadisələri birbaşa Azərbaycanın Cənubi Qafqazda gerçəkləşdirdiyi iqtisadi layihələrin əleyhinə çevrilib. Buraya Bakı-Tiblisi-Ceyhan, TANAP layihəsi, Bakı- Tbilisi- Qars dəmir yolu, Bakı- Supsa neft kəməri daxildir. Eyni zamanda buraya Azərbaycan və Gürcüstanın ərazisindən keçib, Avropa, Orta Asiya və Koreyayadək böyük bir sahəni əhatə edən kommunikasiya xətləri də daxildir. Burada rabitə telekom və internet kommunikasiya xətləri var.

Rusiyanın XXI əsrdə belə hərəkəti onun beynəlxalq qaydalara tabe olmadığını göstərir. Bakı- Tbilisi- Ceyhan neft kəməri BP-nin operatorluğu ilə həyata keçirilib . Bu isə Amerika və İngiltərənin şirkətidir. Eyni zamanda bu xəttə amerikanın süni peykləri nəzarət edir. Yəni təkcə qaz xətləri deyil. Azərbaycan Cənubi Qafqazda neft, qaz, dəmir yolu və rabitə xətlərinin idarəçisinə çevrilir. Bu da Rusiyanı və bədnam qonşularımızı qıcıqlandırır. Mənim qəti şəkildə şübhəm toxdur ki, 12 aprel Tovuz hücumlarının planı Kremldə hazırlanıb və əməliyyatlara da erməni ilə rus generalları birgə rəhbərlik ediblər”.
Əli Bədir





Həftənin ən çox oxunanları