Yuxarı

Müharibədən sonra: Viza götürüləcək, iqtisadi əməkdaşlıq artacaq

Müharibədən sonra: Viza götürüləcək, iqtisadi əməkdaşlıq artacaq

Müharibədən sonra: Viza götürüləcək, iqtisadi əməkdaşlıq artacaq

Pakistan Azərbaycana işğal altında olan əraziləri uğrunda apadığı müharibədə siyasi və mənəvi dəstək verən ölkələrin ön sıralarındadır.

Vaxtilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu ölkəyə etdiyi xeyirxah əməlləri unutmayan və yüksək qiymətləndirən Pakistan daim ölkəmizin yanında olduğunu bəyan edib. Qarşıda isə Pakistan - Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin, eləcə də mövcud durumda ölkəmizə dəstək verən digər ölkələr, o cümlədən də Türkiyə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi dayanır. Bu istiqamətdə işlərə artıq başlanılıb.

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və Pakistanın Azərbaycandakı səfiri Bilal Haye arasında görüş keçirilib. AZAL-dan açıqlanan məlumata görə, görüşdə iki ölkə arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə edilib.

Səfir bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib və koronavirus (COVID-19), beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq. O, eyni zamanda Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

C.Əsgərov isə deyib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək. 2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan AZAL prezidenti beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını azı 3 saat azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi vacibdir:

"Amma relsərin bərpa olunması yalnız bizdən və ya Pakistandan asılı olan məsələ deyil. Çox güman ki, relslərin bərpası pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulur. Bildiyimə görə, viza məsələsi ilə bağlı da danışıqlar gedir. Pakistanda ümumiyyətlə, Azərbaycanla vizanın aradan qaldırılmasını düşünürlər, Azərbaycanda isə çox güman ki, sadələşdirilmiş viza tətbiq olunacaq. Belə bir razılaşma var. Vizanın aradan qaldırılması və ya sadələşdirilməsi gediş-gəlişi xeyli asanlaşdıra bilər”.

İqtisadçı deyir ki, son illərdə Pakistan biznes dairələrinin Azərbaycana marağı müşahidə olunub:

"Bir neçə dəfə birgə tədbirlər, biznes forumlar keçirilib. Əgər Pakistanın Azərbaycana investisiya qoyulmasında, iqtisadi əlaqələri genişləndirməkdə marağı varsa, bu maraq qarşılanmalıdır. Çox güman ki, belə də olacaq. Çünki qələbədən sonra bizim iqtisadiyyatda baş verən proseslər əsasən işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı olacaq. Bu da böyük investitsiya tələb edir, milyardlarla vəsaitə ehtiyac var. Burada xarici investisiyaların, o cümlədən haqlı davamızda bizi dəstəkləyən ölkələrdən də investisiyaların gəlməsi mümkündür”.

Bəs, Türkiyə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?

Natiq Cəfərli Türkiyə ilə Azərbaycanın hazırkı durumda da sıx iqtisadi əməkdaşlığının olduğunu qeyd edir:

"Bizim enerji, lojistik dəhlizlərimiz Türkiyə üzərindən dünyaya çıxır. İnvestisiya layihələri də kifayət qədər genişdir. Azərbaycan Türkiyədə ən böyük investorlardan biridir. SOCAR-ın "Star” neft emalı zavoduna və ətrafındakı infrastruktura indiyədək 18 milyard dollara yaxın vəsait qoyulduğu bildirilir. Amma münasibətlərin daha da sadələşdirilməsinə, maneələrin aradan qaldırılmasına ehtiyac var. Vergi güzəştləri tətbiq oluna və ya qarşılıqlı olaraq vergi alınmasından tamamilə imtina edilə bilər. İnvestitsiyaların qorunması, birgə investitsiya layihələrinin həyata keçirilməsi mümkündür, kifayət qədər imkanlar var ki, Türkiyə ilə Azərbaycan iqtisadi sahədə də böyük işlər görsün”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları