Yuxarı

Minsk formatı yenilənməli, həmsədr ölkələr dəyişməlidir

Minsk formatı yenilənməli, həmsədr ölkələr dəyişməlidir

Minsk formatı yenilənməli, həmsədr ölkələr dəyişməlidir

Qarabağ danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk Qurupunun ikili siyasəti Azərbaycanı alternativ addımlar atmağa məcbur edir.

Tovuz təxribatından sonra ermənilərin müvafiq beynəlxalq təzyiqlə üzləşməməsi onları daha da cəsarətləndirib. Artıq ermənilər beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinə erməniləri köçürür. Söhbət Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsindən gedir. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Aratunyan Azərbaycan ərazilərində Livandan gələcək 100-150 ailəni yerlədirə biləcəklərini bildirib. ATƏT-in Minsk qrupu isə baş verənlərə susqunluğunu davam etdirir.

Azərbaycanın 26 ildir problemin həllində heç bir siyasi irəliləyişə nail olmayan bu quruma ehtiyacı varmı?

Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Cümhuriyət”ə açıqlamasında deyib ki, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi demoqrafik vəziyyəti dəyişmək üçün bir cəhddir və bu beynəlxalq hüquq normalarına daban- dabana ziddir: "ATƏT- in Minsk Qrupu buna sərt reaksiyasını verməli idi. Əgər münasibət göstərilmirsə, deməli beynəlxalq hüquqa zidd olan bu münasibətləri ATƏT- in Minsk Qrupu dəstəkləyir. Məsələ bu anlama gəlir. Digər tərəfdən Tovuz təxribatından sonra Azərbaycanın səsləndirdiyi konkret şərtlər var. Bu şərtlər də ATƏT- in Minsk Qrupunun yenidən toplanmasından ibarətdir. 11 dövlətdən ibarət olan bu qrupun yenidən toplanması da həmsədr institunun hesabatı ilə bağlıdır. Çünki artıq 3-cü onillikdir ki, ATƏT- in Minsk Qrupu, xüsusən də həmsədr institutu fəaliyyət göstərir. Lakin ortada siyasi istiqamətdə zərrə qədər irəliləyiş yoxdur. Bunun hesabatı verilməlidir. Minsk Qrupu həmsədr ölkələri də anlayır ki, bu hesabat verilərkən qənaətbəxş sayılmayacaq. Demək söhbət fəaliyyətsizlikdən və hansısa geosiyasi, korporativ maraqlardan gedir ki, bu da vasitəçiliyə zidd davranışdır. Ona görə də hesab edirəm ki, Azərbaycan irəli sürdüyü şərtlərin arxasında dayanaraq, Minsk Qrupunun toplanmasını və həmsədr institunun hesabat verməsini tələb etməlidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu toplantıdan sonra ATƏT- in Minsk Qrupunun, xüsusən həmsədr institutunun fəaliyyətini davam etdirib- etdirməməsi gündəmə gətirilməlidir”.

Ekspert hesab edir ki, Minsk Qrupunun fəaliyyətinin qənaətbəxş olmaması alternativ qərarların qəbul edilməsini zəruri edəcək: "Fəaliyyəti qənaətbəxş sayılmayan qurumun bu siyasəti ortaya yeni alternativlər qoymağı zəruri edəcək. Alternativ olaraq da bu problemin həllində maraqlı olan dövlətlər prosesə qoşulmalıdır. Hesab edirəm ki, bu alternativ tərkibdə Rusiya və Fransanın ümumiyyətlə rolu olmamalıdır. Çünki münaqişəni yaradan tərəf Rusiyadır. Bu gün işğalçı Ermənistanı silahlandıran, ona havadarlıq edən də Rusiyadır. Fransa isə erməni lobbiçiliyinin əsas mərkəzidir. Tovuz təxribatından sonra Ermənistana 400 ton silah- sursatın göndərilməsi də göstərir ki, Rusiyanın konkret geosiyasi maraqları mövcuddur. Bu da təkcə Azərbaycanın yox, qardaş Türkiyənin və bütövlükdə Qərb dünyasının təhlükəsizlik maraqlarını təhdid edir. Ona görə də düşünürəm ki, problemin qeyd etdiyimiz yeni formatda qoyulması Qərbin də dəstəyinə səbəb ola bilər. Eyni zamanda məsələyə qardaş Türkiyə də dəstək verəcək. Rusiyanın bu proseslərin arxasında dayandığı getdikcə daha aydın görünməyə başlayır. Prezidentin köməkçisi Hikmət Hacıyevin Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun açıqlamasına münasibəti də onu göstərdi ki, Azərbaycan artıq bu nağıllara inanmır və Kremldən gözləntiləri özünü doğrultmur. Azərbaycan konkret tələblərlə çıxış etsə də, Lavrovun açıqlamaları onu göstərir ki, rəsmi Bakının tələbləri Rusiya səviyyəsində qəbul olunmur və olunmayacaq. Ona görə də Azərbaycan Ermənistanla heç bir danışıq masasına yenidən oturmamalıdır və Xarici İşlər nazirləri hər hansı ir şəkildə görüşməməlidirlər. Azərbaycanın konkret və sürətli həll edəcəyi daha bir məsələ Türkiyə ilə hərbi sazişin yenilənməsidir. Bu sazişlə Azərbaycan hüquqi şəkildə Türkiyənin hava qüvvələrinin bir qisminin öz ərazisində yerləşdirilməsini təmin etməlidir. Bu Naxçıvanda və gələcək perspektivdə Azərbaycanın digər bölgələrində də ola bilər. Çünki təkcə Azərbaycan müharibəyə hazırlaşmır. Ermənistan da ciddi hazırlıqlar görür”.

"Bu variant Rusiyanın maraqlarına xidmət etmir”

N. Miri hesab edir ki, Paşinyan erməni ictimaiyyətinin "gözünü boyamaq” üçün çıxış yolunu Dağlıq Qarabağ cəbhəsində yalançı döyüş başlatmaqda görür: "Bu məsələnin də iki tərəfi var. Onun birinci tərəfi Paşinyan hökumətinin özünü qoruma instinkti ilə bağlıdırsa, digər tərəfi Qarabağda başlaya biləcək yeni bir müharibə hazırlığıdır. Ayrıca, Paşinyan bu gün Rusiyanın təhriki ilə müharibəyə hazırlaşırsa, bunu yalnız hərbi uğur qazanacağına əmin olduğu üçün etmir. Onun başqa çıxış yolu yoxdur. Paşinyanın əsasən iki yolu var. Birincisi, Paşinyan mərhələli həll variantını qəbul edir və ətraf 7 rayonun boşaldılmasına razılıq verir. Buna da hələlik erməni ictimaiyyəti hazır deyil. Belə olan təqdirdə birləşmiş erməni müxalifəti ölkə ictimaiyyətinin dəstəyi ilə Paşinyanı asanlıqla devirə bilər. Ona görə Paşinyanın bu həll variantına gedəcəyi inandırıcı deyil. İkinci variant isə Paşinyanın vəziyyətdən çıxması üçün Qarabağ cəbhəsində qısamüddətli də olsa, müharibə başlatması ola bilər. Bu müharibə nəticəsində erməni ordusu məğlub olacaq. Bir neçə strateji ərazi Azərbaycan ordusu tərəfindən azad olunur və Paşinyan da dünya ictimaiyyətinə car çəkir ki, Rusiya bizi satdı. Azərbaycana qarşı bizə dəstək vermədi. Bununla da o, erməni ictimai rəyində özünü sığortalamış olacaq. Hesab edirəm ki, bu ikinci variant daha çox məntiqə uyğundur. Hazırda ermənilər buna hazırlıq görürlər. Yəni Azərbaycan istəməsə də müharibə ilə qarşılaşacaq. Ona görə də Azərbaycan Ermənistanın nə zaman təxribat törədəcəyini gözləməməli, Türkiyə ilə hərbi sazişi yeniləyib, BMT-nin ona verdiyi hüquqla işğal altında olan torpaqlarında antiterror əməliyyatına başlamalıdır. Çünki Ermənistanın yeni bir hərbi təxribatını gözləmək illər çəkə bilər. Türkiyə ilə hərbi sazişi yeniləyib onun aviabazlarını Azərbaycanda yerləşdirmək, həm region dövlətlərinə, həm də Rusiyaya qarşı çəkindirici addım olacaq. Rusiya anlayır ki, Ermənistan tərəfindən çıxış etsə, Türkiyə rahatlıqla proseslərə müdaxilə edəcək. Bu da qətiyyən Rusiyanın geosiyasi maraqlarına qətiyyən xidmət etmir”.
Əli Bədir





Həftənin ən çox oxunanları