Yuxarı

Qarabağda sülhyaratma: Proses necə tənzimlənəcək?

Qarabağda sülhyaratma: Proses necə tənzimlənəcək?

Qarabağda sülhyaratma: Proses necə tənzimlənəcək?

Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələlərdən biri bölgədə elan olunan sülh prosesində Türkiyənin iştirak edib- etməyəcəyidir.

Hələlik bu məsələ dəqiq şəkildə öz təsdiqini tapmayıb. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan bəyanatın 5-ci bəndində bildirilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla bağlı Azərbaycan xalqına müraciətində mərkəzdə Türkiyənin təmsil olunacağını bəyan edib:

"Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost və qonşudur. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər”.

Qeyd edək ki, bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışığında da müzakirə olunub. Türkiyə lideri Administrasiyasından yayılan xəbərdə bildirilib:

"Prezident Ərdoğan Vladimir Putinlə telefon danışıqları aparıb. O qeyd edib ki, dünən axşam Dağlıq Qarabağda vəziyyətin sabit şəkildə tənzimlənməsi istiqamətində düzgün addım atılıb. Ərdoğan bildirib ki, Türkiyə Ermənistanın işğalından azad edilmiş rayonlarda, Azərbaycanın müəyyənləşdirdiyi ərazidə yaradılacaq birgə mərkəzin bazasında Rusiya ilə birlikdə müşahidə və nəzarət fəaliyyətini həyata keçirəcək".

Türkiyə sülhməramlılarının prosesdə iştirakı ilə bağlı məsələdə ilikin bəyanatda yoxdur. Bu məsələ sonradan sülh müqaviləsinə salına bilərmi?

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sülhməramlı mərkəzdə Türkiyə olmalıdır:

"Azərbaycan buna təkid edəcək. Başqa cür ola bilməz. Bölgənin nüfuzlu dövləti olan Türkiyənin bu Sülhməramlı Mərkəzdə iştirak etməsi Azərbaycan xalqının arzusudur. Prezident İlham Əliyev də bunu dönə-dönə vurğulayıb. Əgər Rusiya sülhməramlı qüvvələrlə bağlı məsələni təkbaşına həll etməyə çalışacaqsa, bu ziddiyyətə gətirib çıxara bilər. Rusiyanın birdən-birə proseslərlərə qəfil müdaxiləsi və bəyanat imzalanan kimi dərhal bölgəyə sülhməramlı qüvvələrin tətbiqatına başlaması o qədər də ürəkaçan məsələ deyil. Bu yalnız o zaman balanslaşdırılmış təəssürat yarada bilər ki, orada Türkiyədə də təmsil olunsun”. Bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ağdam, Kəlbəcər və Laçın rayonlarında Ermənistan hərbi qüvvələri çıxarılmamasına baxmayaraq, artıq Rusiyanın kontingenti sözügedən əraziyə daxil olub. Ola bilərmi ki, bundan sonra Ermənistan öz hərbçilərini ərazilərimizdən çıxarmaqdan imtina etsin?

Qabil Hüseynli bildirib ki, Rusiya bəribaşdan bəyanatda olan müddəaları pozmağa başlayıb:

"Rusiya kontingenti erməni qoşunları çıxdıqdan sonra onları əvəzləməli idi. Amma dərhal Xankəndidə qərargah yaradırlar və orada qüvvələrini yerləşdirirlər. Azərbaycanlı iş aparmadan bunu həyata keçirmək qəribə təəssürat doğurur. Hər halda bu məsələlər ciddi dəqiqləşdirilib, yerinə qoyulmalıdır. Kəlbəcər və digər rayonlardan erməni qoşunlarının çıxarılmayacağına gəlincə, bu olacaqsa, bu bölgədə yenidən vəziyyətin gərginləşməsinə və hətta müharibə vəziyyətinin yaranmasına gətirib çıxaracaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları