Yuxarı

Belarusu uçuruma aparan TƏHLÜKƏ

Belarusu uçuruma aparan TƏHLÜKƏ

Belarusu uçuruma aparan TƏHLÜKƏ

Belarusda etirazlar davam edir. Aleksandr Lukaşenkonu prezident olaraq qəbul etməyən müxalifətin etirazları səngimir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isə etirazçıların həbslərini davam etdirir. Görünən odur ki, nə Lukaşenko hakimiyyətdən əl çəkmək istəyir, nə də müxalifət və narazı kəsim kompromisə getməyi düşünmür. Bu isə ölkənin idarəsini çətinləşdirir. Lakin məsələyə Avropa İttifaqının (Aİ) da əvvəlki günlərdəki kimi maraq göstərmədiyi müşahidə olunur.

Sanki onun da başı nisbətən öz daxili problemlərinə qarışıb. Digər tərəfdən regionda bir-birini sürətlə əvəzləyən hadisələr hələlik Belarus məsələsini ikinci plana keçirmiş kimi görünür.

Eyni zamanda Belarusda hakimiyyətdə kimin qalacağı məsələsində Qərblə Rusiya arasında gedən çəkişmələrin bulanıq mənzərərsi Avropanı qəti addım atmamağa sövq edir. Hələlik hakimiyyət uğrunda gedən nüfuz savaşında güc strukturlarının konkret olaraq hansı tərəfdə olacağı qətiləşdirilir.

Maraqlıdır, Aİ Belarusa tətbiq etdiyi sanksiyaların sayını artıra bilərmi?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, Belarusa qarşı yeni sanksiyalar gündəmə gələ bilər:

"Belarusdakı son hadisələr sanki Venesueladakı idarəetmə formasını xatırladır. Belarusda bir tərəfdə prezident var, amma onun legitimliyi beynəlxalq birlik və öz cəmiyyəti tərəfindən tam şəkildə qəbul olunmayıb. Bir tərəfdən də paralel struktur formalaşır. Venesueladakı vəziyyət onun iqtisadiyyatına, tərəqqisinə çox böyük zərər vurdu. Bu vəziyyət Belarusa da ciddi zərbə vuracaq. Belarusun iqtisadiyyatı o qədər də güclü deyil. Onsuz da kreditlər və borclar hesabına zorla vəziyyətdən çıxıb. Seçkilərdən bəri müxalifət hər bazar günü mitinqlərə çıxır. Doğrudur, mitinq iştirakçılarının sayı artıb- azala bilər. Lakin bu yürüşlər və davamlı baxışlar ölkədə idarəçiliyi çətinləşdirir. Mümkündür ki, Belarusa qarşı sanksiyalar yenidən gündəmə gəlsin. Müəyyən sanksiyalar onsuz da var idi. Qərb də Lukaşenkonun legitimliyini tanımayıb. Bəzi dövlətlər də əksinə olaraq Lukaşnkonu legitim prezident kimi qəbul edir. Bu daha ağır vəziyyət yaradır. Oxşar vəziyyət Venesuelada da oldu və qeyri- sabitlik formalaşdırdı. Sanki bu proses Belarusda da təkrarlanır. Rusiya əlbəttə ki, Lukaşenkonun getməsində imkan verməyəcək. Çünki müxalifətin Qərbpərəst olduğunu bilir. Amma bu gedişat Belarusu iqtisadi cəhətdən çox böyük uçurumun astanasına da apara bilər”.

Ekspert hazırda Avropa İttifaqının məsələyə susqunluqla yanaşmasına da aydınlıq gətirib:

"Avropa da Belarusda proseslərin hansı məcrada inkişaf edəcəyini gözləyir. Hazırda hansı qüvvənin sonda zəfər qazanacağı onlar üçün də tam aydın deyil. Hətta Lukaşenko bütün strukturlara nəzarət edə bilsə də bunun əbədi olmayacağı da düşünülür. İndi Lukaşenko güc strukturlarında müəyyən kadr dəyişikliyi etsə də bu strukturların axıradək ona sadiq qalacağını demək olmaz. Yəni buna da tam bel bağlamaq olmur. Bir də görmək olar ki, güc strukturları müxalifətin tərəfinə keçib. Avropa da bunu gözləyir və müşahidə edir. Ona görə də bu məsələdə qərar vermək üçün tələsmək istəmirlər”.

Əli Bədir





Həftənin ən çox oxunanları