Yuxarı

Ermənistan defolt yolunda: "Yuqoslaviyanın parçalanmasına məhz bu səbəb oldu”

Ermənistan defolt yolunda:

Ermənistan defolt yolunda:

Ermənistanın Azərbaycanla müharibə aparması, onun həm hərbi qüvvəsinin, həm də iqtisadiyyatının məhv demək olacaq.

Bəlkə də bu addımla Ermənistan rəhbərliyi ölkə tarixinin ən böyük səhvini etmiş sayılır desək, yanılmarıq. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yalnız məhv edilən texnikalarının ümumi qiyməti 3 milyarda yaxındır. Yəni bu Ermənistan 3 milyarda qədər zərərin dəyməsi deməkdir. Bu barədə məqalə dərc edən "rusbankrot.ru” nəşri yazır ki, müharibə silah tədarükçüklərinə nəhəng gəlir gətirsə də, döyüş iştirakçılarını iflasla üz-üzə qoyur.

Ermənistanla Azərbaycan arasında münaqişə də bu baxımdan istisna deyil. Dağlıq Qarabağda bir aydan çoxdur ki, davam edən döyüş əməliyyatları kreditlər içində çabalayan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə çatdırıb.

Məqalədə bildirilir ki, indi Yerevan qarşısında ciddi sual dayanır: kreditləri necə qaytaracaq?

Çünki yeni borcların alınması, ya da milli valyutanı dəyərsizləşdirmək bahasına yeni pullar çap etmək heç nəyi həll etməyəcək. Artıq bu ilin iyulunda Ermənistanın dövlət borcu rekord 8 milyard dollar həddinə çatmışdı.

"Fitch” reytinq agentliyi bu ilin sonunadək ölkə iqtisadiyyatının defoltla üzləşəcəyini proqnozlaşdırırdı. Bundan sonra Ermənistana hansısa dövlət və ya şirkətin borc verəcəyi də məntiqə uyğun deyil.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistan iqtisadiyyatı artıq defoltun içərisindədir:

"Ermənistan üçün xaricdən kredit almaq, ümumiyyətlə, ciddi bir problemə çevrilir. Digər tərəfdən Ermənistan Azərbaycanla apardığı müharibədə mümkün resurslarının hamısından istifadə edib. Bu gün Ermənistanın təkcə İkinci Qarabağ savaşında itirdiyi resursların ümumi dəyəri təxminən 3 milyard dollardır ki, bu bütövlükdə Ermənistanın büdcəsindən çox böyük göstəricidir. Ermənistanın ticarət balansında 2,5 milyard dollar kəsr var. Ümumiyyətlə, Ermənistanın ticarət balansında mənfi saldo 50 faizdir. Azərbaycanın ticarət balansında isə müsbət saldo 70 faizdir. Bu o deməkdir ki, Ermənistan artıq uçurumun astanasındadır və ciddi problemlər yaşayır.

Mən onların mətbuatını izləyirəm. Artıq Ermənistanın hökumət rəsmiləri bəyan edirlər ki, büdcəyə daxilolmalarda ciddi azalmalar var. Bu da göstərir ki, praktiki olaraq iqtisadiyyat defolt olmaq üzrədir. Ermənistan bu gedişlə çox çətin problemlə üz- üzə qalacaq və bu problemin çözümü də, xüsusən Paşinyan hakimiyyəti dövründə mümkün olmayacaq. İlin sonunda Ermənistan iqtisadiyyatını sözsüz ki, defolt gözləyir. Faktiki olaraq hazırda Ermənistan iqtisadiyyatı defoltun içərisindədir desək, daha doğru olar. Hələ biz bu Vətən müharibəsində qalib olandan sonra Ermənistanın daxilində vətəndaş müharibəsi başlanacaq. Çünki ermənilər Dağlıq Qarabağdan Ermənistanın özünə silah- sursat daşıyıblar. Faktiki olaraq bizim 90-cı illərdə yaşadıqlarımızı Ermənistan indi yaşayır. Buna görə də orada hakimiyyət çevrilişi gözlənilir. Yəni bütün xoşagəlməz məqamlar qarşıdakı günlərdə Ermənistanı gözləyir. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdikdən sonra bu gün o torpaqlar uğrunda apardığı haqsız müharibəsi onları bu duruma salmalı idi və salır. Hələ biz pandemiyanın Ermənistana vurduğu zərərləri, iqtisadiyyata təsirini bir yana qoyuruq. Halbuki Ermənistan bölgədə yoluxma sayına görə birinci yerdədir. Yəni Ermənistan özünü bütün müstəvilərdə öz əlləri ilə uçurumun kənarına itələdi. Təbii ki, Paşinyan kimi küçədən gələn bir siyasətçinin rəhbərliyi altında bundan artığına nail olmaq mümkün deyildi”.

Ekspert əlavə edib ki, Ermənistan iqtisadiyyatı defolt olacağı təqdirdə xarici borcları ödəməkdən imtina edərsə, bu, onun dövlət kimi məhvinə səbəb ola bilər:

"İqtisadiyyatı defolt vəziyyətə düşdükdən sonra Ermənistan çıxış yolu kimi xarici borcları ödəməkdən imtina etmək istəsə də, bu, səsləndiyi qədər asan iş deyil. Zamanında Yuqoslaviyanın 20 milyard dollaradək xarici borcu var idi. O zaman Yuqoslaviya vahid dövlət idi. Ovaxtkı Yuqoslaviya rəhbərliyi xarici borcları ödəməkdən imtina etdi. Yəni nümayişkəranə formada etiraz etdi. Sonda isə bu Yuqoslaviyanın parçalanması ilə nəticələndi. Yəni belə borclarla zarafat olmur. Əgər Ermənistan qurtulmaq üçün buna əl atarsa, öz məhvini hazırlamış olar”.

Əli Bədir





Həftənin ən çox oxunanları