Yuxarı

Son çırpıntılar: Paşinyan xilas yolu axtarışında

Son çırpıntılar: Paşinyan xilas yolu axtarışında

Son çırpıntılar: Paşinyan xilas yolu axtarışında

Ermənistan hər keçən gün məğlubiyyətin reallığını daha aydın görməyə çalışır.

Bunu istər Ermənistan hakim dairələrinin çıxışlarından, istərsə də Rusiya mətbuatından açıq şəkildə görmək və anlamaq olur. Hələ Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və zəfərləri bunu gün işığı kimi əks etdirir. Paşinyanı sevməsə də, Ermənistanın hər vəchlə dəstəkləməyə çalışan Rusiya, onu son qurtarma əməliyyatına qalxışıb. Rusiya bununla yalnız Ermənistanı deyil, eyni zamanda "arxa bağçasını” da qorumağa çalışır.

Əməliyyatlar başlayandan siyasi masada Azərbaycana təzyiqlər göstərən Moskva, hələ ilk gündən qardaş Türkiyənin bu masada yer almasını heç cür qəbul etmirdi. Lakin özü prosesə birbaşa müdaxilə də edə bilmirdi. Çünki qarşısında Türkiyə kimi nəhəng dövlət dayanır. Bundan sonra düyünlər yavaş- yavaş çözülməyə və Kreml öz mövqeyini açıq şəkildə bəyan etməyə başladı. Beləliklə, Moskva açıq şəkildə bildirdi ki, hər iki münaqişə (müharibə) tərəfi razılıq verərsə, Rusiya öz sülhməramlılarını Dağlıq Qarabağa yerləşdirə bilər. Bu isə Azərbaycanın öz torpaqlarını beynəlxalq hüququn tələbləri ilə azadetmə əməliyyatının dayanması ola bilərdi. Rəsmi Bakı buna razı ola bilməzdi və olmadı da.

Bundan sonra çıxış yolu olmadığını görən Rusiya problemin həllində Türkiyədən də yardım istədi. Lakin Türkiyə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağda qırmızı xətt keçilərsə, qardaşımız olsa, göz yaşına baxmarıq. Rusiya bundan tam şəkildə payını almış oldu. Hamı öz payını alıb vəziyyəti başa düşsə də, siyasi savadı olmayan Paşinyan anlamayıb ki, səsləndirdiyi təkliflərlə yalnız özünü təsəlli edir. Çünki kimsə onun təklifini qəbul etmir. Artıq bunu Erməni xalqı da anlayır. Ona görə də Paşinyanın "Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi münaqişənin optimal həlli ola bilər”- deməsi yalnız xilas olmaq üçün axtardığı yollardan, özü də çıxışı olmayan yollardan biridir. Bu, Paşinyanın qurtulmaq üçün girdiyi, lakin çıxışı olmayan döngədir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsinə razı olmaqla əslində Xankəndinin itirilməsindən qurtulmağa çalışır:

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə razılıq verməklə əslində vəziyyətdən çıxmağa və Xankəndinin itirilməsindən qurtulmağa çalışır. Lakin Azərbaycan prezidenti açıq şəkildə deyib ki, bu indiki mərhələnin mövzusu deyil. Sülməramlıların harada yerləşdiriləcəyi, onların funksiyalarının nədən ibarət olacağı haqqında suallar açıq qalır. Digər tərəfdən biz hədəfimizə çatmadan sülhməramlılarla bağlı məsələni müzakirə edə bilmərik. Belə olduğu halda qalan ərazilərimizi azad edə bilməyəcəyik. Qarşımızda Gürcüstan nümunəsi var. Onlar 2008-ci ildə Cənubi Osetiyanı azad etməyə çalışanda qarşılarında Rusiyanın sülhməramlılarını gördülər və müharibədə faktiki məğlub oldular. Biz də bu səhvi təkrarlamaq istəmirik. Ona görə də bu indinin mövzusu deyil”.

Ekspert hesab edir ki, Paşinyanın havada qalan bu təklifləri onun özünü də xilas edə bilməyəcək:

"Sadəcə Paşinyan hal- hazırda vəziyyətdən çıxış yolu axtarır. Hər dəfə də bunun üçün ortalığa müxtəlif mövzu və təkliflər atır. Ancaq bu nahaq əziyyətdir. Biz məsələni sona çatdırmalıyıq. Yalnız bundan sonra sülhməramlılar mövzusu gündəmə gələ bilər. Qarabağda hansı sülhməramlılardan söhbət gedə bilər? Şuşadan da Xankəndidən də mülki əhalini çıxardıblar. Üstəlik Paşinyan canını qurtarmaq üçün belə təkliflər versə də, mənası yoxdur. Çünki ruslar buna razı deyilsə, Paşinyanın hər dəfə əbəs yerə təkliflər səsləndirməsi siyasi vəziyyəti daha da ağırlaşdırır. Axı nə qədər təklif vermək olar? Gah Rusiyaya deyir Dağlıq Qarabağı tanıyın, gah deyir ki, sülhməramlıları bu əraziyə gətirin. Bütün bu təklifləri də havada qalır. Erməni cəmiyyəti də görür ki, bu təkliflər gerçəkləşən deyil. Ona görə də Paşinyan bu təkliflərlə özünü də qurtara bilmir. Bir daha deyirəm ki, indiki halda bu təkliflər bizim maraqlarımıza heç bir mənada cavab vermir”.

Əli Bədir





Həftənin ən çox oxunanları