Yuxarı

Etnik separatizmə dəstək: Kreml "odla oynayır”

Etnik separatizmə dəstək: Kreml

Etnik separatizmə dəstək: Kreml

Sentyabrın 27-dən sonra Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etmək üçün başladığı əks-hücum əməliyyatlarına Rusiya öz təmkinli mövqeyini nümayiş etdirsə də, son vaxtlar fərqli davranış müşahidə olunur.

Kreml artıq öz birtərəfli mövqeyini ortaya qoyur. Rusiya Minsk Qrupundakı həmsədr dövlət kimi beynəlxalq hüququn tələblərinə əməl etməkdənsə, işğalçı Ermənistanın mövqeyini dəstəkləyir və onu sonuncu dəfə xilas etməyə çalışır.

Əslində, Rusiyanın bu mövqeyi 30 il ərzində münaqişənin "dalana dirənməsinin", həll olunmamasının səbəbini də açıqlayır. Lakin bütün hallarda Rusiyanın bu mövqeyi beynəlxalq hüquqa ziddir və Kreml Azərbaycanın ərazisində gedən hərbi əməliyyatlara heç cür müdaxilə edə bilməz. Rusiya bu siyasəti ilə sadəcə, öz əsl üzünü nümayiş etdirir. Rusiyanın Qafqazda ədalətsiz mövqeyi və işğalçılıq siyasəti, digər münaqişə ölkələrini də ona qarşı qaldırır.

Üstəlik Azərbaycanın öz torpaqlarını 30 illik nəticəsiz danışıqlar prosesindən sonra hərbi yolla azad etməsi digər dövlətlərə də nümunə olacaq. Bu isə Rusiyaya heç də yaxşı gələcək vəd etmir. Moskvanın 33 il öncəki ədalətsiz siyasəti "Xalqlar həbsxanası” adlandırılan SSRİ-nin dağılması ilə nəticələndi.

Bəs bu gün Kremlin ermənipərəst mövqeyi Rusiya Federasiyasına nə vəd edir?

Poltoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında bildirib ki, Rusiyanın növbəti ədalətsiz mövqeyi onun gələcəyini təhlükə altında qoyur:

"Dünyanın əksər sosioloji mərkəzləri Rusiyanın gələcəyini çox dumanlı görürlər. Rusiyanın bir çox yerlərdə- Suriyada, Liviyada hərbi əməliyyatlara baş vurması, Gürcüstana, Ukraynaya qarşı törətdiyi işğalçı siyasət dünya tərəfindən pislənmək yanaşı, eyni zamanda Rusiyanın özünün gələcəyi üçün də ciddi problemlər yaradacağı bildirilir. Hazırda Rusiya Qərbin tətbiq etdiyi ciddi sanksiyalar altında yaşayır. Təkcə rus müxalifətinin lideri Navalnıya görə bu sanksiyaların sərtləşdirilməsi və Putinin özünə də tətbiq edilməsi haqqında fikirlər var. Qaldı Cənubi Qafqazda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, Rusiyanın tez- tez müdaxiləsinə və beynəlxalq huquqa, dövlətlərarası münasibətlərə zidd olan tələblər irəli sürməsinə, bu ciddi narahatlıqlar yaradır. Rusiya gah Kəlbəcər ərazisində vurulmuş raketlər kompleksini araşdırmaq üçün mütəxəssislər göndərdiyini bəyan edir, gah cəbhəboyu hərbi müşahidəçilər yerləşdirəcəyini bildirir. Demək olar ki, hər gün də Azərbaycandan atəşi dayandırmağı və Moskvada razılaşdırılmış atəşkəs rejiminə əməl etməyi tələb edir. Halbuki hər dəfə atəşkəs rejimini pozan Ermənistandır”.

Ekspert hesab edir ki, Azərbaycan və Türkiyənin möhkəm dayanması ilə Rusiya bu ədalətsiz mövqeyindən daşınacaq:

"Bir müddət özünü təmkinlə aparan Rusiya, indi Azərbaycanı açıq şəkildə şantaj və təzyiq altında saxlamağa çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə Putinə telefon açdı və sözügedən məsələ haqqında danışdılar. Açığını deyim ki, danışıqların məzmununu tam bilməsək də Rusiyanın Azərbaycana müdaxilə etmək niyyətini bilən Türkiyə Putinə başa salmağa çalışıb ki, əgər siz Azərbaycan ərazilərinə müdaxilə etsəniz qarşınızda bizi görəcəksiniz. Yəni bölgəni yenidən çalxalayan, daha genişmiqyaslı qarşıdurmalara aparan Rusiya, indi açıq sürətdə Ermənistan tərəfindən çıxış etməyə çalışır. Halbuki, indiyədək Ermənistana göndərilən bütün silahlar və digər mövhumatlar, o cümlədən Gümrüdəki 102 hərbi alayının da İrəvanın sərəncamına verilməsi bəs deyilmiş kimi, Rusiya indi daha açıq şəkildə başqa dövlətlərin işinə qarışmağa, oraya əsgər göndərməyə hazırlaşır. Bütün bunlar Rusiyanın özü üçün çox təhlükəli haldır. İnanıram ki, Türkiyə və Azərbaycanın möhkəm dayanması nəticəsində bu addımlar atılmayacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları