Yuxarı

Ermənistanın Azərbaycana təzminat borcu: Nə qədər ödəyəcək?

Ermənistanın Azərbaycana təzminat borcu: Nə qədər ödəyəcək?

Ermənistanın Azərbaycana təzminat borcu: Nə qədər ödəyəcək?

Ermənistan ərazilərimizi işğal etməklə və 30 ilə yaxın bir müddətdə işğal altında saxlamaqla ölkəmizə milyard dollarla ziyan vurub.

İndi sülh müqaviləsinin bağlanması ərəfəsində işğalçı dövlətdən təzminat tələb olunması məsələsi gündəmə gəlib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təzminat ödəməli olduğunu açıqlayıb:

"İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz.

İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Ermənistanın keçmiş baş prokuroru və Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi Gevorg Kostanyan təzminat məsələsindən narahatlığını dilə gətirib:

"Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub. İki il əvvəl Qarabağ və ətraf yeddi rayonda Azərbaycana dəymiş maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminat iddiası ilə bağlı məhkəmə prosesinin hazırlandığı barədə xəbərdarlıq etmişdik. Lakin Ermənistanın bu məsələdə məsuliyyət daşıdığı barədə kifayət qədər dəlil olmadığından bu iddianı təqdim edə bilməyiblər”.

O qeyd edib ki, Azərbaycana dəyən ziyanın hesablanması üçün işə beynəlxalq təşkilatlar cəlb edilib.

Onun sözlərinə görə, Nikol Paşinyan tərəfindən imzalanan sənəd həm də Ermənistanın gələcək nəsillərinin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaq.

Təzminat məsələsi imzalanacaq sülh müqaviləsinə salına bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, təzminat məsələsinin sülh müqaviləsinə salınması məqsədəuyğundur:

"Amma məlum məsələsir ki, Ermənistan belə bir maddəni imzalamayacaq. Ermənistan tərəfindən verilən bəyanatlardan da görünür ki, könüllü sürətdə buna getməyəcəklər. Çünki bu məbləğ Ermənistanı çökdürə bilər. Biz dəymiş zərəri ancaq beynəlxalq məhkəmə vasitəsilə ala biləcəyik”.

Qeyd olunan məbləğə gəlincə, Əsabəli Mustafayev bildirir ki, azad olunmuş kənd, şəhər və qəsəbələrdə evlərin, tarixi abidələrin görüntülərindən dəymiş ziyanın məbləğinin böyük olduğu məlum olur:

"Yəqin ki, dəymiş ziyan həmin məbləğə gəlib çatacaq. Yüzlərlə kənd, şəhər dağıdılıb. Ağdam, Füzuli, Qubadlı və bu rayonların kəndləri tamamilə dağıdılıb. Bir şəhərin salınmasına 10-15 milyard dollar maliyyə vəsaiti tələb olunur. Hətta ermənilər indi də zərər verməkdə davam edirlər. Videolardan da göründüyü kimi, Kəlbəcərdən çıxan ermənilər evləri, meşələri yandırırlar ki, bunlar Azərbaycana qalmasın. Belə görünür ki, təzminatın məbləğı daha artıq olacaq”.

Tarixən sülh müqavilələrində təzminat məsələsi qoyulubmu və bu təmin olunubmu?

Hüquqşünas deyir ki, II Dünya Müharibəsinin sülh müqavilədə yalnız kaputulyasiya yer alıb:

"Dəymiş ziyan barədə heç nə deyilmirdi. Amma sonradan özünə hörmət edən dövlət olaraq Almaniya bir çox ölkələrə və xalqlara zərər vurduğunu qəbul edərək, könüllü olaraq bəzi addımlar atıb. Məsələn, yəhudi millətindən olan gənclərə, əsirlikdə əməkləri istismar olunan rusların ailələrinə təzminat ödədi. Təzminatlar daha çox könüllü formada olub. Amma bu o demək deyil ki, biz də təzminat tələb etməməliyik. II Dünya Müharibəsindən sonra bu qədər dağıntı da olmayıb. ABŞ Veytnama hücum edəndə bu ölkə kasıb bir ölkə idi, amma sonradan ABŞ onların dirçəlməsinə kömək etdi, belə deyək ki, qeyri-rəsmi təzminat ödədi. Bir daha qeyd edirəm ki, yadıma gəlmir ki, hansısa ölkə bu qədər dağıntıya məruz qalsın. Ona görə biz bunu mütləq tələb etməliyik. Artıq müraciətlər də hazırlanır, erməniləri də bu qorxudur. Nikol Paşinyan bəyanatı imzalamaqla tərəf olduğunu və müharibədə iştirakçı olduğunu rəsmən boynuna almış oldu. Müharibənin bizim ərazimizdə getməsi də rəsmən həmin bəyanatla təsdiq olundu. Ona görə də haqqımız var ki, dəymiş zərərləri hesablayıb, bunu Ermənitandan tələb edək”.

İqtisadçl Natiq Cəfərli sosial media hesabında bildirib ki, Azərbaycan ciddi beynəlxalq təşkilatlarla, xarici qiymətləndirmə şirkətləri ilə birgə illərdir işğal altında qalan, ordumuz tərəfindən azad edilən torpaqlarımıza dəyən maddi ziyanı mütləq hesablamalı, bu rəqəmi ciddi əsaslandırmalı, beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır. Sənəddə tək dağıdılmış infrastruktur, binalar, evlər deyil, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır:

"Ermənistan, inkar edəcək, razılaşmayacaq, onun onmilyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində "Domokl qılıncı" kimi asılmalıdır, hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Tarixi abidələrlə bağlı xüsusi araşdırma və qiymətləndirmə aparılmalı, bu sənədlər mövzu ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda ayrıca qaldırılmalıdır. Bu tək maddı yox həm də mənəvi təzminat üçün əsas yarada bilər. Mənim Ermənistanın milyardlarla dollar təzminatı qəbul edib ödəyəcəyi ilə bağlı heç bir ümidim, illüziyam yoxdur - amma bu o demək deyil ki, məsələ beynəlxalq müstəvidə qaldırılmamalıdır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları