Yuxarı

Ermənilər beynəlxalq məhkəməyə veriləcək

Ermənilər beynəlxalq məhkəməyə veriləcək

Ermənilər beynəlxalq məhkəməyə veriləcək

Ermənistan bütün beynəlxalq konvensiyaları ayaq altına altına ataraq, mülki əhalini qətlə yetirməkdə, mülki obyektləri dağıtmaqda davam edir.

Düşmən tərəfin təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub. Bu beynəlxalq təşkilatların diqqətinə çatdırılır, beynəlxalq tədbirlərdə dilə gətirilir.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) videokonfrans formatında keçirən iclasında da Baş prokuror Kamran Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın beynəlxalq hərbi qaydalara zidd davranışlarını iclas iştirakçılarının nəzərinə çatdırıb.

Beynəlxalq tədbirdə iclas iştirakçılarının nəzərinə çatdırılıb ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı -Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutub.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, hazırda qeyd olunan faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 26 cinayət işi başlanıb, hazırda ərazidə həyati təhlükə olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bildirilib ki, 27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 148 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılıb.

Bütün bunlarla bağlı beynəlxalq təşkilatlara və məhkəmələrə rəsmi müraciət olunacaqmı? Ermənistanla bağlı hansı qərarlar verilə bilər?

Hüquqşünas Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mülki əhalinin qətlə yetirilməsi, mülki obyektlərə, mülkiyyətə ziyan vurulması ilə bağlı hər bir fakt üzrə cinayət işi qaldırılıb və istintaq gedir: "Yəqin ki, müharibənin gedişatından asılı olmayaraq, istintaq davam edəcək və yekunlaşacaq. Artıq beynəlxalq aləm də şahid oldu ki, müharibənin gedişatına rəhbərliyi Ermənistan edir. İstintaq zamanı da ittiham olunan tərəf Ermənistan olacaq. Ermənistanın strukturlarına qarşı beynəlxalq məhkəmələrdə iddialar irəli sürülə bilər. Aydındır ki, yerli məhkəmələrdə Ermənistan rəhbərliyini ittiham edə bilməyəcəyik. Yerli məhkəmələrdə ancaq Qarabağda Azərbaycan qanunlarından kənarda olan hərbi birləşmələr, onların üzvləri, rəhbərlərinə qarşı ittihamlar irəli sürülə bilər. Onların kimliyi məlumdur - qondarma Prezident, nazirlərin hər birinə qarşı qiyabi olsa da, ittiham elan olunacaq. Onların haqqında beynəlxalq axtarış elan olunacaq. Təbii ki, onlar yerli icraçılardır. Onlara göstəriş verənlər isə Ermənistanda oturanlardır. Buna görə də dövlət olaraq Ermənistana qarşı da iddialar qaldırılacaq. Bu isə beynəlxalq məhkəmədə mümkün olacaq”.

Hüquqşünas deyir ki, sənədlər toplanaraq, Avropa Məhkəməsinə göndərilməlidir: "Bu sahədə peşəkarlığı, təcrübəsi olan vəkillər cəlb olunmalıdır. Artıq Avropa Məhkəməsinin "Çıraqov” qərarı var. Məhkəmə orada Azərbaycanla olan hərbi konfliktlərdə Ermənistanı tərəf kimi tanıyıb. Bu çox gözəl presidentdir. İndi sübut etməyə də ehtiyac olmayacaq ki, Dağlıq Qarabağda inzibati idarəçiliyi Ermənistan həyata keçirir. Qətllər, dağıntılarla bağlı iddiaları nə qədər tez qaldırsaq o qədər yaxşıdır. Çünki Ermənistan bu hüquqi imkanlardan çox istifadə edir - Azərbaycana, Türkiyəyə qarşı iddialar qaldırıb. Buna görə də sənədləri tez göndərmək lazımdır. Əminəm ki, bunu peşəkarcasına etsək, gələcəkdə Ermənistandan kompensasiyalar tələb edə bilərik”.

Əsabəli Mustafayev deyir ki, ermənilər də iddia qaldıra bilər ki, Dağlıq Qarabağda da Azərbaycan tərəfinin açdığı atəş nəticəsində evlər dağılıb, amma bu, Azərbaycanın daxili işidir:

"Azərbaycan hökuməti oranı azad etdikdən sonra dağıntıları öz gücünə bərpa edəcək. Həmin dağıntılara görə də, hətta ermənilərin yaşadıqları evlərə görə də, orda həlak olmuş mülkü erməni əslilli şəxslərə görə də Azərbaycan Ermənistana qarşı iddia qaldıra bilər. Çünki həmin şəxslər hazırda etiraf etməsələ də, Azərbaycanın inzibati idarəçiliyindədirlər. Gələcəkdə istənilən halda onlar bu ərazilərdə yaşayacaqlarsa, Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Onlara dəyən ziyanın Azərbaycan və ya Ermənistan tərəfindən dəyməsinin heç bir fərqi yoxdur. İndidən onların hüquqlarının müdafiəsi üçün də Azərbaycan Avropa Məhkəməsində iddialar qaldırılmalıdır”.

Beynəlxalq məhkəmələrin qeyd olunan iddiaların təmin edəcəyi, Ermənistanın isə onları yerinə yetirməkdən imtina edəcəyi təqdirdə nə baş verə bilər?

Hüquqşünas deyir ki, Avropa Məhkəməsinin qərar çıxarması Azərbaycan üçün qələbə olacaq: "Bunun böyük siyasi anlamı var. Məhkəmənin qərarının yerinə yetirilməməsi ilə bağlı Ermənistana siyasi təzyiqlər olacaq. Avropa Şurası Nazirlər Komitəsi bundan ötrü Ermənistandan hesabat istəyəcək. Ermənistan qərarı yerinə yetirməməkdə israrlı olsa, ölkəyə qarşı sanksiyalar həyata keçirilə bilər. Bu Avropa Şurasından çıxarılmaqdan tutmuş, onun səsvermə hüququnun ləğvinə qədər ola bilər. Azərbaycanda da belə bir insident olub. İlqar Məmmədovun işi ilə bağlı gözlənilən sanksiyaların fonunda hökumət həmin qərarları yerinə yetirməli oldu. Əminəm ki, Avropa Şurasının Nazirlər Komitəsi Ermənistanı qərarları yerinə yetirməyə məcbur edəcək. Əks təqdirdə onu çox pis vəziyyət gözləyə bilər. Erməni diasporu da Ermənistana kömək edə bilməyəcək”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları