Yuxarı

İrandan "əzələ nümayişi”: Rejimin məqsədi nədir?

İrandan

İrandan

İndiyədək Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdən öz dövlətinə təhlükə hiss etməyən İran rəsmilərinin son addımları, sərhəd bölgələrində öz hərbi gücünü nümayiş etdirməsi bu dövlətin münaqişədə hansı mövqeni tutduğunu açıq şəkildə nümayiş etdirir.

Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumatda "İran İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank gətirməsi bildirilib.

Bu Güneydə yaşayan soydaşlarımızın da narahatlığına səbəb olub. Onlar sosial şəbəkələrdə tankların Təbriz - Mərənd istiqamətində aparıldığını əks etdirən videolar paylaşıblar. Tankların hansı istiqamətdə yerləşdiriləcəyi müzakirə doğursa da, qonşu ölkə tərəfindən rəsmi açıqlama verilərək, İranın quru qoşunları ölkənin şimal-qərb sərhəd rayonlarında təlimlər keçirdiyi bildirilib. İran İslam Respublikası ordusunun Mətbuat Xidmətinin xəbərində bildirilib ki, təlimlərin məqsədi güc nümayiş etdirmək və döyüş hazırlığını artırmaqdır.

Tədbirdə piyada və artilleriya bölmələri ilə yanaşı, pilotsuz təyyarələr də iştirak edib. Təlimlərin hansı ölkələrlə sərhəddə keçirildiyini, eləcə də Qarabağda və ətraf rayonlarda gərginliyin artması ilə əlaqəli olub-olmadığını açıqlamayıb. Ancaq məlumdur ki, İran Şimal-Qərbdən, Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.

Məhz Azərbaycanın öz torpaqlarını azad etdiyi və sərhəd xəttinin bərpa olunduğu bir zamanda İranın narahatlığına nə səbəb olub?

Siyasi elmlər doktoru Vüqar Zifəroğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran tərəfi rəsmi olaraq, Şimal-Qərb rayonlarında hərbi təlimlərə start verməsi haqqında məlumat yaysa da, bu addım təsadüfü hesab oluna bilməz:

"Hazırda Qarabağda aktiv əməliyyatların getdiyi, Azərbaycanın işğal altında olan ərazilərini azad etdiyi, İranla dövlət sərhədlərinin Azərbaycanın nəzarətinə keçdiyi bir məqamda belə bir hərbi təlimlərin başlanması İranın bölgədə bir əzələ nümayişi kimi qiymətləndirilə bilər. İran maksimum dərəcədə həm öz xalqına, həm də beynəlxalq auditoriyaya göstərmək istəyir ki, burada var, proseslərə biganə deyil və müəyyən mənada hərbi potensialını nümayiş etdirməyə çalışır. Amma hesab edirəm ki, buna heç bir ehtiyac yoxdur. Çünki İran bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkədir. Daha yaxşı olardı ki, ölkənin rəsmiləri bundan sonrakı fəaliyyətlərində İran tərəfinin Ermənistana müəyyən yardımlar etməsi ilə bağlı rəsmi və qeyri-rəsmi məlumatlarla bağlı bir ölçü götürsünlər”.

Son 10 gün ərzində Güney Azərbaycanda İranın Ermənistana yardım etməsinə etiraz olaraq, İran-Ermənistan gömrük nəzarət məntəqəsinin bağlanması tələbi ilə aksiyaların keçirildiyini xatırladan politoloq İran tərəfinin təlimlərinin bu aksiya təşkilatçılarına da mesaj hesab etdiyini bildirib.

İranın bu addımları ölkənin Ermənistanı öz müttəfiqi hesab etməsinin göstəricisi sayıla bilərmi?

Vüqar Zifəroğlu deyir ki, İran regionda güclü və aparıcı ölkə olaraq hər zaman Qafqazda baş verənlərlə bağlı müəyyən mənada maraqlı tərəf kimi çıxış edir:

"İran dövlətinin bu proseslərdə bəzi hallarda mövqeyi - Azərbaycanın ərazi bötövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatların verilməsi, bununla bağlı İranın ruhani idarəsinin açıqlamaları - bizi qane etsə də, praktik addımlarda bizi məyus edən addımlar da çox olub. O cümlədən də İranın Ermənistanla sıx təmasları, iqtisadi, sosial, qeyri-rəsmi məlumatlara görə isə hərbi əməkdaşlığı bizi qane etməyib. Hər halda Qarabağda torpaqlarımızın bir hissəsi işğal azad edilib, İran-Azərbaycan sərhədi bərpa olunub, ümid edirik ki, bunlar yaxın gələcəkdə İranın da bir çox məsələlərə baxışını dəyişəcək”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları